Yaxın Şərqdə yaşanan böhranın əsas yükü sözsüz ki, nə ərəb ölkələrinin üzərindədir, nə də Avropa Birliyi dövlətlərinin, əsas ağırlıq bişəkk, Türkiyənin çiynindədir. Sərhədində və daxilində illərdir güclənən İŞİD və PKK terroru, cürbəcür başqa təhdid və separatçılıq cəhdləri, sonu görünməyən qaçqın dalğası… razılaşaq ki, hər ölkənin çəkə biləcəyi yük deyil.
Türkiyənin zəifləməsində bəzi qlobal güc mərkəzlərinin maraqlı olmasını da bura əlavə edəndə qardaş ölkənin nə miqyasda təhlükələr “buketi” ilə üzləşdiyi, nə boyda sınaqlara tuş gəldiyi yəqin olar.
Ancaq nə yaxşı ki, müsəlman-türk dünyasının tək örnək ölkəsi kimi qardaş Türkiyə növbənöv sıxıntılara, problem-təzyiqlərə rəğmən ayaqdadır və əzmini, müvazinətini, qüdrət-qürurunu, əzəmətini saxlayır. Allah Türkiyəmizə yardımçı olsun ki, bu məşəqqətli mərhələni çox tezliklə adlaya bilsin.
Çünki bu, həm də bizim üçün, Azərbaycan, türk dünyası üçün önəmli, prinsipial məsələdir. Zira, Türkiyənin ağır dərdlərlə baş-başa qalıb zəifləməsi, taqətdən düşməsi ilə bütövlükdə müsəlman dünyasının təklənməsi və əsarət altına düşməsi sürətlənmiş olacaq.
Yük isə doğrudan da ağırdır. Diqqət edin, inkişaf eləmiş, varlı Avropa ölkələri cəmi bir neçə yüz müsəlman miqrantı yerləşdirə bilmir, təlaş keçirir, az qala dizləri yerə gəlmək üzrədir, ancaq Türkiyə belə desək, tək canı ilə 2 milyon (!!) ərəbə, kürdə, türkmənə sığınacaq verib son 1-2 ildə. Çox maraqladır ki, ona heç kim maliyyə köməyi də göstərmir, Ankaranın bu xüsusda çağırışlarına az qala hamı laqeyddir. Sanki elə belə də olmalı imiş.
Olsun. Bu, müsəlman dünyasının ürəyi olan, oturuşmuş, özünə güvənən, güclü demokratik dövlət kimi Türkiyənin tarixi və təmənnasız görəvi, onun İslam dünyası qarşında bənzərsiz missiyasıdır. Ancaq Türkiyədən qat-qat imkanlı ərəb ölkələri var, qonşuluqda İslam aləmində liderliyə iddia edən İran var. Fəqət, ərəblər, kürdlər müstəsna olaraq Türkiyəyə, Livana, bir də imkan tapan kimi Avropaya axışır. Halbuki, zəngin ərəb ölkələrinin hamısı, İranın özü sakit ölkələr sayılır.
Demək, insanlar təkcə sakitlik, əmin-amanlıq axtarmır, həm də azadlıqlar dalınca gedirlər. Miqrantların ən çox qardaş ölkədə çökməsinin ciddi səbəblərindən biri məhz budur – müsəlman Türkiyəsində həm də azadlıqlar var!
Digər motivləri dedik: Türkiyə bir daha əməldə “müsəlman qardaşlığını”, “müsəlman həmrəyliyini” göstərdi və göstərir – təmənnasız-filansız. Kaş ki, döşünə döyən, ələlxüsus da pulu balta kəsməyən ərəb ölkələri, İran Türkiyənin müsəlman qaçqınlara göstərdiyi humanizmin bir faizini göstərəydi, heç olmasa oradakı qaçqın kütləsinə maddi yardım edəydi.
O zaman bəlkə Avropaya bunca qaçqın selinin şahidi də olmazdıq, bəşəriyyət də dalğaların meyitini sahilə vurub atdığı körpələri görmək kimi əzablar yaşamazdı, insanlıq böhrana girməzdi. Bir də “İslam həmrəyliyi” tezisi lağlağı predmetinə çevrikməzdi. Biz hələ müsəlmanın müsəlmanı qırmasını demirik.
İşə bax, xristian Roma papası Avropanın hər bir katolik xadimini bir qaçqın ailəsinə yiyə durmağa çağırır, amma burdan-bura Türkiyə xaric, zırpı müsəlman dövlətlərinin, qonşuluqdakı İranın rəhbərlərinin tükü tərpənmir, səsi çıxmır…
***
Şəxsən mən yenə o qənaətdə qalıram ki, əgər atası Hafiz Əsəd kimi öz xalqına qənim kəsilən, hakimiyyət hərisi Bəşər Əsəd vaxtında hakimiyyətdən getsəydi, bu boyda qanlar tökülməz, günahsız insanların, körpələrin qətlıamı yaşanmaz, anaların ah-naləsi, artıq 2-ci Dünya müharibəsi ilə müqayisə edilən dağıntı-fəlakət və qaçqın axını olmaz, nəhayət, bölgənin və İslamın bətnində İŞİD adlı bəd xassəli şiş peyda olmazdı.
Yəni Suriya-İraq əhalisinin son illər üzləşdiyi bütün məhrumiyyətlərə görə 1 nömrəli cavabdeh – müharibə gedə-gedə “seçki” keçirib özünü növbəti dəfə prezident elan edən Bəşər Əsəddir!
Bəs Əsədin əsas müdafiəçiləri və müdafiəçiləri, “ilana zəhər verən kərtənkələlər” kimdir? Əlbəttə ki, Rusiya və bir də Məhəmməd ümmətindən bircə qaçqın ailəsinə belə yiyə durmaq istəməyən “müsəlman” İran!
Əsas əleyhdarlar da çoxdan bəlli – Türkiyə, ABŞ, Avropa Birliyi. Odur ki, Uca Rəbbimiz yenə Türkiyəmizə bərəkət versin, Türkiyəmizi qorusun! Çünki o yenə müsəlman aləminin tək ümid və təsəlli yeri, əsas dayağı və sığınacağı olaraq qalır.