Qəzetin müxbiri baş nazirin mətbuat katibinə deyir ki, mən baş nazirdən intervü almaq istəyirəm. Yetərincə normal bir istəkdir. Bütün dünyada baş nazirlər intervü verirlər. Amma bizim baş nazir nəinki dinozavrlarla yaşıddır, üstəlik, intervü verməyi, danışmağı bacarmır. Bəlkə də o, hələ dil açmayıbdır. Yəni, Homo erectus olmasına şübhə yoxdur, lakin danışa bilmir.
Ancaq gəlin görək baş nazirin mətbuat katibi, keçmiş aktyor, uca millətimizin qan yaddaşında daha çox “Tütək səsi” kinosunda tualetdə oturan Şöşüyə “Şöşübala, nə oldu, qurtarmadın?” deməsi ilə qalan Akif müəllim baş nazirin intervü verməkdən imtinasını necə əsaslandırmışdır. Yaxşı oxuyun, kəsib saxlayın, gələcək nəsillər bizim necə karikatur dövlətdə yaşadığımızı görsünlər: “Əgər o, prezidentin tapşırığını icra edirsə, öz adından nələr desin? O, dövlətin işini aparan adamdır. Dövlətin ümumi iqtisadi siyasəti var, bu siyasət də prezidentin nəzarəti ilə həyata keçirilir. Baş nazir də sadəcə icra edir… Özün bilirsən, çox ziyalı bir adamdır, dərin ziyalı bir nəsildəndir, özü də Azərbaycan dövləti və hökuməti üçün ömrü boyu çalışan adamdır”. Sitatın sonu. Ta bu arqumentə qarşı nə deyəsən? Adam qızıl-qırmızıca etiraf edir ki, Azərbaycanda avtoritar rejimdir, yalnız bir adam danışa bilər (Bu haqda az sonra).
Üstəlik, Artur müəllimin ziyalı və ya qeyri-ziyalı olmasının onun baş nazir vəzifəsini tutmasına nə dəxli var? Ziyalıdırsa, getsin xalq artisti adı alsın. Şeir yazsın. Anar müəllim kimi qəlyan püskürtsün. Fikrət Qoca kimi meyxana desin. Nə bilim, Habil Əliyev olub kaman sürtsün. Bizim ölkədə ziyalıların məşğuliyyət sahələri konkret ayrılmışdır. Hətta müxalifətdə də ziyalı işləmək olur, misal üçün, Eldəniz müəllim Quliyev Ziyalılar Birliyi yaradıbdır, işığı kosmosun dərinliyinə çatır.
Sözümün canı odur ki, bizə baş nazir lazımdır. Monopoliya ilə mübarizə aparsın, iş yerləri açılmasına, məhsul ucuzluğuna nail olsun, ən azı benzini ucuz eləsin. Benzin cəhənnəm, bananı Gürcüstan qiymətinə ala bilək. Bu isə, sən demə, ziyalı imiş… Püf. Sənin ziyalılığına Şöşübala gəlsin…
Avtoritarlıq məsələsinə qayıdaq. YAP-ın deputatlığa namizədlər siyahısı hələ açıqlanmayıb, baxmayaraq seçkiyə artıq 1 həftəyə yaxındır start verilib. Üstəlik, jurnalistlər hansı yapist deputatdan namizəd olub-olmayacağını soruşurlarsa belə standart, şablon cavab alınır: “Bunu biz bilmirik, partiya nə qərar versə elə olacaq, biz partiyanın əsgəriyik” və sairə.
Halbuki, əgər bu YAP deyilən qurum gerçəkdən siyasi partiya olsaydı yerlərdə iclaslar keçirilməli, namizədlər irəli sürülməli idi. Müzakirələr cəmiyyətə açıq olmalı idi. İndiki halda isə açıq görünür ki, YAP-ın deputat siyahısı Prezident Administrasiyasında, çox dar çərçivədə hazırlanır. Bəlkə də kimin deputat olmasını yalnız prezident müəyyən edir, ikinci bir şəxsin siyahıdan xəbəri yoxdur. Avtoritarizm budur.
Ən gülməlisi odur ki, “partiya qərar verəcək” deyən deputatlardan bəziləri YAP-ın guya ali orqanı olan Siyasi Şuranın üzvləri idilər. Hətta bir nəfər YAP sədrinin müavini idi. “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur” məsəlindəki kimi. Ta siz o qurumun rəhbərliyində nə üçün oturmusunuz, əgər qurumun heç bir qərarından xəbəriniz yoxdursa?
Yazını isə Akif müəllimin bayaq söz açdığım intervüsündən çox gözəl bir sitatla bitirmək istərdim. Necə deyərlər, yanlış da bir naxışdır: “Burda işlədiyim 20 il ərzində Azərbaycan üçün, xüsusən aparılan danışıqlarda, Qarabağla bağlı məsələlərdə, Azərbaycanın iqtisadiyyatı, ordu quruculuğunun möhkəmlənməsində Artur müəllimin nə qədər xidmətinin olduğunu şəxsən mən deyə bilmərəm”.
Guya Artur müəllimin xidmətinin ölçülməz dərəcədə böyük olmasına işarə vurur, amma özünüz görürsünüz necə alınıb.
Heç mən də deyə bilmirəm, Akif müəllim, fikir eləmə.