Bax, maraqlı xəbər, aktual yenilik budur: “Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti üçün icazə almaq lazım olacaq”. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə özü deyib. Hazırda danışıqlar aparılır, iş başa gələndən sonra şərtlər-filanlar da açıqlanacaq.
Çoxdan gözlənilirdi. Ara-sıra məmurlar, hökumət adamları qımıldanırdılar, sosial şəbəkələrdən gileylənirdilər, hiss olunurdu ki, xirtdəyə yığılıblar. Budur, gəldi bahar fəsli…
Yayılan xəbərdə göstərilir ki, bəzi çat (yəni messencer) xidmətlərinin də fəaliyyətinə icazə almaq lazım gələcək. Amma heç kəs bundan narahat olmasın. Bu, elə də ciddi məsələ deyil, hədəf sosial şəbəkələrdir.
Hərçənd məsələyə milli təhlükəsizlik, dövlətçilik prizmasından yanaşsaq, xaricə gedən yazılı və səsli mesajlara da nəzarət olmalıdır. Allaha şükür, indi hamının xaricdə (o cümlədən daxili məhbəsdə) qohumları var və bütün günü Skype-də görüntülü danışırlar. Bu danışıqlarda, kim bilir, nə qədər dövlət sirri ora-bura dağılır. Bədxahlar bundan istifadə edə, toplayıb düşmən dəyirmanına su tökmək üçün faydalana bilərlər.
Məsələn, Hollandiyadakı bacısı ilə 3-4 saat ərzində dayanmadan danışan bir qadın (kişilər 3-4 dəqiqə danışır, “salam-sağ ol” edir, söhbəti bitirirlər, amma qadınlar ən azı 3 saat danışmalıdırlar – minimal standart belədir) ölkədəki ictimai-siyasi durum və psixoloji ovqat barədə özü də bilmədən müfəssəl məlumat verir. Düşmən də yatmayıb axı, qulaq asır. Sizi inandırıram ki, biri xaricdə, biri ölkədə yaşayan iki bacının söhbətinə hövsələ eləyib sona qədər qulaq asan kəşfiyyatçı həmin ölkənin daxili vəziyyəti haqqında bir fleş-kart dolusu məlumat əldə edə bilər.
Buna bir nəzarət lazımdır, ya yox? Bəlkə də indiyədək o Skype danışıqları milli, iqtisadi, siyasi, ictimai təhlükəsizliyimizə nə qədər ziyan vurub, bilməmişik. Amma atalar necə deyib? Ziyanın yarısından qayıtmaq da xeyirdir.
İndi keçək sosial şəbəkələr söhbətinə. Sosial şəbəkə deyiləndə hamımızın ağlına “Feysbuk” gəlir, bizim camaat “Tvitter”ə o qədər də maraqlı, həvəsli deyil. Deyirlər, bundan əvvəl “Odnoklassniki” dəb imiş, ora da camaat, populyar ifadə elə desək, “qız tutmaq” üçün girirmiş. Bu xüsusda dəqiq statistika yoxdur, bəlkə də “Odnoklassniki”də “ər tutanlar” faiz etibarilə “qız tutanlar”dan da çoxdur, amma adı belə çıxıb.
Əlbəttə, hökumətin “ər tutanlar”la, “qız bişirənlər”lə elə bir problemi yoxdur, yəqin ki, bu məsələyə savab prizmasından baxırlar, amma “Feysbuk” başqa bəladır.
Bu sosial şəbəkə populyarlaşandan hamı jurnalist və şərhçi olub. Kimin 5 min “dost”u var, kefi istəsə səhifə yaradıb “yazar” ola bilir və öz dərin ictimai-siyasi düşüncələrini, fəaliyyətini yazır, “dost”larıyla paylaşır.
20 ilə qəzetləri döyə-döyə, məhkəməyə verə-verə, məhbəsə basa-basa birtəhər yumşaldan hökumət “Feysbuk”da minlərlə “yazar”ın əmələ gəlməsindən əndişəlidir. Yazdıqları statuslara görə onların hamısını bir-bir, iki-bir tutsalar, Kürdəxanı təcridxanası onları tutmayacaq, gərək Suraxanıda, Balaxanıda yeni türmələr tiksinlər (Novxanıda bir sot yer qalmayıb artıq, həm də bu kəndin havası türmə üçün yaramır).
Belə olanda ən yaxşısı suyu dəhnədən kəsməkdir. Birdəfəlik “Feysbuk”u nəzarətə götürürsən, lazım gələndə açırsan, xoşun gəlməyəndə bağlayırsan, dəcəllik edən səhifə yiyələrini bloklayırsan, qurtarıb gedir. Bir var, sarsaqladığına görə tutub adamın ağız-burnunu dağıdasan, bir də var, səhifəsini dağıdasan. Çox fərqi var. Səhifə dağılmasına görə heç bir məsuliyyət yoxdur, amma “yazar”ın ağız-burnunu, eləcə də başqa həyati vacib əzalarını dağıdanda beynəlxalq təşkilatlar tökülüşür, demokratiyanın, azadlığın boğulmasından danışırlar.
Hələ hirsli bibioğlular məsələsi var. Öyünmək olmasın, mənim 12 bibioğlum var, yalnız ikisi “Feysbuk”dadır, onlar da dalaşqan adam deyillər. Amma eləsi var ki, həm əsəbidir, həm də gəncliyində idmançı olub, görsə ki, burda mənimlə söz güləşdirən var, gəlib adamın dalağını partladar, ara yerdə məni də tutarlar.
Neçə vaxtdır, bu işə görə əndişəliydim, nazirin bu müjdəsindən sonra ürəyimə su səpilmiş kimiyəm. Eşq olsun. Nəzarətə götürün, canımız rahat olsun.