Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurması ilə bağlı bəyanatla çıxış edib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Su-24 bombardmançısının Türkiyənin F-16 təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulduğunu təsdiqləyib.
“Rusiyanın Su-24 təyyarəsi Türkiyəni heç cür təhdid etməyib. O, İŞİD terror qruplaşmasına qarşı əməliyyat aparırdı”– deyə Putin qeyd edib.
“Rusiyanın Su-24 təyyarəsinin vurulması terrorla adi mübarizənin hüdudlarını aşan addımdır. Bu, terrorçuların əlaltılarının Rusiyanın kürəyinə vurduğu zərbədir” – deyə Putin əlavə edib.
Putin daha sonra Türkiyənin İŞİD-lə neft alverini yada salıb.
“Rusiya Federasiyası Suriyanın terrorçular tərəfindən zəbt edilmiş ərazilərindən Türkiyəyə neft daşınmasını çoxdan qeydə alıb”– Putin eyhamla bildirib.
Analitiklərə görə, Putin Türkiyənin İŞİD-lə neft alverini təyyarənin vurulması fonunda təsadüfən yada salmayıb. Putin yəqin ki, Su-24 təyyarəsinin vurulmasını cavabsız qoymayacaq.