Ağlım kəsəndən “Sahibkarlığa mane olanlar, qanunsuz yoxlamalar yığışdırılacaq” söhbətləri eşidirəm. Yapistlər hər iki-üç ildən bir bu köhnə qrammofon valını qoyurlar, cırıltılı səslərə qulaq asmalı oluruq. Belə deyə-deyə ölkədə qoymadılar azad sahibkar da qalsın. Hamısını, bütün sahələri qamarlayıb öz altlarına yığdılar, oldular baş sahibkar. Analoqu olmayan idarəçi-biznesmenlərə çevrildilər.
İndi MTN şefinin vurulması da bu bəsit mahnı ilə müşayiət edilir. Deyirlər Eldar müəllimin rəhbərliyi altında çekistlər iş adamlarını boğaza yığıbmış. Kimi? Əsas sual budur. Çünki Eldar müəllimin özü və bütün ətrafı elə iş adamları idilər. Milli təhlükəsiz şəkildə dükan qurub maşından çaxıra qədər hər şey satırdılar. Asudə vaxtlarında torpaq da satırdılar. İndi də satırlar. Ticarətdə belə hallar olur. Görürsən rəqiblər bir-birini sıradan çıxarırlar. “Ayfon” istəyir “Samsunq”un bazarına girsin. “Volksvagen” “Toyota”nı sıxışdırır. Məktəbin qabağında göyərti satan Güllübəyim xala məktəbin tinində eyni bizneslə məşğul olan Çillibəyim nənənin təpəsinə qəfil bir daş düşməsini uca Merkuridən arzu edir. Merkuri qədim romalılarda ticarət allahı idi, ağlınıza başqa şey gəlməsin, birdən elə zənn edərsiniz Eldar müəllimin təzə şirkətini tapmışam. Bu dəqiqə Eldar müəllimin dükanlarını tapmaq milli təhlükəsiz peşə fəaliyyətidir, hamı girişib.
Qəzetdə yazıblar ki, dövlət başçısı inqilabi qərar verib, sahibkarlığın yoxlanılmasını 2 il qadağan edən qanunu deputatxanaya göndəribdir. 2 il müddətində sahibkarları ancaq vergi və hüquq-mühafizə orqanları yoxlaya biləcəkmiş. Daha iş adamlarının incidilməsinə nöqtə qoyulacaqmış.
Mən başa düşmədim, niyə 2 il? Bu müddət hardan götürülüb? Ondan sonra mədəniyyət, kənd təsərrüfatı, xarici işlər, ədliyyə, təhsil nazirlikləri təzədən sahibkarlığı yoxlaya biləcəkdirmi? Çünki ayrı bir idarə qalmadı ağıla gələn. Bəyəm indi mifik sahibkarları (oxu: göyərti satan nənələri) incidən elə vergi və hüquq-mühafizə orqanları deyildi?
Prinsipcə, vergi yoxlamalarını, o cümlədən hüquq-mühafizənin zəruri anda yoxlamasını qadağan edə bilməzsən. Dövlət sistem olaraq anarxiyaya çevrilər. Çünki dövlət büdcəsini vergilər toplayır, hər hansı iqtisadi və ya başqa cinayət halında isə polis, prokurorluq mütləq sahibkarı yoxlamalıdır. Bunlar da gördüyümüz kimi, 2 il ərzində də yerində qalacaq. Bəs o zaman bu qərarın anlamı nədir?
Yeri gəlmişkən, bir ara “Bandotdel” dağıdılmış neft pullarını, yeyilmiş kreditləri qusdurmaq üçün o qədər bankir tutub-buraxırdı ki, uca millətimiz idarəyə yarızarafat “Bankotdel” adı vermişdi. İndi necə olacaq? Hacı İbrahim Çinə gedə biləcəkmi? Əlbəttə, yox. Çünki bu nömrəni bizə gələnlərə nömrə gəlib aradan cırmaq çox çətindir. Heç çekistlər öz bizneslərinin başında dolaşan qara buludları görmədilər, başqaları nə edə bilər?
“Qanun şah olmayıb, şah qanun olursa” durum belədir. Qaçılmaz prosesdir. Örnək üçün, 20 ildir korrupsiya ilə mübarizə qanunu qayırıblar. Guya vəzifəli şəxslər gəlir deklarasiyası verməlidir. Guya verirlər də. Sadəcə, bizim həmin karikatur qanuna görə gəlir deklarasiyası haqda sənədlər dövlət sirridir! Məlumatlar antikorrupsiya komissiyasının sədrinə (Ramiz Mehdiyevə) toplanır, ancaq o bilir hansı nazirin nəyi var. Təsəvvür edirsinizmi, belə gülməli qanun düzəldiblər!? Bir az da açıqlasam, şəffaflıq haqda sənədlər dövlət sirridir. Elə bil evə pəncərə düzəldirsən, ancaq şüşə yerinə kərpic hörürsən. Kimin xoşu gəlməsə baxmasın. İstəsək o kərpicin bir dənəsini qoyarıq təpəsinin ortasından! Di get, dombalaq aş.
Korrupsiyadan çox yazanın biri də jurnalist Xədicə İsmayıl idi, indi hardadır? Ay sağ ol, türmədə. İstəsən sən də qonşu kameraya get, divarı tıqqıldadıb sahibkarlığa dövlət qayğısının yeni təzahürləri haqda danışın. Morze əlifbası ilə. Bir nöqtə. Nöqtə, tire, nöqtə, nöqtə. Tire, nöqtə, nöqtə. Nöqtə, tire. Nöqtə, tire, nöqtə.
Bax, mən indicə Eldar müəllimin adını yazdım.