Seçkiləri boykot edən müxalifətçilərlə seçkidə iştirak etmək istəyən müxalifətçilərin arasında virtual polemika gedir. Tərəflər bir-birinə söz atır, irad, ittiham yönəldirlər. Hər ikisi özünü haqlı sayır.
Hakimiyyət də əmin-arxayın şəkildə bir kənarda durub, bilir ki, ortada üç qüvvə var, ikisi çöldə qalacaq.
“Üç qüvvə” deyəndə əslində iqtidarı da saysaq, dörd qüvvədir, amma iqtidar komandası özünü fövqəlqüvvə hesab edir deyə, siyahıya girmir. Beləcə, yerdə qalır psevdomüxalifət, radikal müxalifət, prinsipial müxalifət.
Psevdomüxalifət partiyalarının liderləri artıq hərəyə bir mandat almış kimi arxayındırlar. Heç seçki kampaniyası aparmalarına da gərək yoxdur, oxumuş adamlar demişkən, fors-major hal baş verməsə parlamentə girəcəklər.
Bəs fors-major hal ola bilərmi? Ehtimal azdır, amma ola bilər. Əgər biri çox fors eləsə, ona bəzi şeyləri major notlarda başa salarlar. Ya da 1995-ci ildə olduğu kimi, gözlənilməz hadisə ola bilər. Yazım, bilməyənlər də bilsin. O vaxt bir seçki dairəsində iki şanslı, iddialı namizəd vardı, seçki kampaniyası dövründə bunların qohum-əqrəbası bir-birini qırırdı, lap axırda səsvermə günü məntəqədə dalaşıb araya qan saldılar. Belə olanda ali sarayda qərara gəldilər ki, onların heç birinə mandat düşmür, ortada qalmış mandatı götürüb üçüncü şanslı namizədə verdilər. Necə deyərlər, türkün sözü, kötü ol, bəxtin olsun.
Ancaq güman olunur ki, builki seçkilərdə elə hallar olmayacaq. Kim buna cəsarət edə bilər? Heç kim. Hamı bilir ki, mandat bölgüsü alın yazısı kimi bir şeydir. Necə məsləhətdirsə, o cür bölünüb. Həcc ziyarətini yarımçıq qoyub gəlməklə deyil, adın siyahıda yoxdursa, demək, yoxdur, dara-bara salmadan oturmalısan yerində.
Belə bir durumda radikal müxaliflərlə o qədər də radikal olmayan müxaliflər arasında seçki qovğası gedir.
Birincilər deyirlər ki, siz seçkilərə qatılmaqla ona legitimlik donu geydirirsiz.
Əslində, bu 15-20 il əvvəlin ritorikasıdır. O vaxtlar hamımız elə bilirdik ki, gerçək müxaliflər seçkiyə qatılmasalar, onu boykot etsələr, beynəlxalq birlik seçkinin nəticəsini tanımayacaq, parlamenti legitim saymayacaq.
Amma heç vaxt elə olmurdu. Qüdrətli dövlətlər və beynəlxalq təşkilatlar hər dəfə saxtalaşdırılan seçkilərin nəticəsini bal kimi, hətta neft kimi tanıyırdılar. Bir az mızıldanırdılar, “dünya standartlarına uyğun seçki olmayıb” deyirdilər, axırda da əlavə edirdilər ki, “bununla belə, bu seçkilər irəliyə doğru bir addımdır”.
Beləcə, seçkini boykot edənlər də, etməyənlər də əl-qoyun, diz-qarın qalırdı.
Bu baxımdan, “legitimlik donu” məsələsini çox ürəyə salmaq olmaz. Don nə gəzir? Böyüklərin don dərdi yoxdur, onlara mandat lazımdır, onu da qamarlayıb götürürlər və heç baxmırlar da ki, bu mandatın legitimlik tumuşu var, ya yox.
Seçkiləri boykot etmək istəməyənlər də deyirlər ki, onlar seçkiyə qatılaraq hakimiyyətin saxtakarlığını ifşa edəcəklər və xalqa göstərəcəklər ki, müxalif qüvvələr tam sıradan çıxmayıb, hələ meydanda qalırlar.
Məsələ burasındadır ki, bu hakimiyyət lap çoxdandır ifşa olunmaqdan qorxmur. Xalq bu hakimiyyəti olduğu kimi, bütün rəngləri ilə, hər xasiyyəti ilə qəbul edir, ən ümdəsi ona dözür.
Ümumiyyətlə, bizim camaatda belə bir düşüncə var ki, əsl hökumət hakimiyyəti əldən verməməlidir, demokratiya, seçki-filan boş şeydir, əsas odur ki, vəzifələri əlində saxlasın, “yoldan keçənləri hakimiyətə gəlməyə qoymasın”.
Düzünə qalsa, evdə, çayçıda oturub gileylənməkdən bir şey çıxmaz, hansısa bir şəkildə seçkiyə qatılmaq, fəallıq göstərmək lazımdır. Seçkini boykot etmək, bir kənarda durub izləmək təxminən ona oxşayır ki, adamın evinə oğru gəlir, yavaş-yavaş gözünə dəyən şeyləri yığışdırır, ev yiyəsi də onu görür, sakitcə bir qıraqda durub deyir, eybi yox, gün gələcək, sən bu əməlinə görə cavab verəcəksən. O da arada əlindəki yerə qoyur, yaxınlaşıb qolaylanır, şillə vurmaq istəyir, deyir, yaxşı eləyirəm. Əşyaları yağmalanmış adam özünə təsəlli, oğruya acıq verir: “Beynəlxalq birlik, Avropa sənin bu hərəkətini görür, cəzanı verəcək”. O da qayıdıb beynəlxalq birliyin, Avropanın var-yoxuna söyüb gedir.
Vəziyyət təxminən bu cürdür. Belə bir dövrana düşmüşük. Bu üzdəndir ki, çoxları seçki olan illəri iyrənc il hesab edir.