2014-cü ilin oktyabrın 1-dən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib.
AzNews.az xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc etdiyi məqalədə bildirib. O, sözügedən neqativ hallara yol verən prokurorluq işçilərindən 7 nəfərin vəzifədən azad edildiyini, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunduğunu vurğulayıb: “İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olub”.
Zakir Qaralov prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini də qeyd edib: “Bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub. Onlardan 2 nəfər “Prokurorluğun fəxri işçisi” döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilib, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.