“Mən heç yerə qaçmamışam. Noyabrın 2-də Bakıda olacam”. Lent.az-ın məlumatına görə, bunu Ümid Partiyasının sədri müavini Ramin Hacılı özünün “Facebook” səhifəsində məlumat verib.
O, ciddi problem səbəbindən Türkiyədə olduğunu qeyd edib: “İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm və bu əsnada alınmayan işlərə görə qaytaracaqlar var. Onlar da bir həftə gözləyəcək, gəlib həll edəcəyəm.
Bir qrupun iddia etdiyi kimi külli miqdarda borcum yoxdur. Gəlincə məhkəməyə müraciət edəcəyəm və həqiqəti ortaya çıxaracağam. Fürsətçilik etməyin. Adamın başına iş gələr. Gözləyin. Lütfən bir həftə”.
Qeyd edək ki, Ramin Hacılı iki gün öncə yoxa çıxmış, həyat yoldaşı Aysel Əlizadə bu barədə polisə məlumat vermişdi. Daha sonra isə R.Hacılı həyat yoldaşına zəng edərək Azərbaycandan getdiyini və bir neçə günə qayıdacağınl bildirmişdi. Bu gün isə mətbuatda yayılan xəbərdə iddia edilib ki, R.Hacılı Cənubi Azərbaycandan olan tələbələrdən onları İtaliyaya oxumağa göndərmək adıyla 18 min manat pul alıb qaytarmayıb.