Avropa Liqasında mübarizə aparan “Qarabağ” noyabrın 26-da qrup mərhələsinin V turu çərçivəsində İngiltərə nəhənglərindən sayılan “Tottenhem”i qəbul edəcək.
Musavat.com xəbər verir ki, oyundan öncə mətbuat konfransı keçirilib. “Qarabağ”ın baş məşçisi Qurban Qurbanov jurnalistlərə oyunla bağlı açıqlamalar verib və onların suallarını cavablandırıb.
“Bilirik ki, yaxşı komandaya qarşı oynayacağıq. Rəqib hazırda çox yaxşı formadadır. Bu oyun hər iki komanda üçün önəmlidir. Çalışmalıyıq ki, düzgün və səhvsiz oyun oynayaq. Bunun üzərində çalışmışıq. Futbolçuların özlərini ən yaxşı tərəfdən göstərəcəklərinə inanıram. Məsuliyyəti hiss edirlər. Tələb böyükdü, azarkeşlər bizdən çox şey gözləyirlər. Biz də ən yaxşısını etməyə çalışacağıq”.
– Rəqibin 7 oyunçusu sabah oynamayacaq. Bu sizin üçün əlavə üstünlük ola bilərmi?
– Sözün açığı, hansı futbolçuların gətirildiyini bilmirəm. Amma onlarda güclü futbolçu kifayət qədərdir. Rəqibin 7 üzvünün gəlməməyi ciddi problem deyil. Çünki “Tottenhem” böyük klubdur. Bütün oyunçular əllərinə düşən şansdan istifadə etməyə çalışır. Hər bir futbolçu bu dəqiqə gözləyir ki, yer boşalsın və oynamaq imkanı yaransın, özünü subut etsin. Hər zaman qeyd etmişəm ki, bəzən bu amillər bizim ziyanımıza işləyir.
– Rəşad Sadıqov sabahkı oyunda meydana çıxacaq? Ümumiyyətlə, heyətdə hansısa dəyişiklik olacaqmı?
– Heyətdə dəyişiklik ola bilər. Amma Avrokubok matçlarında ciddi dəyişiklik etməmişik. Belə görüşdə təcrübə və stabil oynayan futbolçuların iştirakı vacibdir. Rəşadın durumuna isə sabah səhər müayinəsindən sonra qərar verəcəyik.
Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 22:00-da başlayacaq.