AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi.
– Futbolumuzda xeyli problemlərin olduğu bir dövrdə iki komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu uğuru gözləyirdinizmi?
– Əlbəttə. “Qarabağ” və “Qəbələ” bir daha sübut etdi ki, Avropada Azərbaycan futbolu da var. Çox sevinirik ki, qrup mərhələsində belə bir güclü komandaları Azərbaycana gətirəcəyik. İstər-istəməz futbolumuzun nüfuzu artacaq. Müxtəlif futbol məktəblərinin nümayəndələri ölkəmizə gələcək. Hesab edirəm ki, qrup mərhələsində də nəyə qadir olduğumuzu sübut edəcəyik.
– Hər iki komandamıza güclü rəqiblər düşüb. Sizcə, təmsilçilərimiz uğurun davamını qrup mərhələsində də gətirə bilərlər?
– Belə bir rəqiblərə qarşı mübarizə aparan komandalarımız böyük bir sınaqdan keçəcək. Biz bu günü çoxdan gözləyirdik. Gözləyirdik ki, Azərbaycan öz futbolunu Avropada lazım olan şəkildə təqdim edə bilsin. Biz bunu tədricən həyata keçiririk. Bu gün bizdən bir çox Avropa klubları çəkinir. Milli komandamız demək olar ki, “Qarabağ” və “Qəbələ”nin futbolçularından ibarətdir. Biz həm də buna sevinirik. Rəqiblərin hər biri güclüdür, amma biz artıq heç bir komandadan çəkinməməliyik.
– “Qarabağ”ın rəqibləri daha güclüdür. Komandamızın “ölüm qrupu”na düşdüyünü demək olar?
– “Qarabağ”ın üstünlüyü ondadır ki, onlar çətin bir duruma düşəndə özünü toparlayır, özündə güc tapır, və nəyə qadir olduğunu ortaya qoyur. Mən onunla razılaşmıram ki, “Qarabağ” öz qrupunda kimdənsə zəifdir. Qurban Qurbanovun komandası çoxdan arzuladığımız oyunla Avropaya səs salır. İnanıram ki, qrup mərhələsində də komandamız öz oyun dəsti-xətti ilə gücünü göstərəcək.
– “Qəbələ”nin rəqiblərini necə dəyərləndirirsiniz, bu komandamızdan qrup mərhələsində nə gözləyirsiniz?
– “Qəbələ” ilə Yunanıstanda bir yerdə oldum. Rəhbərliklə söhbətimdə bildirdim ki, bu uğurlar planlı işin bəhrəsidir. Komanda təsnifat mərhələsinin oyunlarında çox çətin durumlara düşsə də, özündə güc tapıb vəziyyət çıxırdı. Bu gün biz “Qəbələ”də mübariz bir kollektiv görürük. Bu komandanın zamana ehtiyacı var. Əgər deyiriksə, “Qarabağ”ın tam komplektləşmiş heyəti var, bunu “Qəbələ”yə şamil edə bilmərik. “Qəbələ” mübariz, nizam-intizamlı bir kollektivdir. Ancaq inanıram ki, getdikcə “Qəbələ”nin oyununda da dəyişiklik olacaq, güclü bir Avropa klubuna çevriləcək.
– “Qəbələ” Avropa Liqasında dörd mərhələ keçərək qrupa düşən ilk Azərbaycan klubu oldu. Sizcə, bu uğur sırf mübarizliyin nəticəsidir?
– Bəli. Bundan əlavə komandada yüksək nizam-intizam var. Ancaq Avropada tək bu göstəricilərlə uğur qazanmaq çox çətindir. Qrup mərhələsində də uğur qazanmaq istəyirlərsə, qarşıdakı vaxtdan səmərəli istifadə etmək, bəlkə də müəyyən transferlər həyata keçirmək lazımdır. Bu gün “Qəbələ”də Avropa oyunları zamanı matçın taleyini həll edə bilən futbolçular azdır. Bunu son oyunda da gördük. Qriqorçuk “Panatinaikos”la görüşdə cəmi bir əvəzləmə etdi.
– Cavid Hüseynovun yoxluğu nə dərəcədə hiss olunur?
– Cavid Hüseynov olanda “Qəbələ”nin oyununda ayrı-ayrı rənglər hiss olunurdu. Bu gün Cavid kimi futbolçuya ehtiyac var. Cavid olanda “Qəbələ” daha güclü təsir bağışlayırdı. Onun yoxluğu hiss olunur. Komanda yoldaşları çalışırlar ki, onun yoxluğunu hiss etdirməsinlər. Ancaq bir peşəkar kimi deyə bilərəm ki, “Qəbələ” Cavidlə daha baxımlı futbol oynayırdı.