Din, dövlət, cəmiyyət münasibətləri baxımından ölkəmiz nə qədər sabit görünsə də, hər şeyin nəzarətdə, qanunlar çərçivəsində olmasına dair iddia və qənaətlər olsa da, heç kəs dana bilməz ki, bu sahədə də problemlər var.
Azərbaycan elə bir geosiyasi qovşaqda yerləşir ki, burada o cür problemlərin olmaması mümkün deyil.
Hələ bəxtimiz gətirib ki, cəmiyyətimiz tarixən maarifpərvər olub, daima cəhalətdən uzaq olmağa, xurafatlara uymamağa çalışıb və müəyyən məsafə qət edib.
Bununla belə, dövlət müstəqilliyimizi bərpa etdikdən sonra müxtəlif dini cərəyanların, məzhəb və təriqətlərin ölkədə boy göstərməsi, bir-birilə güzəştsiz mübarizədə olması bu ölkədə dini sahənin nəzarət altında saxlanılmasını vacib edir.
Məzhəb davası aparan ölkələrin (Pakistan, Əfqanıstan, Yəmən, Suriya, İraq və s.) gününü görürük: bir həftə məscidi partladır, möminləri kütləvi şəkildə qətlə yetirirlər, o biri həftə camedə partlayış törədir, ibadətlə məşğul olan dindarları həlak edirlər.
Ölkəmizdə eyni dinə, eyni peyğəmbərə inanan, ancaq müxtəlif məzhəblərdə birləşən yüz minlərlə insan var ki, dövlət nəzarətinin basqısıyla qarşılıqlı nifrətlərini boğurlar. Hələlik onların gərgin münasibətləri öz ibadət yerlərində toplaşarkən bir-birinin ünvanına işlətdikləri ağır sözlərdən, qarğışlardan o tərəfə keçmir.
Ortada dövlət hasarı olmasaydı, dövlət strukturları tərəfləri total nəzarətdə saxlamasaydılar, durum çox vahiməli olardı.
Bu üzdən regiondakı bir sıra ölkələrdə açıq müharibə səciyyəsi almış məzhəblərarası konflikt ölkəmizdə korun-korun yanan ocaq kimidir: yavaş-yavaş közərir, hərdən tüstüləyir, alovlanmağa başlayanda dövlət üfürüb söndürür.
Zaman-zaman yaranan gərginliklər, vaxtaşırı aparılan həbslər qələmə verildiyi kimi, heç də dini dəyərlərə hörmətsizliyə, möminlərə təzyiq edilməsinə görə deyil, bir-birilə çəkişən sektaların çoxalmaq, cəmiyyətə tam sirayət etmək, nüfuz, söz sahibi olmaq çabalarına qarşı göstərilən müqavimətdən irəli gəlir.
Açığı budur, ölkəmizdəki möminlərin bir xeylisi yalnızca ibadətlə məşğul olmaq, öz mənəvi dünyalarına qapılmaq fikrində deyillər, məhz ictimai-siyasi planda fəaliyyət göstərmək, dövləti və cəmiyyəti özlərinə ram edə bilən təşkilatlar qurmaq, şəriət rejimi tətbiq etmək niyyətindədirlər.
Əvvəllər bu niyyətlər bir xeyli dərəcədə pərdələnirdi, bəzi dini dairələr maneəsiz olaraq öz ruhani ehtiyaclarının ödənməsi üçün şərait yaradılmasına, dini ayinlərin sərbəst şəkildə keçirilməsinə çalışdıqlarını deyirdilər.
Ancaq son vaxtlar artıq bir çox şeylər pərdələnmir, şəriət rejimindən irəli gələn qadağaların tətbiqi tələbləri artmaqdadır. Qadınlar üçün xüsusi nəqliyyat növlərinin təşkili, hətta metroda sonuncu vaqonların sırf qadınların üçün nəzərdə tutulması tələb-tövsiyələri həmin xanədəndir.
Tərəqqipərvər filosoflar hələ 200-250 il bundan əvvəl dövlətin dindən ayrılması ideyası ilə çıxış edərkən əmin idilər ki, bəşər oğlunun hərtərəfli inkişafı üçün başqa yol yoxdur, dövləti dini ehkamlarla idarə edərək xoşbəxt, firavan cəmiyyət qurmaq mümkün deyil.
Onların nə dərəcədə haqlı olduqlarını bu gün Skandinaviya ölkələrinin, eləcə də Avropa dövlətlərinin tam əksərinin timsalında görmək olar.
Bizdə o ölkələr haqqında yanlış təsəvvürlər var, bir çoxları onları pozğunluqda, əxlaqsızlıqda ittiham edirlər. Ancaq Avropada və Amerikadakı Allah evlərinin, eləcə də möminlərin sayı Şərq ölkələrindəkindən qat-qat çoxdur, az qala hər küçənin öz ibadət evi var.
Bu məsələdə iki əsas fərq var: Biri odur ki, Avropa və Amerikadakı ibadət evləri bizdəki kimi yalnız dini mərasimlərin icrası zamanı dolmur, onlarda o evlər bir gün də boş qalmır. İkincisi isə, o evlərə toplaşanlar sırf ibadət üçün gəlirlər, dinməz-söyləməz ibadətlərini edir, dini musiqiyə qulaq asır, dağılışırlar. Daha durub dövlətin daxili və xarici (xüsusilə də qonşularla münasibətinə dair) siyasətini korrektə etməyi, şəriət rejiminin bərqərar olunması üçün planları müzakirə etmirlər.
Hərdən müxalif qüvvələr sırf konyuktura naminə, “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə cəzalandırma tədbirlərinə məruz qalan sektantlara havadarlıq etmək istəyirlər, ancaq unudurlar ki, o qüvvələrin başlıca düşmən bildikləri qüvvələr məhz müxaliflərdir, onların müdafiə etdiləri dəyərlərdir. Radikal dini qüvvələr azad seçki istəyən demokratik qüvvələri “Qərbin uşaqları” elan edirlər və ilk növbədə onları sıradan çıxarmağı düşünürlər.