Türkiyədə Əhməd Alagöz adlı bir adam durduğu yerdə zibilə düşüb – sırf soyadına görə. Sözün birbaşa mənasında adamın adı bədnam olub. Əslində o özü heç nə eləməyib, pis bir əməl törətməyib, sadəcə onunla eyni soyadı daşıyanlar əvvəlcə Suruçda, sonra da Ankarada terror aktı törədiblər.
İndi ölən ölüb, tutulan tutulub, amma yazıq Əhmədin yaxası əllərdə, soyadı dillərdə qalıb. Binəva hara gedirsə, soyadını deyən kimi, dövlət məmurları da, sadə adamlar da ona şübhəli nəzərlərlə baxırlar, elə bilirlər ki, Əhmədin qafasında pis niyyətlər var, bayaqdı ha, “Allahu əkbər” qışqıraraq ətrafı partladacaq.
Məsələ qıyqaçı baxmaqla, üz turşutmaqla bitmir, adamı işindən çıxarıblar, hələ nişanını da üstünə qaytarıblar, istədiyi qızın valideynləri “potensial terrorçu”ya qız vermək istəmir. Əhməd Alagözün isə Ankarada partlayış törədən terrorçu Alagözləheç bir qohumluğu yoxdur. Ondan başqa Ankarada Alagöz soyadı daşıyan 6 fərqli nəsil var, onlar da ağ gündə deyillər. Hamısı terrorçu Alagözlə eyni soyadı daşımağın möhnətini və xəcalətini çəkir.
Adamın ki adı pisliyə çıxdı, qurtardı getdi, özünün də, qohumlarının da, hələ onunla salam-əleyki olanların da həyatı qaralacaq. İndi məlum olur ki, bədnam ad-soyadın başqalarının, yadların da həyatına dəxli var. Əlbəttə, yazıq Əhmədin soyadı Dəmirəl olsaydı,heç kim Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin vaxtında çağırıb ona vəzifə-filan verməzdi, amma indi Alagöz soyadı daşıması kişiyə problem yaradıb.
Ona qalsa, Rizə tərəflərdə yüzlərlə Ərdoğan soyadı daşıyan var, amma bu, onlara xüsusi imtiyaz qazandırmır, amma siz baxarsınız, Rəcəb Tayyib Ərdoğan hakimiyyətdən gedəndən sonra onların günü qara olacaq. Ən azı “Ərdoğanın qohumlarısız, gəlmişdiz də, gördük” deyə pisikdirəcəklər.
Özümüzdə də müvafiq durum fərqli deyil. Bir adam vəzifədən çıxarılıb düşmən elan edilən kimi bütün qohum-əqrəbası, dost-tanışı zəlil olur. Əlbəttə, öz-özünə olmurlar, onları zəlil etməyə çalışanlar tapılır.
Məsələn, bildiyiniz kimi, Eldar Mahmudov MTN-in rəhbəri postundan uzaqlaşdırılıb və adı bədnam çıxarılıb, hazırda onun qohum-əqrəbasının “vurulması” prosesi gedir. O gün bir xeyirxah insan da bizə yazıb ki, bəs Mahmudovun bir bacısı filan nazirlikdə filan vəzifədə işləyir, onun aqibəti necə oldu.
İndi guya bu, diplomatdır, hiyləgərdir, biz isə dəliyik və bu adam dəli yadına daş salır, istəyir ki, biz qələmə sarılıb xanımın adını hallandıraq və onu vəzifəsindən götürsünlər, bunun da ürəyi sakit olsun, bəlkə də özünə bir qapı açılsın.
Bu xüsusda bir hadisə də xatırlayıram. 1995-ci ildə Gəncədə yaşayan bir neçə nəfər yeni yaradılmış dövlət strukturunda işə düzəlmək üçün sənədlərini veriblərmiş. Rəqabət güclü olub. Axırda namizədlərdən biri kastinq keçirən məmura deyib ki, sən mənim rəqibimin sənədlərinə diqqətlə bax, o, “Nicat” cəmiyyətində çalışıb. O vaxt da baş nazir postundan götürülmüş Surət Hüseynova bağlı “Nicat” adlı xeyriyyə cəmiyyəti vardı və o, ifşa olunub bədnam olmuşdu. Məmur sənədlərə baxır, deyir, bu, o “Nicat” deyil axı. Vəzifəyə namizəd deyir, oldu, olmadı, adı “Nicat”dır, qurtardı, yuxarılarda Gəncədə fəaliyyət göstərən “Nicat” cəmiyyətinin üzvünə vəzifə verməyiniz yaxşı qarşılanmaya bilər. Bu söz məmurun ağlına batır və “Nicat”çının adının üstündən xətt çəkir.
Baxın, bu gün Aşuradır, təkcə ölkəmizdə minlərlə Hüseyn var, amma bir dənə Yezid və ya Şümr adlı adam tapmazsan. Çünki Yezid və Şümr bədnam adlardır.
Bəzən hissə qapılıb yeni doğulan uşağa odioz bir fiqurun adını verənlər çox səhv edir. Ölkədə Səddam Hüseynov adlı şəxs var, İrana gedəsi olsa, sərhəddən necə keçəcək, bilmirəm. Bin Laden soyadı daşıyaraq Avropadan Amerikaya uçmaq da zor məsələdir – adamın ayaq dırnağını, saçının dibini belə yoxlayırlar.
Salamatı Quliyev və Məmmədov soyadıdır. O soyadları minlərlə adam daşıyır, heç kim də demir ki, sən Rəsul Quliyevin və ya Ziya Məmmədovun qohumusan.