Builki seçki kampaniyasını yaxından izləyə bilmədik, gendən-genə tamaşaya durduq. Bunun səbəbləri barədə çox danışmaq olar, əsas səbəb isə birdir: 2015 seçkisi maraqsızdır – sözün hər mənasında.
Nə seçənimiz var, nə seçilənimiz. Siyasi baxımdan 3-5 yaxın adam namizəd kimi qeydə alınıb, onların da yetərli qədər səs toplasalar belə, mandat almaq şansları sıfırla alt-üst durumdadır.
Bununla belə, istər-istəməz redaksiyaya seçki kampaniyasının gedişinə dair xəbərlər gəlir, çap edirik.
Vəziyyət bütün seçki dönəmlərində olduğu kimidir, hətta daha betərdir.
Yenə də namizədləri çeşidləyirlər, “yad”, “yaxın”, “ziyansız”, “təhlükəli”, “arzuolunmaz” kimi qrafalara salır, ya qeydə alırlar, ya da almırlar.
Yenə də “qeydə alınması məsləhət olmayan” namizədləri qapı arxasında qoyur, bütün sənədləri düz olsa da, təqdim etdikləri imzalara heç bir irad tutulması mümkün olmasa da, məsələyə sırf “keçi suyu bulandırdı” məntiqiylə yanaşırlar.
Yenə də istənilməyən namizədin tərəfdarı olan şəxslərə qarşı cəza tədbirləri görülür – birini işdən çıxarır, o birini hədələyir, digərinə inzibati həbs cəzası verir, cürbəcür təzyiq göstərirlər.
Dəyişən bir şey yoxdur. Hər dəfə seçki illərində təkrar-təkrar baxdığımız filmə yenidən baxırıq. Bu filmin bütün epizodlarını, replikalarını əzbərləmişik, ritorikasına bələdik.
Ancaq ölkə boyunca demək olar ki, eyni cür işləyən DSK-ların içində biri var ki, o DSK öz fəaliyyətində spektrin bütün rənglərindən istifadə edib – haqqı qızıl-qırmızı danıb, qara böhtana, ağ yalana əl atıb, cığallığının üstü açılanda gömgöy göyərib, cinayət törətdiyi üzünə deyiləndə qorxusundan saralıb, hakimiyyətdən dəstək görəndə şikayətçilərin üzünə bozarıb və s.
Bütün bunlar 79 saylı İmişli seçki dairəsində baş verib.
Sabiq İH başçısı, keçmiş deputat, siyasi fəaliyyətinə və parlaq avtobioqrafiyasına görə rayon camaatı arasında böyük nüfuzu olan İltizam Əkbərli qanunun tələblərinə uyğun olaraq bütün sənədlərini DSK-ya təqdim etsə də, seçicilərdən topladığı hər bir imzanın dürüstlüyünü əlavə sənədlə təsdiqlətmiş olsa da, DSK yerli icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin təzyiqi ilə onun namizədliyini qeydə almayıb.
Bu azmış, kimi indi ona imza verən və imzasının doğruluğunu DSK-ya gələrək təsdiqləyən şəxslərin cəzalandırılması kampaniyasına start verilib.
Belə seçki olarmı? Bu, seçkidirmi? Ümumiyyətlə, seçki adlanan kampaniya bu cür keçiriləcəksə, başqa cür mümkün deyilsə, onu keçirmək nəyə lazımdır?
Belə seçkidənsə bəzi Şərq ölkələrində olduğu kimi birdəfəlik seçkidən imtina etmək, parlamenti ali saraydan verilən təyinatla, məhdud bir dairənin seçimiylə formalaşdırmaq daha yaxşı ola bilər.
Hazırda onsuz da elədir. Ancaq bu, qeyri-rəsmi xarakter daşıyır. Bu, rəsmiləşərsə, mandat almaq, parlament üzvü olmaq ehtirası ilə meydana atılanlar, ictimai-siyasi durumu gərginləşdirənlər, ortalığı qarışdıranlar olmaz. Hamı bilər ki, deputat olmaq hər kəsin xörəyi deyil.
İH başçısı olmaq məsələsində dava salan yoxdur. Hamı bilir ki, bu məsələ Prezident Administrasiyasında həll olunur. Prinsipcə, deputatlıq postunun taleyi də PA-da həll olunur, amma bir çox insanlar hər dəfə seçki ilində həyəcanlanır, elə bilirlər ki, belədə havayı mandat var.
Bizim ölkəmizin başlıca problemlərindən biri azad, qanuni, şəffaf, dürüst, demokratik seçkilərin keçirilməməsi deyil. Hələ bir az da geriyə getmək lazımdır. Bizim ölkədə insanların seçib-seçilmək hüququ yoxdur. Bizdə parlament hələ seçkili orqan deyil. Nə vaxtsa parlament gerçəkdən də seçkili orqan olsa, bu, bütün siyasi qüvvələr tərəfindən bu cür tanınsa və vətəndaşlara seçib-seçilmək hüququ verilsə, o zaman seçki kampaniyasındakı əyintilərdən, pozuntulardan, qüsurlardan danışmaq olar.
İndilikdə yalnız onu demək olar ki, biz sadəcə seçki məzhəkəsinin tamaşaçılarıyıq.
Nə vaxtsa bu ölkədə dürüst bir seçki olacaqsa, o zaman namizəd irəli sürmək, seçicidən səs istəmək, təbliğat kampaniyası aparmaq kimi məsələlər aktual olacaq.
İmza verənin həbs edildiyi ölkədə seçkidən danışmaq absurddur.