8 saylı Binəqədi birinci seçki dairəsindən YAP-ın deputatlığa namizəd irəli sürməsi ciddi çaşqınlığa səbəb olub. Belə ki, həmin dairədən hakim partiyanın namizədi ilə “125-lər” Siyasi Klubunun namizədinin ad-soyadı eynidir. Hər iki namizədin Aysel Əlizadə olması mətbuatda və siyasi dairələrdə ciddi çaşqınlıq yaradıb. Bir çoxları elə bilir, tanınan yazar, publisist Aysel Əlizadə YAP-ın dəstəklədiyi namizəddir.
Bu haqda musavat.com-a açıqlama verən A.Əlizadə dedi ki, onun namizədliyini verdiyi dairədən YAP-ın eyni ad-soyadlı namizəd irəli sürməsi həqiqətən xeyli suallar yaradıb: “Mən o Aysel deyiləm. Məni cəmiyyət yaxşı tanıyır. Bilənlər bilir ki, mən heç vaxt YAP üzvü olmamışam. Ümumiəəytlə partiya mənsubiyyətim yoxdur. Ona görə də bir daha elan edirəm, YAP-ın suyahısındakı Aysel tamam başqa adamdır. Mənim Əlizadə Aysel Alim qızıyam. Onunsa atasının adı tamam başqadır.”
A.Əlizadə yaxın saatlarda bununla bağlı ətraflı açıqlama verəcəyini bildirib.
Xatırladaq ki, eyni seçki dairəsindən oxşar ad-soyadlı namizədlərin irəli sürülməsi Azərbaycanda ilk hadisə deyil. 2005-ci ilin parlament seçkilərində Yasamaldakı seçki dairələrinin birində üç-dörd Eldar Namazov ad-soyadlı namizəd vardı. O vaxt deyilirdi ki, hakimiyyət bunu “YeS” blokunun namizədi, sabiq prezident köməkçisi Eldar Namazova qarşı bilərəkdən edib.