Son günlərdə Milli Televiziya və Radio Şurasının ANS telekanalı ilə bağlı qərarlarına və açıqlamalarına aparıcılar tərəfindən etiraz gəlib.
Axşam.az-ın məlumatına görə, onlar sosial şəbəkədə fikirlərini yazıb.
Elnarə Təhməzova:
“ANS telekanalının daşı həmişə ağır olub. Əlinə balta alıb, yıxılmağımızı gözləyənlərə deyirəm, tez o baltanı öz başınıza vurun. Bizim belimiz yerə gəlməz. Bu da keçər”.
Qənirə Ataşova:
“ANS – üç hərfin birləşməsi həqiqətən də böyük səslənir. Onu böyük edən isə gördüyü işlərdir. Sizə görə bilmirəm, mənə görə ANS mənim keçmişimdi, bu günümdü, gələcəyimdir. Orda işlədiyim üçün bunu yazmıram. Sadəcə, vətəndaş olaraq hiss etdiklərimi yazıram. Mən ANS-i onun gördüyü işlərə görə çox sevirəm. Mən ANS-i övladlarım qədər çox sevirəm. Ola bilər mən də bir gün bu kanalla iş münasibətimi bitirərəm. Lakin ANS mənim üçün həmişə zirvədə olacaq. Buradan çıxıb başqa təşkilatlarda işləyənlər də bunu bilirlər ki, ANS-də hiss etdiklərini heç yerdə hiss etməyiblər və etməyəcəklər də. Çünki ANS də xəbər azadlığı var. Mən ANS-də müxbir və aparıcı olaraq çox azad çalışmışam. Vətəndaşı düşündürən bütün məsələləri problemsiz ekrana daşımışam. Səmimiyyətimə inanın: 17 ildə ANS rəhbərliyinin “bu xəbəri vermə” sözünü eşitmədim. Bəlkə də nə zamansa ürəklərindən keçirdilər. Amma dilə gətirmədilər. Bax buna görə ANS-i çox sevirəm.
ANS olmadan mən Azərbaycanın gələcəyini zədəli görürəm. Çünki məmurların çəkinəcəyi tək ünvan ANS-dir. Sadə vətəndaşın dərdini dediyi tək ünvan ANS-dir. Uzağa getməyək: Binəqədidəki o dəhşətli yanğın hadisəsini ilk olaraq ANS ekrana daşıdı və miqyasını böyütdü. Digər kanallar isə cənab prezident İlham Əliyev əraziyə gedəndən sonra xəbərin əhəmiyyətinə vardılar.
ANS həqiqətən də Azərbaycan deməkdir. Onu qoruyaq, sevək və gələcək nəsillərə ötürək”.
Murad Əzimzadə:
“Ölkə jurnalistikası üçün hər il onlarla gənci təmənnasız yetişdirən, 23 ildir Azərbaycan vətəndaşının hüquqlarını bilməsi üçün sözün əsl mənasında vuruşan, qanun nöqteyi-nəzərdən əməkdaşları ilə şəffaf çalışan, “daydaysız”, istedadlı gənclərə dəstək olan, yüzlərlə şərəfli qadın və kişilərin çalışdığı ANS TV-nin siması pornoqrafiya deyil, ola da bilməz. Bu Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevə, ANS TV rəhbərliyinə, burada çalışan yüzlərlə insana, Azərbaycan tamaşaçısına edilən təhqirdir. Bunlar sabah başqa sifarişlə başqa havaya oynayacaqlar. Bu hava “Gangam style” olsa heç təəccüblənməyin. Nə də olsa telekanal zövqümüzü “jek” müdiri, mühəndis və digərləri təyin edirmiş. Kaş onlardan biri “slesar” olaydı”.
Xanım Yadigarlı:
“Təklif edirəm ki, MTRŞ bir telekanal açsın. Biz hamımız agah olaq ki, cənab Məhərrəmli Nuşirəvanın milli-mənəvi dəyərləri xalqa çatdırmaq istəyi və veriliş necə olmalıdır. Hətta telekanal işçilərinə bunla bağlı treninqlər keçsinlər. Ya yol aç, ya yol göstər, ya da yoldan çəkil. ANS-in yoluna daş qoymaq nəyə lazımdır? ANS tarixdi. Nuşirəvan isə bu tarixlə çəkişir”.
Qeyd edək ki, MTRŞ-in sədri Nuşirəvan Məhərrəmli müsahibəsində “ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanaldır” demişdi.
Bundan əlavə, Şura ANS-in ümumilikdə 54 000 manat məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul etmişdi.