18-ci əsrin sonlarında, təxminən 1789-90-cı illərdə Afrikanın cənubunda – Cənubi Afrika Respublikasının (CAR) indiki Kap əyaləti ərazisində yerli xalqlardan olan zənci ailələrin birində bir qız doğulur. 19-cu əsrin əvvəllərində burların vəhşicəsinə yerli əhalini növbəti qarəti və qətliamı zamanı həmin qızın valideynləri öldürülür, özü isə qula çevrilir ( “Bur”lar hələ 17-ci əsrin ortalarından Afrikada məskunlaşmış holland əsilli fermerlər idi. Onlar indiki Kap əyaləti ərazisində böyük sahələri ələ keçirmişdilər. “Bur” holland dilində “kəndli” mənasını verir).
Beləliklə, qızı qula çevirən burlar ona Sara adı verirlər. Sonradan isə qısaldılmış formada onu Saarti çağırırlar. Saarti Bartman. Saarti bir müddət Keyptaundakı varlı fermerlərdən birinin ailəsində qul olaraq çalışır. Onun çox qeyri-adı bədən quruluşu olur. Günlərin birində fermaya qonaq gələn Britaniya cərrahı Uilyam Danlop Saartinin bu fərqliliyini görür və ona İngiltərəyə getməyi təklif edir. O, qızı inandırır ki, İngiltərəyə köçüb orada yaşasa, varlanacaq. Saartinin razılığını alan Danlop Kap kaloniyasının qubernatoru Lord Kaledonu da bu işə razı sala bilir (amma sonradan bu gedişin əsil mahiyyətini eşidəndə qubernator çox peşman olur).
1810-cu ildə təxminən 20 yaşlı Saarti Londona gətirilir və pul qazanmaq üçün vasitəyə çevrilir. Afişalarda Saartinin adı “Qara Venera” kimi qeyd olunur. O, hər gün çılpaq şəkildə publika qarşısına çıxarılır. Saartinin avropalılara xas olmayan bədən quruluşu (onun arxası çox iri, cinsiyyət orqanının ölçüsü isə xeyli böyük idi) londonluların marağına səbəb olur və ona tamaşa etmək üçün hamı məmnuniyyətlə pul verir (ancaq deyilənə görə, Saarti publika qarşısına heç vaxt tam çılpaq çıxmayıb. Sonadək onun əynində bədənin müəyyən hissələrini örtən paltar olub). Bununla həm də Avropada insanın heyvan kimi nümayiş etdirilməsi kimi biabırçılığın əsası qoyulur (Avropada sonralar hətta insan zooparkları yaranır).
Ancaq çox keçmir ki, bu tamaşa İngiltərədə ciddi qalmaqala səbəb olur. Belə ki, Saarti Londona gələndən üç il əvvəl, 1807-ci ildə İngiltərədə qul alverini qadağan edən qanun qəbul olunmuşdu. Həmin qanun Saartidən bu şəkildə istifadənin yolverilməzliyini iddia etmək üçün hüquqi baza sayılırdı. Elə bundan da istifadə edib, məsələyə o dövrlər qulların azad edilməsində olduqca mühüm rol oynayan “Abolitionist” Cəmiyyətinin Afrika Asossiasiyası qarışır. Cəmiyyət Saartinin azad olunması üçün məhkəməyə müraciət edir. Müraciətdə qeyd olunurdu ki, Saarti publika qarşısına alçaldıcı şərtlərlə və məcburi çıxarılıb. Ancaq 1810-cu il noyabrın 24-də Londonda keçirilən məhkəmə prosesində Saarti Bartman bildirir ki, publika qarşısına məcbur edilmədən və qazanılacaq pulun bir qisminin ona çatması barədə razılaşmaya əsasən çıxıb (Saartinin dəfələrlə vəhşi heyvan kimi qəfəsdə nümayiş olunması, məhbuslar qarşısında rəqs etməsinin öz xoşuna olması və əldə edilən gəlirin bir hissəsinin həqiqətən də ona çatıb-çatmaması məsələsi prosesdə sübut olunmamış qalır). Nəticədə Sararti Bartman azad olunmur. Məhkəmə qərara gəlir ki, onun cərrah Danlopla müqaviləsi var və hər şey qanun çərçivəsindədir…
Londona gəlməsindən düz 4 il sonra Saarti Bartman heyvan təlimçisi olan Reo adlı fransıza satılır. Reo onu özü ilə Fransaya aparır və Parisdə eyni qaydada publika qarşısına çıxardır. Beləliklə, Saarti düz 15 ay Fransada İngiltərədəkindən daha çətin şəraitdə yaşayır. Parisdə olduğu müddətdə ona bir çox alimlər baş çəkirlər. Onların arasında Milli Təbii Tarix Muzeyinin heyvanxanasının müdiri Corc Küvye də olur. Küvye Saartini yaxşı öyrənmək üçün onu xeyli müşahidə edir, danışdırır, bədən quruluşunu, orqanlarını nəzərdən keçirir, qeydlər götürür.
Paris publikasının pul ödəməklə Saartiyə baxmaq marağı qalmadıqdan sonra o, içkiyə qurşanır və fahişəliklə çörəkpulu qazanmağa çalışır. Fransada yaşadığı qısa müddət ərzində Saarti bir çox karikaturaların və komik səhnəciklərin personajı olur.
5 il Avropanın göbəyində alçaldılaraq yaşayan Saarti Bartman nəhayət 1815-ci il dekabrın 29-da, təxminən 25 yaşında naməlum xəstəlikdən vəfat edir. Onun sifilis və ya sətəlcəmdən öldüyü istisna edilmir.
Ölümündən sonra Saarti Bartman xristian adəti ilə torpağa tapşırılmaq əvəzinə (1811-ci ildə o, Mançester kilsəsində xaç suyuna salınmışdı ) cəsədi əvvəl yarılır, sonra isə cinsiyyət orqanları kəsilib götürülür. (Corc Küvye tərəfindən) Küve sonradan öz memuarlarında onun əla yaddaşı olduğunu və holland dilində çox gözəl danışdığını yazıb). Uzun illər Saarti Bartmanın skeleti, eləcə də spirtin içində saxlanılan beyni və cinsiyyət orqanları Parisin İnsan Muzeyində nümayiş etdirilir. Yalnız 1974-cü ildə onun qalıqları ekspozisiyadan yığışdırılır. Onu da deyək ki, bütövlükdə 19-cu əsr ərzində Saartinin qalıqları antropologiya mühazirələrində zəncinin meymuna (xüsusilə də oranqutana) nə qədər yaxın olduğuna “sübut” kimi nümayiş edilib.
Nəhayət 1994-cü ildə CAR dövlət səviyyəsində Fransa hökumətinə rəsmi müraciət edib, Saarti Bartmanın qalıqlarının vətəninə qaytarılmasını istəyir. Uzun yazışmalardan sonra – 2002-ci ildə Saarti Bartmanın qalıqları CAR-a gətirilir və doğumundan 200 il sonra vətənində dəfn edilir.
Və bunu Nelson Mandella edir. Təsəvvür edirsiz? Adam 27 illik həbsdən sonra azadlığa çıxır (1990), ölkəsində hakimiyyətə gəlir (1994), elə həmin il də, Fransadan öz millətinin əvvəl qul, sonra da fahişə olmuş nümayəndəsinin qalıqlarını tələb edir.
Bax, bayaqdan bunu demək istəyirdim.