Korifey deputatlarımızdan Zahid Oruc keçən dəfəki seçkilərə “Dində müqəddəs oruc, deputatlıqda Zahid Oruc!” şüarı ilə qatılıb bütün Bərdə zəhmətkeşlərini sevindirmişdi. Rayonun hər yerindən insanlar məntəqələrə axışır, Qələbə günümüzü öz Levitan səsi ilə çatdıracaq bu gənc insana səs verirdilər.
Builki seçkidə isə Zahid müəllim novator yanaşmasını metamorfozik şəkildə diferensasiya edərək postmodern bir sloqan atmışdır: “Memarlıqda Zaha Hadid, deputatlıqda Zahid Oruc!” Görək bu şüarın Soğanverdilər kənd sakinlərinə nə qədər müsbət reaksiyası olacaqdır.
Hələlik isə Zahid müəllim can verməkdə olan əski deputatxanada çox maraqlı bir təkliflə çıxış etmişdir. Deyir gərək biz ordumuzun böyük uğurlarından xəbərləri qəzetlərdə birinci sırada verək, bu haqda qanun olsun.
Doğrudan da, görürsən Zakir müəllim atını Göyçə gölündə suvarır, ancaq Bakıda çıxan kvartallıq “Hüquq qanadlarında” müstəqil-beynəlxalq-siyasi-ictimai-hüquqi-reket qəzeti bu xəbəri lap dal səhifədə balaca şriftlə qoyur. Mikroskopla güclə oxuyursan. Mən özüm keçən ay İrəvanın tərəfimizdən alınması haqda reportajı gündəlik “Ağsaqqalın səsi” qəzetində nə qədər axtardımsa oxuya bilmədim! Təsəvvür edin, bunlar bu xəbəri nəinki dal səhifəyə qoyublar, ümumiyyətlə, yadlarından çıxıb nəşriyyatın bufetində qoyub gediblər! Ar olsun! Milləti sevməyən belə insanların boyunu yerə soxum!
Bu mənada Zahid müəllim haqlıdır. Qanun olsa, qəzet də məcbur olar qələbə xəbərlərini başdan qoyar, milli “Levitanın” çıxışını manşetdən verər.
Ancaq hörmətli deputat bəzi nüansları düzgün metamorfoz edə bilmir, bu zaman hətta disbakteriozu yaranır. Söhbət ondadır ki, (bu yerdə “yox, söhbət on birdədir” elmi zarafatını edərdim, amma ciddi mövzudan yazırıq, lazım deyil, qalsın başqa günə) Zahid müəllim Qələbə xəbərlərini önəmli, bir nömrəli sayır, başqa deputatlar isə başqa temaları vacib saya bilər. Üstəlik, haqlı olar! Çünki ölkəmizdə ordunun qələbə xəbərləri qədər həmin xəbərlərin əsasını təşkil edən, necə deyərlər, infrastrukturunu qoyan sahələrin də xəbərləri önəmlidir!
Örnək üçün, elə dünən – söz vaxtına çəkər – baş prokuror Zakir müəllim deyib ki, Azərbaycanda cinayətlərin açılma faizi dünyada ən yüksəkdir: “Bu il 150 qəsdən adamöldürmə cinayətinin 156-sı açılıb, cinayətkarlar tutulmuşdur”.
Halaldır. Gördüyümüz kimi, hətta əlavə 6 adam da tutublar ki, ehtiyatda bir şey olsun, sabah kimsə qəsdən adam öldürəndə götürüb bunlara cinayət işi açaq, müstəntiqlər çox da avara qalmasınlar, çünki jurnalistləri, QHT işçilərini, müxalifətçi ünsürləri tutmaq üçün gərgin qrafikləri vardır.
İndi qəzet Zakir müəllimin birisinin Spitaka girməsi xəbəri ilə o birisinin cinayətkarları qovub “Spartak” stadionunda tutması xəbərinin hansını qabağa qoymalıdır? Çox çətin seçimdir. Heç Bərdəyə deputat seçmək belə çətin deyildir. Orda nə çətinlik var, onsuz da hamı bilir ki, Zahid müəllim yenə deputat olacaq, çünki onun deputatlığı dövründə rayonda adambaşına düşən Bərdə pendirinin istehsalı kəskin artmışdır. Həmçinin paytaxtımızın dana əti ilə təchizatında böyük uğurlar vardır. Əlbəttə, mövzumuz bu deyil, biz uca millətimizin seçim haqqına qarışa bilmərik, elə insan var barmağındakı ultrabənövşəyi mürəkkəbi 5 il saxlayır, hətta çimməyə gedəndə barmağını izolentlə sarıyır. Mövzumuz odur ki, nə təhər eləyək, hansı xəbəri qabağa qoyaq.
Çox çətin problemdir, etiraf edirəm. Hələ hansısa yeraltı keçidin qırmızı lentinin kəsilməsi xəbəri olanda nə etməliyik? Bunu hara qoyaq? Keçid xəbərini birinci qoymasan, ordumuz hardan keçib İrəvana girəcəkdir, baş prokuror qəddar cinayətkarların əl-ayağını hansı lentlə bağlayacaqdır?
Sözgəlişi, elə bil çoxdandır yeraltı keçidin lenti kəsilmir. Bəlkə də yaramaz qəzetçilər arxa səhifəyə qoyur.