İndiyədək nikaha daxil olmaq istəyən 33412 nəfər müayinədən keçirilib.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfər tibbi müayinəyə cəlb edilir.
Onu da qeyd edək ki, ölkədə il ərzində orta hesabla 85-90 min nikah qeydə alınır.
Nikaha daxil olmaq istəyənlər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçirlər.
Analizlərin nəticələri ilə bağlı tərəflərə ayrı-ayrılıqda məlumat verilir. Yalnız hər iki tərəfindən yazılı razılığından sonra nəticələr açıqlana bilər.
Tərəflərdən hər ikisi talassemiya daşıyıcısı olduğu halda onlara məsləhətlər verilir. Talassemiya daşıyıcıları praktiki sağlam sayılırlar. Amma iki daşıyıcının uşağının xəstə doğulma riski var. Bu risk doğuş zamanı 25 faiz təşkil edir. Hazırda Azərbaycanda daşıyıcıların tezliyi 8 faizdir. Hər 12 nəfərdən 1-i isə talassemiya daşıyıcısıdır.
Azərbaycanda hazırda 3 minə yaxın talassemiya xəstəsi var.
Siflis, HİV/QİÇS xəstəliyinə yoluxan şəxslərə də tibbi və psixoloji yardımlar təklif edilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 1-dən nikaha daxil olmaq istəyənlər məcburi tibbi müayinəyə cəlb olunurlar.