“Deyir: ”Bu viran kəndi verdikdən sonra mənə,
Buna bənzər bir neçə kənd verməlisən yenə”.
O biri quş deyir ki: “Əl çək, mənə dil tökmə,
Padşahın zülmünü gör, yetər qəm-qüssə çəkmə.
Əgər padşah bu isə, onun sayəsində sən,
yüz min belə xaraba kənd alacaqsan məndən”.
(Nizami Gəncəvi, “Sirlər xəzinəsi”)
Çoxdandır milli telekanalizasiyalarımızı izləmədiyim üçün MTRŞ sədri Nuşirəvan müəllimlə ANS arasındakı dava məndən ötrü beynəlxalq xəbərlər kimi bir şeydir. Özü də nüfuzlu bir dünya agentliyinin yox, örnək üçün, AzərTAc-ın beynəlxalq xəbərləri kimi. Təxminən, “Avstraliyada kenquru təpiklə fermerin burnunu qırdı”, “Pakistanda ər-arvad balaca uşaqlarını bişirib yedilər” tipli xəbərlər olur, bax onlardan.
Ancaq Nuşirəvan müəllimin, nəhayət, pultun ixtiyarını əlinə alıb bir-bir verilişləri söndürməsi maraqlı prosesdir. Qabaqlar hətta Ramiz müəllim yazırdı, lakin heç kim veriliş söndürə bilmirdi. Bəs bu cəsarət Nuşirəvan müəllimə hardan verilib?
Haşiyə çıxaraq qeyd edim ki, bizim efir tarixən yarımamışdır. Bunun ən məşhur aparıcı və jurnalistləri adətən ya fırıldaqçı çıxıblar, ya da reket. Elə son illəri yada salın: biri camaatı ağladıb pul yığırdı, tutdular. Başqası Almaniyanı dağıdırdı, axırda kabinetini dağıtdılar. Bir ayrısı bir ayrı qələt eləyib – baxanlar bilər, mənim açığı efirə elə bələdliyim yoxdur. Qəzetlər yazmasa heç bunları da bilmərəm. Yəni milli efirimizdə sanki önə çıxanın vurulması sindromu vardır.
Qayıdaq Nuşirəvan müəllimin cəsarətinə. Bu, bir növ köhnə pulta təzə “batareyka” qoymaq kimi bir hadisədir, məlum deyil MTRŞ sədri enerjisini hansı mənbədən alır. Bir versiya var ki, tarixçi alim Şirməmməd Hüseynov ANS-in efirində “Milli dövlətçilyimizin banisi Məhəmməd Əmin Rəsulzadədir, Heydər Əliyev dövlətin yox, hakimiyyətin banisidir” deyibdir, indi kanalı buna görə cəzalandırırlar. Ola bilər. Amma Nuşirəvan bəyin ANS-ə qarşı iradlarında bir gülünc söhbət gördüm, ona münasibət bildirməliyəm.
MTRŞ sədri deyir ki, ANS milli-mənəvi dəyərlərimizə rişxənd edir, pornoqrafik kino verib, cinsi azlıqları təbliğ edir və sairə. Bu haqda iraddan sonra isə kanalın təmsilçiləri MTRŞ-dən milli-mənəvi dəyərlərin siyahısını istəyibmiş. Əgər doğrudan belə hadisə olubsa mən həm ANS kanalı rəhbərliyinin yumor hissinə hörmətimi bildirir, həm də bu etiraza qoşuluram. Necə deyərlər, imam üçün ağlayanda, gərək Yezid üçün də arada ağlayasan. ANS belə siyahı tələb etməkdə haqlıdır. Yoxsa Nuşirəvan kimilərinin istəyi ilə hər bir azərbaycanlının öz mənəvi dəyəri ola bilər, efiri buna necə uyğunlaşdırasan?
Əlbəttə, normal dünyada efiri bazar iqtisadiyyatı, demokratik seçkilər tənzimləyir. İnsanların dərd-sərini, problemlərini işıqlandırırsan, ictimai debatlar, müzakirələr, söhbətlər qurursan, efiri maraqlı edirsən, bununla tamaşaçı toplayırsan. Yoxsa Nuşirəvan müəllimin təmsil elədiyi hakimiyyətin (baxmayaraq ki, telekanallar da elə o hakimiyyətin media qoludur) kriteriyası lavaşı necə yemək haqda məşhur ata sözümüzdəki kimidir: “Qırağından kəsmə, ortasına dəymə, doğra, doyunca ye”. Siyasi verilişi qoymursan, debata icazə vermirsən, hətta dini verilişi də bağlayırsan, bəs bu yetimlər şou veriliş də verməsin, nə versin? Yenə faciə günü olsa qoboy çalıb ağlaşardılar. AzTV kimi səhərdən axşama Almaniyanı dağıda bilməzlər axı. AzTV-nin pulu büdcədən birbaşa gəlir, işçiləri də gözütoxdur – aralarında baykerlər yoxdur. Ya hamısını AzTV-3-4-5-6… kimi nömrələyib büdcəyə salın, ya da girinc eləməyin.
Əhvalat bir az da yapistlərin hansısa naziri vurması prosesinə oxşayır. Misal üçün, nəqliyyat nazirinin kitabı bağlanıb. Bunun əlamətləri nazirliyin səlahiyyətinin əlindən alınmasında, Ziya müəllimin obyektlərinin yağmalanmasında özünü göstərir. Hətta artıq Ziya müəllimin deputatxanadakı 4-5 stabil deputat “toçkası” da bağlandı. Bəzi adamları qəfil “xəstələndilər”, namizəd olmadılar. Bəzilərinin isə imzaları suya düşdü. İndi Nuşirəvan müəllim də ANS-i belə sıxışdırır. Deyir istəsəm bütün bağlayaram, hoppanıb düşməsinlər.
Amma Nuşirəvan müəllim də ANS-in bu xarabalıqda neçə “nuşirəvanlar” yola salan “bayquş” olduğunu gərək yaddan çıxarmasın. Təki xarabalıq yaşasın!
P.S. Dəli şeytan deyir ki, ANS “İlin adamı” mükafatını bu il Nuşirəvan müəllimə versin. Bütün ölçüləri uyğun gəlir. Qabaqkı namizədləri gördüyüm üçün yazıram.