İndi sizə danışacağım əhvalat məzəli olmaqla yanaşı bəzi həmvətənlərimizin Avropa haqqındakı yanlış təsəvvürlərinin təsdiqi və məşhur ritorikalarına (“Avropada əxlaqsızlq baş alıb gedir, hamısı tərbiyəsizdir, pozğundur, mənəvi deqradasiyaya uğrayıblar”) qüvvət kimi görünə bilər. Amma elə deyil, məsələ başqa cürdür.
Stokholmda qonaq olduğum evin xanımı uşaq bağçasında işləyir, ən böyükləri 5 yaşında olan colma-cocuğa tərbiyə verir. Dünən o, işdən gələndən sonra gülə-gülə belə bir söhbət etdi: “Albertlə Yohan bir kənarda mübahisə edirdilər. Birdən Noel adlı qız onların yanına gəldi və bərkdən dedi: “Heç kəs mənim ərimin üstünə qışqıra bilməz”. Biz mat qaldıq. Bir var, qızcığaz “mənim şerimə”, yəni “sevgilimə” deyəydi, bir də var ki, bu, birbaşa “mənim makemə”, yəni “ərimə” deyirdi. Soruşduq, kimdir sənin ərin, bala? Noel Albertin qolundan tutub, dedi, budur və heç kəs ona bir söz dey bilməz. Albert də mal-mal baxır”.
Hadisənin mabədi belədir. Axşam valideynlər uşaqlarını götürməyə gələndə tərbiyəçilər bu hadisəni Noelin anasına danışırlar və gözləyirlər ki, indicə o hirslənəcək, amma gənc ananın reaksiyası fərqli olur, bir az qəhqəhəylə gülür, sonra tərbiyəçilərə deyir, çox da şey eləməyin, bu saat bunların elə vaxtıdır, uşaqdır, oynayırlar, nə qanırlar ki, ər nədir, arvad nədir.
İndi təsəvvür edin ki, onun yerində bir mühafizəkar azərbaycanlı ana olsa, o nə edərdi. Birincisi, o, tərbiyəçiləri günahlandırardı ki, uşaqlara düzgün tərbiyə vermirlər. İkincisi, ya bağçada, ya da evə çatandan sonra qızının saçını əlinə dolayıb it sürütməsi edərdi, deyərdi ki, köpəyoğlunun qızı, sənin ərə gedən vaxtındırmı, sən hələ qorşokdan qalxmamsan, nə qələtlər edirsən, it balası, səni boğub öldürmərəmmi və s. Üçüncüsü, o, bu hadisəni ərindən, qohum-əqrəbadan gizli saxlayardı ki, özləri və uşaq biabır olmasın, sonra bu qızı kim alar. Sanki qız artıq bir dəfə ərdə olub-çıxıb. Dördüncüsü, həmin milli “Noel”i təcili həmin bağçadan çıxarar, ya başqasına qoyardılar, ya da evdə dayə tutub saxlayardılar ki, qızcığaz cəmiyyət üzü görməsin. Bəzi qəzəbli valideynlər bu halda başqa tədbirlərə də əl ata bilərlər.
Ancaq baxaq görək, bir damcı boyuyla xoşuna gələn oğlanı özünə “ər” seçən və onun müdafiəsinə qalxan Noelin anası evə gedəndən sonra nə edəcək? O, əlbəttə ki, bu, məzəli olayı dərhal ərinə danışacaq, birlikdə güləcək, qızlarının başını sığallayacaqlar və ürəklərində fikirləşəcəklər ki, ağıllı qız böyüdürlər. Bu ki indidən öz seçdiyinə qahmar çıxır, onun müdafiəsinə qalxır, demək, gələcəkdə öz sevdiyinə sədaqətli olacaq, onu, ailəsini qoruyacaq və onlar xoşbəxt yaşayacaqlar.
Bax, avropalı məsələyə bu prizmadan yanaşır, dərhal “qızını döyməyən dizini döyər” deyə bir damcı uşağı şillə-şapalağın altına salmır.
Ümumiyyətlə isə, uşaqların tez oyanması (akselarasiya) problemi təkcə Avropada deyil, bütün dünyada, eləcə də Azərbaycanda da var. Məsələn, 4-5 il öncə məhəllədə bir qızcığaz “Yaquar” ləqəbli oğluma demişdi ki, sən məktəbə ananla getmə, gəl ikimiz bir yerdə gedək, mən də sənin manitan olaram. O zaman onların yeddi yaşı vardı. Mən bu söhbəti gülüşlə qarşıladım və belə bir izahat verdim ki, qızcığaz bu sözü də, o davranışı da türk seriallarından öyrənib, ciddi bir şey yoxdur.
Elə bu yaxınlarda bir həmkarımız xanım da sosial şəbəkədə öz oğluyla bağlı məzəli hadisədən yazmışdı. Qısa məzmunu belədir. Məktəbə getmiş oğlundan anasına zəng gəlir, həmkarımız cavab verir, məlum olur ki, zəng edən oğlu deyil, bir qızdır və o qız soruşur ki, telefonda adı “Canım” kimi qeyd olunmuş xanım onun sinif yoldaşının nəyidir.
Məsələ məlumdur, beşinci sinifdə oxuyan bu qız xoşuna gələn sinif yoldaşının telefonunu kontrol edir ki, görsün, onun həyatında başqa birisi varmı.
Bu cür məsum, saf, kövrək, ürkək hisslər yaşayan balaca ürəkləri qırmaq, onların bu məzəli hərəkətlərini ciddiyə alıb cəza barədə fikirləşmək əbəsdir. Buna avropalılar kimi gülüb keçmək, uşaqların böyüyüb ciddi olacaqları günü gözləmək lazımdır.
Əgər 5 yaşlı Noel 20-25 yaşında da Alberti o cür müdafiə edəcəksə, nə gözəl. Görünür, “Hər uğurlu kişinin arxasında bir fədakar qadın var” deyimi bir az köhnəlib, bəzən fədakar Noel öz “make”sinin önündə dayanmalıdır ki, Albertin ağız-burnunu dağıtmasınlar.