Kaş ki, təqvimlər kimi standartlar da üst-üstə düşəydi
Qardaş Türkiyə bu günlər dövlət, demokratik cəmiyyət olaraq tarixin yeni və ən sərt sınaqlarından keçməkdədir. Bir yandan həm də xarici məkrli güclərin əlində oyuncaq olan PKK adlı qanlı hörgütün terror hücumları, digər yandan həmsərhəd bölgələrdən ara verməyən İŞİD təhdidi və müsəlman-türk (türkmən) əhalinin təhlükəsizliyinə cavabdehlik, üçüncü yandan isə yeni hökumət problemi Türkiyə dövlətini heç vaxt olmadığı qədər çevik, effektli, ən önəmlisi, səhvsiz və risksiz addımlar atmaq zorunda qoyub.
Belə mürəkkəb və proqnoza yatmayan durumda Türkiyə dövləti üstəlik, qısa zaman kəsiyində erkən parlament seçkilərinə getməli, ölkə seçki ab-havasına köklənməlidir. Artıq tarix də demək olar, məlumdur – 1 noyabr.
Sözsüz, bu da bir demokratiklik göstəricidir ki, koalision hökumətlə bağlı səylər alınmadıqdan sonra məmləkət növbədənkənar seçkilərə gedir. Yoxsa ki, avtoritar, totalitar rejimlərdə nə koalision hökumət, nə erkən seçki, ümumiyyətlə, nə seçki? Hər şey xeyli öncədən, xalqın da, müxalifətin də əvəzinə ali iradə əsasında həll olunur, çıxıb gedir. Dünya da dağılmır. Amma və lakin…
Əmması da odur ki, belə rejimlərdə sabitlik demokratik ölkələrdəkindən fərqli olaraq sırf nisbi, formal xarakter daşıyır, aldadıcı olur və ilk yüngül sınaqdaca, birinci fors-major vəziyyətdəcə aradan gedərək, yerini xaosa, qan-qadaya verir. Suriyada üç ildir yaşanan faciəvi olaylar, vətəndaş müharibəsi, Bəşər Əsəd rejiminin aqibəti buna, hamıya əyani görkdür.
Əksinə, demokratik, hakimiyyətləri seçki yolu ilə vaxtaşırı dəyişən ölkələrdə xaos yaratmaq faktiki, mümkünsüzdür. Siz heç oturuşmuş demokratik dövlətlərdə belə şey görmüsünüz? Olmayıb. Odur ki, Türkiyə üçün nə qədər çətin olsa da, başqa yol da yoxdur.
Ən məqbulu, ən etibarlısı və ən zəmanətlisi məhz elə tarixin sınağından, təcrübədən uğurla çıxmış demokratik seçkilər yodudur. Uinston Çorçillin təbirincə desək, “demokratiya ideal siyasi sistem deyil, ancaq nə edəsən ki, bəşəriyyət hələ ki, bundan yaxşısını tapa bilməyib”.
Əfsus ki, Azərbaycan da daxil, bir sıra ölkələr bəşəriyyətin ən son nailiyyətindən – ən etibarlı idarəetmə formasından istifadə eləməyə tələsmir. Bəşəriyyətin texnoloji inkişaf sahəsində nailiyyətlərindən (maşın, televiziya, mobil cihazlar, internet və s). məmnuniyyətlə istifadə edirlər, di gəl, azad və demokratik seçki ənənəsinə can atmırlar. Daha doğrusu, bu ölkələrin hakimiyyətləri can atmırlar.
Halbuki, konkret olaraq Azərbaycanın vaxtilə seçki təcrübəsi də olub. Cümhuriyyət dönəmini nəzərdə tuturuq. O vaxt Azərbaycan Demokratik Respublikasında nəinki Şərqdə ilk dəfə, hətta ABŞ-dan da öncə qadınlara seçib-seçilmək hüququ verilmişdi.
İndi nə oldu bəs, “toyuq yumurlamadı, bəs fal necə oldu?” Bəlkə heç olmasa, “falı yerinə qoyaq” və nəhayət, 24 ildir müstəqil olan, üstəlik Cümhuriyyətin varisi sayılan Azərbaycanda az-çox beynəlxalq standartlara uyğun bir parlament seçkiləri keçirək? Qoy o böyük kişilərin ruhu da şad olsun…
*****
Bunun üçün indi əlavə stimul da var – Türkiyədəki parlament seçkiləri: Azərbaycanda da seçkilər eyni tarixə – noyabrın 1-ə təyin edilib. Kaş ki, təqvimlər kimi seçki standartları da üst-üstə düşəydi. Demirikmi ki, “bir millət – iki dövlətik”? O zaman buyurun, bu meydan, bu da şeytan. Seçkiləri də bir-birinə oxşadın.