Üç gün sonra Azərbaycanın müstəqillik dönəmində növbəti iri seçki tarixə qovuşacaq. Daha dəqiq desək, ölkəni doğru inkişaf səmtinə yönəldəcək daha bir qiymətli şans əldən buraxılmış olacaq. Gələn həftə bir də görəcəyik ki, təzə parlament elə həmənki – köhnə, müxalifətsiz parlamentdir ki var, özünün təzə-köhnə spikeri Oqtay müəllimlə, onun təzə-köhnə müavinləri Ziyafət Əsgərov və Bahar Muradova ilə birgə. Sanki heç seçki olmayıb.
Havası çatmayan ölkəyə isə təmiz hava, oksigen, yeni nəfəs, yeni parlament, yenilik lazımdı! İctimai-siyasi, iqtisadi həyatın istisnasız olaraq bütün sahələrində oksigenə ehtiyac var! Bundan ötrü də idarəçilikdə yeni təfəkkür tərzinə, XXI əsrlə uzlaşan modern və çevik yanaşmaya, yeni və ləkələnməmiş kadrlara əşhədü ehtiyac duyulur. O da ki, üfüqdə görünmür – “şanlı, doğma, əziz partiyamız YAP”ın “şəfəqləri” qabağını kəsdiyi üçün.
Demək, Azərbaycan bu qiyafə və keyfiyyətdə hara gedib çıxa bilərsə, ona doğru yoluna 1 noyabrdan sonra da davam edəcək. Həmin təhlükəli “ünvan” haqda ekspert-sosioloqlar neçə vaxtdır danışır, həyəcan təbili çalır, xəbərdarlıq edirlər. Amma çifayda? Xroniki təfəkkür geriliyi, modern düşüncə tərzinin çatışmazlığı imkan vermir.
İnsafən, demokratik müxalifət düşərgəsi özünün siyasi varlığı bahasına olsa belə, nələrsə etməyə, uçuruma gedən yol üzərində müxtəlif əngəllər yaratmağa çalışır. Fəqət, “qatarı” nə dayandırmağa, nə də onun sürətini azaltmağa gücü çatmır. O səbəbdən ki, fəaliyyəti siyasi müxalifətçilikdən çox dissidentliyi xatırladır. Dissidentlər isə xarabazarlıqlar içində orda-burda bitən tək-tük güllərə bənzərlər…
Ötən bazar müsavatçı dissidentlər Baklıda seçki mitinqi keçirdilər və bununla azacıq da olsa, guya seçki dönəmi yaşayan Azərbaycanın görkəminə 1-2 demokratik ştrix vurmağa səy etdilər. Gəl ki, ölkədəki hakim sistemin parlaq nümayəndələrindən olan Siyavuş Novruzov ənənəsinə sadiq qalaraq əlüstü damğasını basdı ki, bəs “mitinqdə seçici olmayıb, elə müsavatçıların özləri olub”.
Guya müsavatçılar seçici sayılmır. İkinci yandan baxanda əslində o, düz buyurur. Çünki “Məhsul” stadionu daxil, bütöv Azərbaycanda seçici tapmaq çoxdan müşkül məsələyə çevrilib. Səbəbini kim bilməsə də, YAP-çılar yaxşı bilir: iş ondadır ki, məhz elə Novruzovun təmsil elədiyi siyasi qüvvənin sayəsində vətəndaşda azad, dürüst, ədalətli seçkiyə inam qırılıb, seçkiyə qarşı onda ikrah yaranıb. Seçkilərin nəticələrini iki ay öncə bildiyi üçün də elektorat özünə əziyyət verib nə seçki məntəqəsinə gedir, nə də “Məhsul” stadionuna gəlir.
Beləcə, ölkədə vətəndaş var, amma seçici yoxdur. Bu dərəcədə bəsit, bəsit olduğu qədər də sərt və acınacaqlı, dövlətin bünövrəsini qazıyan bir reallıq. Dairə qapandımı? Qapandı. Amma Azərbaycan seçicisiz seçki ənənəsindən qurtulmadı. Qurtula bilməyəcək də, nə qədər ki, “yuxarıların” seçki fəlsəfəsi 180 dərəcə dəyişməyib.
Hamı bu ənənədən bezdi, bircə onu yaradanlardan savayı…
*****
“Türkiyədən fərqli olaraq Azərbaycanda seçki mitinqləri niyə yoxdur və olanda da kütləviliyi yoxdur” sualına artıq cavab verildi – səbəb seçkiyə total inamsızlıq, ölkədə seçici səsinin dəyərsizliyidir. Amma sən absurda bax ki, “seçkiyə” seçki rəngi qatmağa çalışan Müsavata mitinqə görə minnətdar olmaq əvəzinə, YAP yetkilisi ona rişxənd edir.
Bu sətirlər yazılarkən, ölkənin aparıcı partiyası olan Müsavat rəhbərliyi özünün 25 namizədi ilə 1 noyabr səsverməsinə qatılıb-qatılmamaq məsələsini son dəfə götür-qoy etdi. Müsavat boykot qərarı verdi və bizcə haqlıdır. Çünki çatan məlumatlara görə, iqtidar namizədləri (söhbət təkcə YAP üzvlərindən getmir) və onları qanunsuz şəkildə deputat etməyə çalışan yerli hakimiyyət nümayəndələri müxalif namizədlərə qarşı qalmayan hoqqalardan da çıxıblar.
Seçkiyə gedən də peşman, getməyən də. Ümumiyyətlə, seçicinin olmadığı ölkədə nə seçki?