Rusiya Federasiya Şurası sentyabrın 30-da ölkə qoşunlarından xaricdə istifadə edilməsinə razılıq verib. Bununla da Rusiya Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı hərbi hava əməliyyatlarına başlayıb.
Bəs görəsən bundan sonra Suriya münaqişəsinin prespektivi hansı istiqamətə yön alacaq? Bu münaqişə digər ölkələr üçün də nələr vəd edir?
“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Modern.az-a açıqlamasında Rusiyanın addımının ciddi məsələ olduğunu və bundan sonra nələr baş verə biləcəyini şərh edib.
“Bildiyimiz kimi, Rusiyada xaricdə hərbi əməliyyatlar aparmağa razılıq verilib. Əslində, bu daha ciddi bir mesajdır, ciddi bir məsələdir. Çünki bilinmir ki, sabah Rusiya Suriya ilə əlaqəli başqa hansı regionlara hərbi müdaxilə edə bilər və ümumiyyətlə bundan sonra nələr baş verə bilər.
Suriyaya gəlincə, mənə elə gəlir ki, Rusiyanın hərbi müdaxiləsi qarşıdurmanı bir qədər də dərinləşdirəcək. Bu hal Rusiyanı şübhəsiz ki, Bəşər Əsəd əleyhinə döyüşən silahlı müxalifətin- istər İŞİD, istərsə də digər qruplaşmaların hədəfinə gətirəcək.
Beləliklə də, Rusiyanın düşdüyü vəziyyət çətindir. Bir tərəfdən Ukrayna problemi, digər tərəfdən bununla bağlı tətbiq olunmuş sanksiyalar fonunda Rusiya Suriyaya qoşun göndərir. Bunula da, Rusiya Suriyada ciddi bir işə cəlb oluna bilər ki, bu da Kremlin düşdüyü vəziyyəti bir qədər də çətinləşdirər. Şübhəsiz ki, bunun ilk növbədə keçmiş Sovet ölkələrinə də təsiri olacaq. Təbii ki, mənfi təsirdən söhbət gedir”.
Politoloqun sözlərinə görə, Rusiyanın Suriyada hərbi münaqişələrə qoşulmağı Azərbaycan üçün də təsirsiz ötüşməyəcək.
“Rusiyanın xarici siyasəti aqressivləşəcək. Rusiya bəzi dövlətlərdə mövqeyini möhkəmləndirmək üçün təzyiqləri gücləndirəcək. Rusiya Yaxın Şərq prosesində konkret Suriyada böyük münaqişəyə cəlb olunur. Rusiya çalışacaq ki, ətrafdakı ölkələrdən, xüsusilə də keçmiş Sovet ölkələrindən istifadə etsin. Təbii ki, bu da həmin ölkələr üçün, o cümlədən Azərbaycan üçün hərbi təzyiqlər yaradacaq”.