“Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”
Bunu prezident İlham Əliyev oktyabrın 12-də keçirdiyi iclasda deyib.
Bizim ölkə daxilində böyük problemlərimiz var. Çox böyük.
İkisini yazaq, keçək üçüncüyə: qeyri-qanuni vergi və gömrük rüsumları.
Biznes qurmaq istəyən adam işindən əlavə əziyyətlə, saxta əngəllərlə qarşılaşırsa bu, təkcə ölkənin daxili siyasətinə, xaricdəki nüfuzuna zərbə vurmur, xalqı aqressivləşdirir.
İstənilən özəl şirkətin rəhbərliyi ilə danışsanız nə qədər narazı olduğunu, əsəb keçirdiyini öyrənərsiz. Kənardan elə gəlir ki, adam biznesini qurub, işi gedir. Ancaq həmin o adam yalançı yoxlamalardan keçməli, rüşvət verməli, ondan hər şey üçün pul tələb edənlərlə çənə döyməli olur. Daha dəhşətlisi var. Qanunlar ayaqlanır, vətəndaşların sadə hüquqları pozulur. Məhəllələrdə mərasim evləri, həyətyanı sahələr, ümumi istifadə üçün nəzərdə tutulan yerlər özəlləşdirilir, satılır. Kim satır, kimə satır – bəlli deyil. Günün birində kimsə gəlib yekə bir qıfıl vurur və “bura mənə məxsusdu” deyib gedir.
Torpaq islahatları haqqında Azərbaycan Respublikasının Qanununda deyilir: “Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması şərtdir”.
Uzağa getməyək. Binəqədi sakiniyəm. Ərazidə saymaqla bitməyən onlarca bu kimi faktlar göstərə bilərəm. Məsələn, qonşu binanın (Azadlıq 32) sakinləri aylardı binanın önündə lövhələrlə hasarlanan sahəni “alan” sahibkarla döyüşür. Sosial ədaləti pozaraq, sakinlərin razılığı olmadan, yerquruluşu layihələri əsasına uyğun gəlmədən həyəti dövrələməyə kim ixtiyar qazanıb? Sakinlər hər yerə şikayət ərizəsi göndəriblər. Ərazidə tikintiyə başlanan zaman etiraz ediblər. Bura onların dincəlməsi, balalarının oynaması üçündü. 7 mkr, S.S. Axundov 2 A Etalonda bina sakinləri də başqa problemlə döyüşür. İllər əvvəl öz hesablarına tikdirdikləri xeyir-şər evi onlardan alınıb kiməsə verilib. Adam sakinlərə acıq verir kimi çıxıb oranı bağlayıb və yoxa çıxıb. Məkan eləcə onlara göz dağı olub. Belə faktlar saysızdı.
Xeyir-şər evləri məhəllədə ocaq yeri kimidi. Soyuqlarda orda toplaşırlar, tədbirlərini orda keçirirlər.
Bu tipli məhəlli yerləri bələdiyyələrin nəzarətində olur. Kim satıb, kimə satıb, heç kim məsuliyyət daşımır.
Həmin qanunun üçüncü fəslində deyilir: “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir”.
Deyək ki, qanun pozuldu, ədalət prinsipləri gözlənilmədi. Bəs vicdan?
Bu qədər adamın lənətini qazanaraq yaşaya bilmək də var axı…
Ölkə başçısı özbaşınalıqlarla bağlı “daha hövsələm yoxdu” deyir. İndi görün biz nələr çəkirik, cənab prezident. Vətəndaş nələr çəkir…