Yunan mifologiyasında “Siciliya ilə Xaribda arasında qalmaq” deyə bir zərbül-məsəl var, biz ona “odla su arasında qalmaq” deyirik. Hazırda ölkəmiz odla su arasındadır.
İndi demək olmaz ki, od Amerikadır, su Rusiya, yaxud da əksinə. Əsas odur ki, arasında qaldığımız od da təhlükəlidir, su da. Biri batırır, o biri yandırır.
Ancaq hər halda, hansının daha az təhlükəli olduğunu təsbit edəsi olsaq, bu yazının müəllifi ABŞ-ı su sayır, Rusiyanı isə od. Rəsmi Moskvanın oda qalamadığı yer qaldımı?
Budur, ABŞ dövlətinin siyasi kursunun ifadəçisi olan “Vaşinqton tayms” qəzeti ölkəmizlə bağlı “Dağlıq Qarabağ hadisələrinə yenidən baxış” başlıqlı yazı verib və bu yazıda belə ifadələr var:
“Ermənistanın təcavüzkar dövlət olması şübhə doğurmayan faktdır”;
“Ermənistan beynəlxalq institutlar, məhkəmələr və qanunun aliliyini görməzdən gəlir”;
“Rusiya və Ermənistan üçün beynəlxalq hüquq mənasız anlayışdır”.
Göründüyü kimi, olduqca aydın və sırf həqiqəti ifadə edən fikirlərdir və son 25 ildə Rusiya mediasında belə bir yazı heç vaxt yer almayıb.
Kreml də, Rusiyanın rəsmi və müstəqil mediası da daima Ermənistanın tərəfində olub, bir dəfə də olsun həqiqəti çılpaqlığı ilə qeyd etməyib.
Bu, ABŞ mediasının mövqeyidir. İndi bu yazını Azərbaycan və ABŞ arasında yaranmış son ixtilafları həll etmək istiqamətində atılmış addımlardan biri də hesab etmək olar.
Ancaq baxaq görək, dünyanın 200 dövlətindən biri olan, 50 böyük dövlətdən biri olmayan Azərbaycanın dünya hegemonu ilə arasının düzəlməsinə hansı tərəfin daha çox ehtiyacı var?
Əlbəttə ki, belə bir təşəbbüs olsa-olsa Azərbaycandan gəlməlidir. Məhz rəsmi Bakı çağdaş mürəkkəb beynəlxalq situasiyada istər regionda, istərsə də dünyada qüdrətli müttəfiqlər qazanmaqda maraqlı olmalıdır.
Təəssüf ki, Azərbaycan iqtidarı Rusiya və ABŞ-a münasibətdə getdikcə daha aydın şəkildə birincinin tərəfində yer aldığı görünür. Bunun səbəbləri barədə əvvəllər çox yazılıb, bir daha qısa şəkildə təkrar edək: bu, ona görə belədir ki, ölkəmiz “rus ayısı”nın çox yaxınındadır, pəncəsini qaldırıb qolaylansa, caynağı bizi tutar. Nəinki Azərbaycan, o biri keçmiş SSRİ respublikaları da aqressiv yırtıcının caynağına tuş gəlmək istəmirlər. Yalnız Ukrayna və Gürcüstan istisnadır, onların da hansı gündə olduğu hər kəsə bəllidir.
Bununla belə, Qarabağı işğal etmiş erməni separatçılarının danılmaz himayədarı, onları silahla, pulla, hər şeylə təmin edən Rusiyanın yanında olaraq, regiondakı durumla bağlı hər şeyi doğru-dürüst şəkildə bilən və zaman-zaman dilə gətirən ölkəyə – ABŞ-a qarşı çıxmaq düzgün xarici siyasət sayıla bilməz.
Bəllidir ki, dünyada amansız hərbi-siyasi mübarizə gedir və əsasən iki tərəf var. Bunun birində mədəni dünyanın təmsilçiləri, demokratik dövlətlərdir, digərində Rusiya və onun despotizm yuvası olan əlaltılarıdır. Azərbaycan Rusiyanın yanında olaraq mədəni dünya ilə münasibətlərini korlamaqdadır.
Sırf milli maraqlar və Qarabağın taleyi baxımından biz bu tayda ola bilmərik. Çünki Rusiya və Ermənistan strateji və ayrılmaz müttəfiqlərdir. Bu gün qan qardaşı Ukrayna ilə müharibə aparan Rusiya sabah digər kiçik qardaşı Belarusla da vuruşa bilər, amma onun bir gün Ermənistana düşmən olacağı istisnadır. Çünki Moskva Ermənistanı özününkü sayır, onu Həştərxan vilayəti kimi bir şey hesab edir.
Söz yox, ABŞ da Qarabağ məsələsində tərəflərin qarşılıqlı güzəştə getməsini istəyir və bu zaman Azərbaycanın daha çox güzəştə getməli olduğunu düşünür. Əvvəllər bu dövləti idarə edən dairələrdə belə bir yanlış təsəvvür qabarmışdı ki, əgər Qarabağ münaqişəsi Ermənistanın xeyrinə həll edilsə, Ermənistan Rusiyadan qopa bilər. “Vaşinqton tayms”ın son yazısı isə göstərir ki, amerikalı politoloqlar artıq Rusiya-Ermənistan birliyinin sarsılmaz və əbədi olduğunu düşünürlər.
Bu faktdır ki, Ermənistan həmişə, bütün məsələlərdə Rusiyanın yanında olmasıyla özünü beynəlxalq birliyin gözündən salıb. Bütün qüdrətli dövlətlər onun Rusiyanın vassalı olduğunu bilirlər və ona belə də yanaşırlar.
Azərbaycanın özünü Ermənistanla bir tutması, moskvapərəst siyasət yeritməsi, beynəlxalq təcridlə üzləşmiş Rusiyanın yanında durması xeyirliyə deyil, bu yaxşı perspektiv vəd etmir.