Dünən axşam 1 noyabr parlament seçkilərində namizədliyini verməyi düşünən bir yaxın adamdan soruşdum: “Nə oldu, seçkilərə qatılırsızmı, DSK-ya müraciət etdinizmi?”
Həmsöhbətimin ilk cavabı konkret və birmənalı oldu: “Seçki bitdi”.
Daha sonra anlaşıldı ki, o, seçki kampaniyasına start veriləndən bu günə qədər müşahidə aparıb, durumu dəyərləndirib, əldə olan informasiyaları analiz edib və bu qərara gəlib ki, əvvəlki seçki illəri ilə müqayisədə hazırda heç bir irəliləyiş yoxdur, namizəd olmaq, bir ətək vəsait xərcləmək mənasızdır.
Bir o deyil, artıq seçkiyə qatılmış, DSK-dan imza vərəqləri götürərək lazımi sayda imza toplamış bir çox başqa tanış adamlar da əminliklə deyirlər ki, hər şey ötən seçkilərdəki kimidir, yaxşılığa doğru heç bir dəyişiklik yoxdur, əksinə, hər şey daha da pisləşib.
Onların çoxu yerli məmurların YAP üzvü olmayan, “doğma” hesab edilməyən namizədlərə münasibətindən çıxış edirlər. Ali mənsəbli məmurlardan fərqli olaraq, orta və kiçik ranqlı məmurlar yuxarıdan verilən tapşırığa hərfbəhərf riayət edərkən, bunu canfəşanlıqla etməyə çalışarkən özlərini ələ verirlər, heç bir riyakarlıqla əsl mövqelərini gizlədə bilmirlər.
Nəticədə ortada çox acı mənzərə var. Onsuz da bu il seçkiyə qatılmaq istəməyənlər, tərəddüd edənlər, boykot yolu tutanlar vardı, indi onlara 2015 seçkilərinə öləzik də olsa ümid bəsləyənlər qoşulmaqdadır.
Belə görünür ki, seçkinin taleyi bəri başdan məlumdur. Hətta seçiləcək şəxslər mandatlarını indidən ciblərində hesab edir, bu barədə yaxın ətraflarına danışır, opponentlərə acıq getsin deyə üstüörtülü işarələr edirlər.
Seçki intriqası sıfırın üstündədir. Seçiləcək şəxslər bəllidirsə, daha hansı seçici fəallığından söhbət gedə bilər? İnsanlar səsvermə məntəqəsinə nəyə gəlsinlər? Bir halda ki, onların səsi, iradəsi heç nəyi həll etməyəcək, 1 noyabrda seçki məntəqələrinə axışmalarının elə bir mənası yoxdur.
Seçki kampaniyasına start verilməsindən keçən bu 22 gündə seçkiyə qatılıb-qatılmamaq dilemması qarşısında qalanlar artıq öz mövqelərini aydınlaşdırır, məyus halda bir kənara çəkilirlər.
Bu cür hallar təkcə parlamentin gələcək heyətinin legitimliyini şübhə altına almır, eləcə də insanların ölkənin gələcəyi ilə bağlı pessimist ovqata kökləyir.
Adam oturub düşünür ki, 25 ildir siyasi arenanın təlatümləri arasında ömür sürürük, 15-ə yaxın seçki görmüşük, amma bir dəfə də olsun əsl seçki görməmişik. Gürcüstan azad seçki keçirir, baxırıq, Türkiyə dürüst seçki təşkil edir, tamaşa edirik, Ukraynada vaxtaşırı qanuni seçkilər olur, izləyirik, müşahidə edirik, amma hələ də qanuni, azad, şəffaf seçkilərin necə olduğunu bilmirik.
Təsəllimiz odur ki, qonşu Rusiya və Ermənistan da bizim günümüzdədir. İndiyə qədər daha bir təsəllimiz o idi ki, hər halda, ölkədə müxalif qüvvələr var, fəaliyyət göstərirlər, uğur qazanmasalar da seçkilərdə iştirak edirlər, xalqın arasına çıxırlar, beləliklə, ölkə Özbəkistan və Türkmənistana dönməkdən qurtulur.
Artıq o təsəlli də əlimizdən çıxmaq üzrədir. Çünki ölkə məhz Özbəkistana dönmək ərəfəsindədir. Əgər ölkənin aparıcı siyasi qüvvələri seçkiyə qatılmırlarsa, qatılanlar da olduqca pessimist ovqatdadırsa və mandat qazana bilməyəcəklərini öncədən yüzdəyüz dəqiqliklə bilirlərsə, demək, ölkədə Özbəkistan havası var.
Zatən, Özbəkistanda da yarıleqal müxalifət təşkilatları, gizli dərnəklər şəklində narazı qruplar var, amma onlar da ya seçkiyə qatılmırlar, ya da seçkidə fağır-fağır, əzik-əzik iştirak edir, seçkilərin onlar üçün acı nəticələri elan olunduqda isə müticəsinə razılaşırlar.
Ola bilər, noyabrın 2-də, 3-də ölkəmizdə seçkiyə qatılanlar daha sərt bəyanatlar verəcəklər, ancaq bu açıqlamaları nəzərə alan olmayacaq.
Builki seçki kampaniyasının ən pis yeniliyi odur ki, bu dəfə müstəqil, bitərəf namizədlərin də ümidi vurulur. İndiyədək radikal müxalifətlə müqayisədə loyal müxalifətə üz görülürdüsə, psevdomüxalifət hər ikisindən üstün tutulurdusa, özünü müstəqil namizəd elan edərək hakimiyyətin təbliğatını aparanlar daha əziz sayılırdısa, bu dəfə bitərəf, partiyasız namizədlər də ögey münasibət görürlər. Onları hətta yaşayış binalarına buraxmırlar.
Bu gün yaşayış məntəqələrinin binalarına buraxılmayan namizədlər, sizcə, parlamentin binasına buraxılacaqlarmı?