Azərbaycanda Avropaya qarşı yeni, eyni zamanda təhlükəli söz savaşı başlanıb, Qərbə cəbhə açılıb. Nəticəsinin nə olacağından asılı olmayaraq, bir şey dəqiqdir ki, bu savaş Azərbaycana qətiyyən lazım deyil.
Ən əvvəl ona görə ki, qüvvələr nisbəti, potensiallar fərqlidir. Lap dəqiqi, Azərbaycanın ziyanınadı. Belə soyuq müharibələrdən ölkəmizin qalib ayrılması mümkünsüzdür. Ayrı səbəblər də var.
Məsələ ondadır ki, bölgədə, Azərbaycan, Dağlıq Qarabağ məsələsi ətrafında vəziyyət xeyli qəlizləşib, tündləşib, qeyri-müəyyən hala gəlib. Bir yandan da qardaş Türkiyənin – bizim əsas təbii müttəfiqimizin başı xaricdən yaradılan süni problemlərlə özünə qatılıb. Proseslər isə çox sürətlə cərəyan etməkdədir.
Belə bir situasiyada məntiq pıçıldayır ki, Azərbaycan olan-qalan dost-müttəfiqlərinin qədrini bilsin, imkan düşdükcə müttəfiqlərinin sayını artırsın, bu da mümkün olmasa, özünə əlavə düşmən qazandırmasın – o ki ola Avropa Birliyi qismində 28 ölkəni özündə birləşdirən nüfuzlu bir qurumla körpüləri yandırmağa girişsin.
Yada salaq ki, Bakı bir qayda olaraq Qarabağ məsələsində Qərbdən, Avropa Birliyindən ədalətli mövqe tələb edir. İnsafən, elə Avropa Parlamentinin özü Ermənistanı işğalçı kimi tanıyan, ondan Azərbaycan torpaqlarını boşaltmağı tələb edən ayrıca qətnamə qəbul edib. O zaman həmin sənədi Azərbaycan hakimiyyəti və onun ətrafındakı peyk qüvvələr olduqca ədalətli bir sənəd kimi alqışlamışdılar.
Düz də eləmişdilər. Zira, o sənədin hüquqi qüvvəsi olmasa da, Azərbaycanın haqlı olduğunu və işğala məruz qaldığını bir daha təsdiqləyir, dünyaya bəyan edir, 28 üzv dövlətdə, Avropa qitəsində ölkəmizin haqlı mövqeyi ilə bağlı ictimai rəy formalaşdırır. Yəni sənəd birmənalı olaraq bizim xeyrimizədir və nə vaxtsa müqəddəs savaşa başlasaq, digər mühüm sənəd-qətnamələr kimi, o da mütləq karımıza gələcək.
İndi nə oldu bəs? Qarabağ məsələsində obyektivlik göstərən bir qurum dönüb düşmənəmi çevrildi? Belə şey mümkünmü? Ən ümdəsi, Avropaya qarşı de-marşdan Azərbaycan, Qarabağ uduşlu çıxa bilərmi? Düşünmürük.
Bu işdən fayda götürəcək tək qüvvə, tərəf varsa, əlbəttə ki, qonşu Rusiyadır. Çünki Azərbaycanı heç bir şeysiz, əziyyətsiz-güzəştsiz, rahatca qazana bilər. Bəs bizə Rusiyaya yaxınlaşmaq necə, lazımdımı? Kreml Qarabağı bizə verərmi o halda? 25 ildir biz Rusiyadan müstəqilik, bu müddətdə Moskva Qarabağı ermənidən alıb bizə verməyibsə, onun yanında öz xoşumuzla, könüllü qərar tutsaq buna gedəcəkmi?
Sadəlövh olmayaq – əlbəttə ki, yox! İş də ondadır ki, Qərbə qarşı bütün bu mənasız və lüzumsuz qovğanın altını ən çox Dağlıq Qarabağ çəkəcək. Daha bir səbəbə görə: düşmən ermənilər də fürsəti qaçırmayacaq və dərhal ondan ölkəmizin beynəlxalq imicini bir az da korlamaq üçün faydalanmağa çalışacaqlar. Azərbaycanın insan haqlarının pozulduğu korlanmış imici isə ermənilərə separatçı rejimin “müstəqlliyi”nə, ərazilərimizin işğalına haqq qazandırmaq üçün gərəkdir.
***
Söz yox ki, özü işğalçı olan, postsovet ölkələrinə də Rusiya imperiyasının tərkib hissəsi kimi baxan Moskva Qarabağı bizə elə-belə qaytarmaz – o da əgər qaytarsa. Yenə ümid Qərbə, Avropaya qalır. Ancaq əgər Qərblə də müharibə vəziyyətindəyiksə, o zaman Qarabağı kimdən istəyəcəyik? Avropa, demokratik dünya arxamızdan çəkilsə, necə olacaq?
Son iki sualın cavabını bilmək üçün Bzejinski olmağa lüzum yox yəqin ki…
P.S. Deyirik, görəsən, torpaqlarımızın işğalına məsul olan Rusiyaya savaş açmaq o yana dursun, ona heç olmasa, “gözün üstdə qaşın var” tipli irad tuta bilərikmi?