“Toy dəvətnamələrini payladı, özü isə sentyabrın 28-də məzuniyyətə getdi. Hamımızı toyuna dəvət etmişdi, biz Ramilin toyuna hazırlaşırdıq. Amma oktyabrın 2-də itkin düşdüyünü eşitdik”.
Bunu virtualaz.org saytına açıqlamasında “Delta Telekom LTD” şirkətinin daxili xidmət rəhbəri Anar Gülməmmədov deyib.
A.Gülməmmədovun sözlərinə görə, Ramil Hətəmov məsuliyyətli, bacarıqlı, kollektiv arasında hörmətli bir işçi olub: “Toy məsələləri ilə məşğul olmaq üçün rayona getmişdi. Onun itkin düşməsini eşidəndə inana bilmədik. Biz də mat qalmışıq. Ramilin valideynləri zəng vurub iş yoldaşlarından, dostlarından onu xəbər alıblar, evə qayıtmadığını deyiblər. Sonradan eşitdik ki, toyu da təxirə salıblar”.
Qeyd edək ki, Qəbələ rayonunun Soltannuxa kənd sakini, 31 yaşlı Ramil Əhməd oğlu Hətəmov oktyabrın 1-də evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb.
Ailə üzvlərinin sözlərinə görə, Ramil Hətəmov bankomatdan pul çıxarmaq üçün rayon mərkəzinə gedib və toyuna hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib. Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ Rayon Polis Şöbəsinə məlumat veriblər. O, evdən çıxarkən əynində göy cins şalvar, dama-dama köynək, ayağında qara ayaqqabı olub.
Onun hansı şəraitdə və nə üçün itkin düşdüyü barədə hələlik məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün tədbirlər görürlər.
Məlumata görə, Ramil Hətəmovun oktyabrın 3-də toyu olacaqdı. Bu günlərdə onun nişanlısının qız toyu olub. Oğlan evində də toy mərasimi üçün bütün hazırlıq işləri görülüb. Amma bəyin itkin düşməsi toyu təxirə salıb.
Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsinin məzunu olan və Bakıda internet provayderi şirkətlərinin birində çalışan Ramil Hətəmovun aylıq qazancının yaxşı olduğu, pul borcunun və heç kimlə şəxsi ədavətinin olmadığı bildirilir.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.