“Bizim polkovnik ümumiyyətlə ”Praqa rəsmi qəzetini” də oxumağı əsgərlərə qadağan elədi. Əsgər dükanında hətta sosis və pendiri qəzetə bükmək qadağan olundu. Elə bu çağdan da əsgərlər oxumağa başladılar. Bizim alay dərhal ən oxumuş alay oldu. Biz əlimizə nə keçsə oxuyurduq, hər bölükdə polkovnik haqda şeirlər və mahnılar yazılırdı”
(Yaroslav Qaşek, “İgid əsgər Şveykin macəraları”)
***
Öncə Sabir Urufzadə adlı oxucumuzun məktubunu dərc edək, həm çoxdandır poçtumuzda yatır, həm də uca millətimizi yaxından tanımaq üçün xeyli önəm daşıyır:
“1971-ci ildə cənub rayonlarından birinə təzə raykom katibi qoyulur, bu katib dağ kəndlərinə gəzməyə çıxır. Yolda bir dağ çayına çatırlar, sürücü xahiş edir hamı düşsün, çayı keçib təzədən minərlər, çünki maşının gücü çatmır. Düşürlər, çayı keçəndə bir kolxoz sədri raykom katibinə deyir ki, yoldaş katib, xahiş edirəm belimə minin, sizi o taya keçirim, ayaqqabılarınız batmasın. Katib öncə imtina edir, amma səfər yoldaşı olan başqa sədrlər də xahiş edir, deyirlər, əşşi, cavan oğlandır, nə var burda, qoy sizi keçirsin o taya. Nə isə, katib minir sədrin belinə, çayı keçirlər. Sən demə, lotular bu səhnəni qabaqcadan fikirləşiblər, fotosunu gizli çəkdirib o vaxtkı 1-ci katib Heydər Əliyevə göndərirlər. Belə də şərh yazırlar ki, katib bizi minib çapır: ”Sizin göndərdiyiniz katib kolxoz sədrlərini minib kəndbəkənd gəzir”. Bundan sonra Əliyev məcbur olur katibi işdən çıxardır”.
Doğrudan da unikal millətimiz var. İnsan qürur duyur. Örnək üçün, bugünlərdə Tarif Şurası dərman qiymətlərinin ucuzlaşdırılması haqda qərar veribdir. Ancaq həmin ucuz dərmanları yalnız AZAL-ın ucuz biletlərindən yararlanmış şəxslərə satırlar. Zarafat edirəm. Hərçənd doğrudan da bizdə ucuzlaşma nəsə gözəgörünməz şəkildə olur. Elə bil yapistlərin möcüzəli eynəkləri var, ancaq onlar ucuzluğu görür. Biz isə ancaq bahalaşmanı görürük. Belənçik əsrarəngiz ölkədir.
Mövzumuza o qədər dəxli yoxdur, ancaq ağlıma gəlib, yazıram, əcəb eləyirəm. Demək, iki-üç gün qabaq İstanbulda bir irlandiyalı turistlə camaat dalaşıb, turist boksçu çıxıb, vurub xeyli adamı bir-birinə. Özünün də qolu sınıb. Mən həmin davaya internetdə baxanda fikirləşmişdim bu irlandiyalılara əcəb olur, “Uliss” əsərini yazıb dünyanın başını xarab edən millət elə döyülsə yaxşıdır. Dünən mən bu turistin intervüsünə baxdım, məlum oldu bu qardaş heç əsl irlandiyalı deyil, ərəb əsilli biridir. Hətta Küveytdə dünyaya gəlibmiş. Dərhal yadıma bizim cəbrayıllı turist, Avropa Oyunlarının yaraşığına çevrilmiş Ceyms Bonar Cocuqmərcanlı düşdü. Görəsən, niyə belə olur? Bəlkə bir millət iki dövlət olmağımız üzündəndir?
Gərək millət öz tarixini unutmasın, yoxsa təkrar yaşayır. Bunun birini təzə kəşf eləmişəm. Biz orduda baş verənlər, cəbhə xətti haqda demək olar məlumatsızıq. Xüsusən keçən ilin yayından bəri Zakir müəllimin idarəsi Prezident Administrasiyası ilə birgə bu sahəyə blok qoymuşdur. Nə xəbər versələr, gərək ona inanaq. Misal üçün, desələr İrəvanı almışıq, inanmağa məcburuq. Desələr axırıncı ermənini də vurduq, yenə inanmalıyıq. Ta kiminsə bu xəbərləri yoxlamağa ixtiyarı, imkanı yoxdur. Millətin öz ordusundan bu cür xəbərsizliyinin örnəyi sizcə hansı kitabda var? “Kitabi-Dədə Qorqud” dastanında! Orda “Salur Qazanın evinin yağmalanması boyu” hissəsində kafirlər gəlir Qazanın evini-eşiyini talayıb aparır, bu isə sudan, köpəkdən, qurddan öz ordusunu soruşur. Gəlin qurddan soruşduğu yeri oxuyaq:
“Qaranqu axşam olanda vaf-vaf hürən,
Acı ayran töküləndə çap-çap içən,
Gecə gələn xırsızları qorxudan, ….
… Ordumun xəbərini bilirmisən, degil mana,
Qara başım sağlığında eyiliklər edəm, köpək, sana.
Qaranqu axşam olanda günü doğan,
Qar ilə yağmur yağanda ər kimi duran, …
… Ordumun xəbərini bilirmisin, degil mana,
Qara başım qurban olsun, qurdum, sana”.
Yəni öz silahlı qüvvələri üzərində monitorinq aparmağı itə-qurda həvalə eləmək bu xalqın adətidir. A kişi, sən özün necə sərkərdəsən? Qurd cəhənnəm, bunun totemi-zadı var, hesab edək qutsal heyvandır, adam da köpəkdən ordusunun yerini soruşar? Hələ sudan… Bəlkə su gəlmədi, Bakıda Zığda yaşadın – ordunu nədən soruşacaqsan?