Rusiya Suriyada hərbi əməliyyatlara qərar verməklə hansı siyasi bataqlığa girdiyini, deyəsən, yavaş-yavaş anlamağa başlayıb. Hər halda, Suriya səmasında ABŞ və Rusiya hərbi təyyarələri lap yaxından aviauçuşlar və zərbələr həyata keçirməyə başlayıbsa, bunun ən ciddi nəticəsini çox gözləmək lazım gəlməyəcək – nə fərqi ki, Rusiya bu ölkəyə, Putinin dediyi kimi, “legitim əsasda” girib, ABŞ isə qeyri-legitim.
Artıq ilkin əlamətlər görünməyə başlayıb. NATO üzvü, ABŞ-ın regiondakı əsas müttəfiqi Türkiyə Rusiyaya nota verib. Rusiya qırıcı-bombardmançılarının qardaş ölkənin hava məkanını pozması rəsmi Ankaranı belə bir sərt addım atmağa vadar edib: Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.
Ankara beləcə, Moskva ilə normal münasibətlərə rəğmən, kəskin addım atıb. Halbuki qardaş ölkə ABŞ-ın təzyiqlərinə rəğmən, indiyədək Rusiya əleyhinə iqtisadi sanksiyalara qoşulmayıb. Amma indi o, Moskva ilə nota dilində danışır. Çünki başqa yol saxlanmayıb.
Bu, münasibətlərdə nəsə yeni bir situasiyadır. Ağıllı analitiklər həm bu nəticəni, həm də Kremlin bir çox digər müsəlman ölkələri ilə münasibətlərinin pisləşə biləcəyini proqnoz eləmişdilər. Türkiyə onların arasında məxsusi yer tutur.
Əvvəla, qardaş ölkə yeganə NATO ölkəsidir ki, Qərbin Rusiya əleyhinə sanksiyalarına qoşulmayıb. İkincisi, o, Putinin hərbi müdaxilə qərarı verdiyi Suriya (İŞİD-lə) ilə bilavasitə həmsərhəddir. Üçüncüsü, iki ölkə arasında enerji sahəsində (AES tikintisi və s.) bir neçə on milyard dollarlıq ilkin anlama var, üstəlik, “Türk axını” layihəsi hələ gündəmdən çıxmayıb.
Odur ki, məntiqi sual ortaya çıxır ki, Rusiya təyyarələri Türkiyənin hava məkanını pozmaqla nəyə nail olmaq istəyir? Bu təxribatdır, yoxsa? Axı ötə yandan Türkiyənin hava məkanını pozmaq elə NATO-nun hava məkanını pozmaq, alyansa qarşı “əzələ göstərmək” deməkdir. Təsadüfi deyil ki, insidentdən dərhal sonra Pentaqon Rusiyanı hədələyib.
Motivindən asılı olmayaraq, gerçək belədir ki, bu cür təhlükəli durumu Kremlin yanlış Suriya avantürası yaradıb və faktiki şəkildə NATO ilə rus hərb maşınını bir ərəb ölkəsində, Yaxın Şərqdə üz-üzə gətirib.
Əlbəttə ki, tərəflərin hərbi göstəriciləri qeyri-bərabərdir və Qərbin xeyrinədir. Sözgəlişi, ötən ay Avropadakı nüfuzlu hərbi təhlil mərkəzlərindən biri dünyanın ən güclü ordularına malik 20 dövlətin siyahısını tərtib eləmişdi. Siyahıya görə, ABŞ dünyada ən böyük silahlı qüvvələrə sahibdir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin qoyulmuşdu (Türkiyə 10-cu sırada qərar tutub). Sənəddə əksini tapan maraqlı detallardan biri isə bu idi ki, Birləşmiş Ştatların hərbi büdcəsi (614 milyard dollar) sırada özündən sonra gələn 9 ölkənin toplam hərbi büdcəsindən çoxdur. Təsəvvür edildimi?
Bu, şübhə yox ki, həm də və ən əvvəl Rusiya üzərində iqtisadi gücün, iqtisadi üstünlüyün göstəricisidir. Eyni zamanda NATO-ya daxil olan tək bir ölkənin büdcəsidir. Amma alyansda Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə kimi iri və qüdrətli dövlətlər də var. Demək, Kremlin NATO ilə qarşı-qarşıya gəlmək istəyi absurd görünür. Elə isə Vladimir Putinin Türkiyə vasitəsi ilə alyansı təxribata çəkmək istəyi nə ilə bağlı ola bilərdi?
Böyük ehtimalla, son baş verənlər Putinin özünü dünyaya, ələlxüsus da iqtisadi cəhətdən getdikcə daha ağır duruma düşməkdə olan rusiyalılara “krutoy” (“dikbaş”) və cəsarətli lider kimi göstərmək istəyi ilə əlaqədardır. Ancaq böyük siyasət emosiyalar üzərində deyil, soyuq və dəmir məntiq üzərində qurulanda uğurlu olur.
Bu sadə həqiqətə, Suriyaya müdaxilənin yanlış (tələ), yoxsa ki, “naxış” olduğuna Kreml başçısı elə Suriya timsalında bir daha əminlik hasil edəcək – bir az gec və ya bir az tez.