Misal üçün, sabah ölkəmizin iki ən yaxşı futbol klubu olan “Qarabağ”la “Qəbələ” Bəhramov stadionunda oynasa, tribunalara avqustun 27-də olduğu qədər azarkeş gələcəkmi? Gəlməyəcək. Hətta yarısı qədər gəlməyəcək.
Niyə? Necə olur ki, bir həftə öncə gəlirlər, bir həftə sonra gəlmirlər? Ona görə ki, bu, iki klubun öz arasında oynadığı matçdır, sırf futbol hadisəsidir.
Ancaq “Qarabağ”, yaxud “Qəbələ” başqa bir ölkənin komandası ilə oynayanda bu, futbol hadisəsi olmaqdan çıxır, milli məsələ xarakteri alır. Stadiona gedənlərin mühüm bir hissəsi isə əslində fanatik futbol azarkeşi deyil, milli təəssübkeşlik hissi güclü olan insanlardır.
Son illərdə “Qarabağ” ona görə ümummilli komanda səciyyəsi alıb ki, Avropa klubları ilə oynayır, ölkəmizi təmsil edir və serial şəkildə uğurlar qazanır.
Azərbaycan azarkeşləri bir neçə il idi ki, əsasən “Qarabağ”ın gözəl oyunu sayəsində qələbə tamarzılığına son qoya bilirdi, indi “Qəbələ” də ona qoşulur.
Artıq iki ildir ki, “Qarabağ” Bakını zaman-zaman Milana, Barselonaya döndərir. Oyun günləri şəhərin mərkəzində böyük qələbəlik, coşqu olur. Xüsusilə də qazanılmış qələbədən sonra ölkənin, paytaxtın havası dəyişir. Gənclər mərkəzi meydanlarda bayram havası yaradırlar. Belə epizodları biz bir neçə il öncəyədək televiziyada görürdük. İndi Bakıda görürük, iştirakçı oluruq.
Əslində futbol nədir ki? İdman oyunudur. 22 kişi yuvarlaq meşinin arxasınca ora-bura qaçır, onu üstündə tir olan iki dirəyin arasından keçirəndə sevinir, atılıb düşür, minlərlə də insan onlara qoşulur.
Yəni futbola belə də yanaşmaq olar, bir millətin, xalqın gücünün, qeyrətinin sınaq meydanı, iradəsinin, təpərinin meyarı kimi də.
Futbol oynamağı yaxşı bacaran güclü millətlərin, dövlətlərin hamısı futbola ikinci prizmadan yanaşırlar. Bəzi ölkələrdə məğlubiyyətdən sonra şəhərdə qarışıqlıq düşməsi bu üzdəndir. Onlar 11 futbolçunu meydanda xalqın adı üçün “yaxşı döyüşməmək”də qınayır, “millətin adını batırmaq”da suçlayır və onları linç etmək istəyirlər. Dünən Yunanıstanın paytaxtı Afinada da eyni durum yaranmışdı. Çılğın yunanlar “Panatinaikos”un “Qəbələ” tərəfindən Avroliqadan ələnməsinə görə öz oyunçularını döymək istəyirdilər.
Çünki onlar hesab edirlər ki, bu məğlubiyyət yunan xalqının reputasiyasına, ölkə idmanının ad-sanına zərbədir. Futbol fanatları bu idman növünü az qala hərbi güclə eyniləşdirir, bəzən idman qələbəsini hərbi zəfərə bərabər tuturlar.
Təsadüfi deyil ki, heç bir ölkə futbolda öz tarixi düşməninə, vaxtilə müharibə apardığı dövlətin komandasına məğlubiyyətə sakit yanaşa bilmir. İtalyanların fransızlarla, almanların ingilislərlə, ispanların digər qüdrətli dövlətlərin komandaları ilə oyunlarının olduqca prinsipial səciyyə daşıması həm də bu üzdəndir.
Müasir dünyada futbolu o millətlər daha güclü oynayırlar ki, onlar vaxtilə güclü xalq olublar, hərb meydanında iz qoyublar, imperiyalar qurublar. Siyahıya baxaq: İngiltərə, İspaniya, Almaniya, Fransa, Hollandiya, Portuqaliya, İtaliya, Türkiyə, Rusiya…
Hazırda Yaponiya və ABŞ-da da futbol sürətlə inkişaf etməkdədir. Tarixən müstəmləkə olmuş ölkələrdə isə futbol zəifdir.
Keçmiş sovet müstəmləkəsi olan ölkəmizdə də milli futbol hələ indi-indi, o da bu təsərrüfata ayrılan vəsaitin və diqqətin hesabına inkişaf etməkdədir.
Sovet dövründə ölkəmizin milli komandası halına gəlmiş “Neftçi”ni autsayderlər sırasında görməyə o qədər vərdiş etmişdik ki, ölkə insanı futbola ikrahla yanaşırdı. Çünki insan psixologiyası silsilə məğlubiyyətlərə tablaşmır, ona etiraz edir.
Bir ara az qala minlərlə adam təkrar-təkrar deyirdi ki, əgər futbolda bir uğur əldə edə bilmiriksə, ən yaxşısı bunu oynayıb ölkənin adını biabır etməməkdir.
Yaxşı ki, futbolumuz bu qara zolaqdan çıxdı.
Etiraf edək ki, bu, böyük ölçüdə neft bumu ilə bağlı oldu. Ölkəyə gələn böyük pulların bir hissəsi futbol təsərrüfatında infrastrukturların inkişafına, futbol klublarına yaxşı əcnəbi mütəxəssislərin, futbolçuların cəlb edilməsinə, uşaq futbolu məktəblərinin yaradılmasına yönəldildi və onun nəticəsi yavaş-yavaş görünür.
Ancaq vaxt vardı, oyunçuların topu 18 metr məsafədən qapıya vurmağa heyi olmurdu, meydanda cəmi 60 dəqiqə qaça bilir, yerdə qalan yarım saatda sürünür, nəticədə 10:0 hesabıyla uduzurdular.
Ümid edək ki, o cür alçaldıcı məğlubiyyətlər arxada qalıb.
İdmanın, futbolun ölkə iqtisadiyyatına, camaatın güzəranına faydasına gəlincə, bir sıra ölkələrdə idman təsərrüfatından dövlət büdcəsinə xeyli vəsait daxil olur. Bu istiqamətdə də çalışmaq lazımdır ki, futbol təkcə əyləncə növü olaraq qalmasın.