Ötən gün Ümid Partiyasının sədr müavini, 19 saylı Nərimanov 1-ci Seçki Dairəsindən deputatlığa namizəd Ramin Hacılının xaricə getməsi barədə xəbər verilmişdi. Maraqlıdı ki, onun xaricə getməsindən hətta həyat yoldaşının da xəbəri olmayıb.
Ramin Hacılının xanımı Aysel əlizadə məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, onunla əri arasında heç bir konflikt olmayıb.
O, seçkilərlə əlaqədar həssas dönəm yaşadıqlarını söyləyib:
“Ramin təcili ölkədən gedib və məni xəbərsiz qoyduğu üçün narahat olmuşam. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etdim.
Ölkədə tez-tez həbslər, müxtəlif neqativ halların baş verdiyini, üstəlik də Ramindən də xəbər ala bilmədiyimi nəzərə alsaq, düşünürəm ki, narahat olmağım çox təbiidir”.
Aysel Əlizadə Ramin Hacılı ilə boşanmadığını da bildirib:
“Raminlə boşandığımız barəsində yayılan xəbərlərə deyə bilərəm ki, hal-hazırda boşanma ən son düşündüyüm məsələdir. Bu, sadəcə bir qrup adamların uydurmasıdır. İndi ancaq seçki kampaniyamla məşğulam. Mətbuat orqanlarından da bu həssas dönəmdə bizə dəstək olmalarını gözləyirik”.
Aysel Əlizadə Ramin Hacılının haqqında mətbuatda yayılan “ölkəni tərk etməyib, dələduzluqla əlaqədar gizlənib” xəbərinə də aydınlıq gətirdi:
“Ramin şəxsi problemlərlə bağlı ölkəni tərk edib, hazırda da xaricdədir. Haqqında yayılan məlumatlar heç bir reallığı əks etdirmir”.
Qeyd edək ki, “Qafqazinfo”nun yaydığı məlumatda bildirilir ki, Ramin Hacılı Cənubi Azərbaycandan olan üç tələbəni aldadaraq, onlardan üst-üstə 18 min manat alıb, qaytarmayıb. İddia olunur ki, R.Hacılı onlara İtaliyada təhsil ala bilmələri üçün yardım edəcəyinə söz verib.
“Pulumuzu istəyəndə qaytaracağına söz verdi, lakin hər dəfə müxtəlif bəhanələrlə bizi aldatdı. Bir neçə gün əvvəl onu tutduq və xarici pasportunu əlindən aldıq. Hazırda onun xarici pasportu bizdədir və mətbuata açıqladıqları kimi ölkəni tərk etməyib, hardasa buralarda gizlənib. Bununla bağlı polisə müraciət edəcəyik. Çünki bizimlə yanaşı, başqalarını da aldatdığını bilirik”-deyə güneyli tələbə bildirib.