Qardaş Türkiyə 1 noyabr sınağından çıxmağı bacardı. Əsas yekun budur ki, ölkə koalision hökumət qurulması kimi neçə aydır daşıdığı ağır, az qala, dövlətin sütunlarını silkələyən problemdən qurtuldu. Xalq AKP-yə təzədən təkbaşına hökumət formalaşdırmaq mandatı verməklə bütün siyasi qüvvələri bu üzücü missiyadan azad elədi.
Bu, ən əvvəl o anlama gəlir ki, Türkiyə cəmiyyəti olduqca həssas və mürəkkəb bir dönəmdən keçən dövlətin təcili şəkildə legitim hökumətlə təmin olunmasının zəruriliyinə dair verilən mesajları lazımınca qəbul edib və ciddiyə alıb.
Bu, həm də o deməkdir ki, 7 iyun parlament seçkilərindən sonra hakim partiyanın koalisiyalı hökumət qurulması yönündə apardığı siyasəti, sərgilədiyi mövqeyi toplum daha çox təqdir edir, nəinki koalisiya ortaqlığı təklif olunan digər siyasi qüvvələrin bu təkliflə bağlı nümayiş etdirdiyi yanaşmanı və olduqca həssas bir dönəmdə yaşanan mənasız siyasi didişmələri. Türkiyə siyasi didişmələrə “yox”, APK ilə “Yola davam”a “hə” dedi.
Bunu iki seçkilərin nəticələrindən asanca görmək olar. Belə ki, 7 iyun Böyük Millət Məclisinə (TBMM) seçkilərdə AKP 40,87 % (258 yer), CHP 24,95 % (132 yer), MHP 16,29 % (80 yer), HDP 13,12 % (80) səs toplamışdısa, cəmi 5 ay sonra – 1 noyabrda qüvvələr nisbəti belə olub: AKP 49,6 % (317 yer), CHP 25,22 faiz (134 %), MHP 11,7 % (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 % (müstəqil deputatlarla birlikdə 59 yer).
Göründüyü kimi, yalnız CHP öz faizlərini qoruyub saxlaya bilib. MHP və HDP-də isə ciddi geriləmə var.
Nəticələr şəksiz ki, AKP iqtidarına, Ərdoğana növbəti böyük bir siyasi avans, “xeyir-dua”dır ki, ölkənin daxili və xarici siyasətinin hazırkı prioritetlərini, o sırada həmçinin, iqtisadi prioritetlərini saxlasın və inkişaf etdirsin, iqtisadi azadlıqları genişləndirsin, lirəni möhkəmlətsin. O sırada söhbətSuriya böhranı və Bəşər Əsəd, PKK və kürd acılımı, İŞİD terroru və Rusiya ilə münasibətlər sahəsində aparılan siyasi kursdan gedir. Türkiyə xalqı Ərdoğan iqtidarına bu məsələlərin hamısında daha qətiyyətli olmaq mandatı tanımış oldu.
Bura Türkiyənin Ermənistan və Qarabağ siyasəti də daxildir. Ermənilər çox ümidli idilər ki, təkrar seçkilərdə də PKK yönlü HDP öz səslərini qoruyub saxlayacaq, heç kimə yenə də birpartiyalı hökumət qurmaq mandatı verilməcəyək və o üzdən HDP ilə koalisiya məsələsi də aktuallığını saxlayacaq, PKK simpatizanları Türkiyənin qanunverici orqanında daha geniş əl-qol aça biləcəklər.
Müdrik Türkiyə seçicisi bu ümidləri də alt-üst elədi. Aydin oldu ki, rəsmi Ankaranın Qarabağ, erməni işğalı, saxta soyqırımməsələlərindəki prinsipial mövqeyi bundan sonra da dəyişməz olaraq qalacaq. Bu, 1 noyabr seçkilərinin nəticələrinin Azərbaycan üçün çox mühüm yekunlarından biri hesab edilə bilər.
Türkiyə elektoratı habelə, HDP-nin deputatlarının sayını 21 nəfər azaltmaqla ona üstəlik, öz yerini göstərdi. Bununla da sabitliyi, dincliyi, cəmiyyətin və dövlətin tamlığını hər şeydən üstün tutduğunu göstərdi, ölkənin ərazi bütövlüyü və suverenliyinə sədaqətini bir daha ortaya qoydu, terrora gizli-açıq dəstək verənlərin, separatçılığın, bölücülüyün yanında olmadığını nümayiş etdirdi.
*****
1 noyabrda Azərbaycanda da parlament seçkiləri keçirildi. Necə keçirildi – artıq bütün dünyaya bəllidir. Əfsuslar olsun ki, “bir millətin ikini dövləti”ndə belə seçkilər Türkiyədən fərqli olaraq çoxdan ölkə ictimai-siyasi həyatı üçün heç bir dəyər kəsb eləmir. Çünki Azərbaycanı 23 ildir öz “dəyərləri” var…