“Bir qayaya söykənib ağlayırdım bu vaxt mən.
Möhtərəm müsafirim söylədi həyəcanla:
Doğrudanmı bu qədər ağılsız olmusan sən?”
(Dante, “İlahi komediya”)
Nəqliyyat naziri Ziya müəllimin başı üzərində qara buludlar dolaşır, bunun növbəti təzahürü kimi Bakı Beynəlxalq Avtovağzalını fırlatmağı onun qardaşının əlindən aldılar. Düzü, indiki vağzal rəisi kimin qardaşıdır, bu haqda hələlik əlimizdə bilet, daha doğrusu, informasiya yoxdur. Ancaq təzə rəis deyilənə görə islahatlara çox şiddətlə başlayıb, hətta indi avtovağzaldan avtobuslar da istifadə edirlər! Ən maraqlı açıqlama isə avtobus idarəsinin mətbuat katibi Şəfa xanımdan gəlmişdir. Sitat: “Onlayn bilet alan sərnişinlər öz yerlərini tutmayınca avtobuslar getməyəcəkdir”.
Dəhşətdir. Böyük addımdır. Demək bundan qabaq internet üzərindən avtobusa bilet alanlar maşının çıxma vaxtında avtovağzala gəlib görürmüşlər lələ köçüb, yurdu qalıbdır. Hətta avtobusun dalıyca qaçıb rayona çatmağa az qalmış ona yetişən internet həvəskarları da olurmuş. (Hacı İlqar demişkən, “Z” nəsli. Onsuz uca millətimizi parçalayan çox idi, hörmətli hacı da bir yandan baltanı vurub cəmaətimizi 3 yerə ayırmışdır: “İks”, “İqrek” və “Zet” nəsilləri. Təzə söhbətdir, görək axırı nə olacaqdır. Halbuki imam-cəmaət milləti “Möminlər”, “Müşriklər” və “Kafirlər” deyə 3 hissəyə bölsə daha məqsədəuyğun olardı. Nə etməli, bizdə vəziyyət belədir: din xadimi loqarifmik tənlik qurur, riyaziyyatçı alim isə Aşuranın hikmətlərindən danışır).
Eyni zamanda, idarənin izahatı bir az dolaşıq durum yaradır, məlum olmur ki, onlayn bilet alan şəxs ümumiyyətlə vağzala gəlməsə nə baş verəcəkdir. Yoxsa camaat oturub bunu gözləyəcəkdir? Hər halda, açıqlamanın məntiqindən belə çıxır. Necə deyərlər, qadağan olunmayan hər şeyə icazə varmış. Uca xalqımız təzəlikcə bu formulu sevməyə başlamışdır, başıma gəlib, o üzdən yazıram.
1-ci siniflər üçün “İnformatika” kitabında səhifələrdən birində şəkillər arasında 4 fərqi tapmaq istənilirdi. Bizim uşaq bir də baxdım 6 fərq tapıb. Bunu sosial mediada “Dərsliyin yanlışı” adıyla bölüşdüm. Bəzi insanlar isə girib şərh yazdılar ki, orda 4 fərqi tapın yazılıb, amma bu, fərqin daha çox olmasını inkar eləmir, dərslik düzdür. O vaxtdan bəri mən uşağa demişəm ki, hansı səhifədə A hərfi yazmaq istənilsə böyründə bir yerə B, C, D hərflərini də dürtsün, çünki bunlar qadağan edilmir.
Çox böyük tərəqqi yoluna çıxmışıq, sevindirici haldır ki, artıq avtovağzalımız da var. Uğurlardan daha biri seçki prosesindəki yeniliklərdir.
Qabaqlar deputatxana seçkilərində çoxlu namizədlər qeydə alınırdı, pis-yaxşı debatlar olurdu, hətta bir-birinə stəkan, balıq, pomidor, yumurta, daş, kitab (! – qəribə də olsa hardansa tapırdılar) atanlar prosesi rəngarəng edirdi. Sonra iqtidar bundan bezdi, debatları ləğv elədi. İndi isə tamam yeni qayda ortaya çıxmışdır: xoşa gəlməyən, seçki günü müəyyən səs sala biləcək namizədlərin qeydiyyat üçün topladığı imzalar bəri başdan saxta elan edilir. Dünən sənə imza atan adamlar bir göz ağartmasından sonra “Bu imzanı bizdən ayrı adla toplayıblar, imtina edirik” deyirlər. Artıq xeyli namizədi beləcə çıxdaş ediblər.
Yapizmin informatik-seçki məntiqi ilə bizi qabaqda nə gözləyir? Məncə, növbəti dəfə xoşa gəlməyən adamlara ümumiyyətlə imza vərəqələri verilməyəcək. Min cür bəhanə tapmaq olar. Örnək üçün, deyə bilərlər sənin əlin yağlıdır, imza vərəqəsinə ləkə salarsan.
Sonda bir elmi məlumat verim: tibb sahəsində Nobel üzrə bu ilki ödülü 3 nəfər alim almışdır. Bu alimlər parazit soxulcanları və malyariya xəstəliyinin müalicəsində uğurlar əldə etmişdir. Bax, biz də qeyri-təvazökarlıq olmasın, 25 ildir parazitlər və soxulcanlar haqda publisistik araşdırmalar aparırıq, ancaq taxta “Tərəqqi” medalı da almamışıq. Dünya ictimaiyyəti hələ də buna dözür.