Qəbələ”nin futbolçusu Rəşad Sadiqov Salonikiyə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
– Çətin səfərə yollanırsız. Səncə, hansı nəticə ilə qayıdacaqsız?
– Siz də oyunun çətin keçəcəyini bilirsiz. Qrupdan çıxmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq. “Borussiya” səfərdə “Krasnodar”ı məğlub etsə, şansımız davam edəcək. İstənilən halda, biz əvvəlcə öz oyunumuzu düşünməliyik. Bu oyunda qələbə bizim üçün çox vacibdi. Hədəfimiz 3 xaldı. Əlimizdən gələni edəcəyik.
– “Sumqayıt”la oyundan sonra dincəlməyə elə də çox vaxtınız olmadı. Hazırlıq necə keçdi?
– Komanda pis hazırlaşmadı. Peşəkar futbolçulardan formalaşan komandayıq. Buna görə də hər cür şərtlərə uyğunlaşmalıyıq. Oyuna yaxşı hazırlaşmışıq və qələbə üçün sona qədər vuruşacağıq.
– Dodonun yoxluğu sizə necə təsir edəcək?
– Ola bilər ki, bu, ciddi itkidir. Amma Dodonun yoxluğu ilə də barışmalıyıq. Bir futbolçu oynamırsa, digərinə şans yaranır. Meydanda olan oyunçular çalışmalıdı ki, bu itkinin yerini doldursunlar.
– Səfərdən uğurlu nəticə ilə qayıtmaq üçün ən çox nəyə diqqət yetirmək lazımdı?
– Sürətli hücumlar təşkil etməliyik. Əsas diqqəti əks-hücumlara yönəltməli və müdafiədə səhvsiz oynamaqla qəfil həmlələr etməliyik. “Panatinaikos”la oyunda belə oynamışdıq və bu, bizə uğur gətirdi.
– Uğursuzluq olanda müəyyən söz-söhbətlər yaranır. Deyilənə görə, komandanın daxilində sağlam ab-hava yoxdur. Hətta Dodonun ukraynalı futbolçularla yola getmədiyi deyilir…
-Açığı, belə şeyləri eşitmək xoş deyil. Kimlərsə özlərindən bu cür söhbətlər çıxır. Bütün günü futbolçular bir ailə kimidi. Bir yerdə yemək yeyirik, çay içirik. Azərbaycanlı futbolçular hər bir legionerlə xoş münasibətdədi. Ola bilsin ki, hansısa legioner digər ölkədən olanı sevmir, yaxud bəyənmir. Hər bir komandada bu cür hal ola bilər. Amma bizdə hansısa qruplaşmanın ola biləcəyinə inanmıram. Belə olsa, rəhbərlik dərhal həmin qruplaşmanı dağıdar.
– “Qarabağ”ın şansları haqda fikirlərini bilmək istərdik.
– “Qarabağ”ın şansları var. “Tottenhem”i məğlub etsələr, səfərdə “Anderlext”i də keçmək mümkündü. Hazırda komandanın yaxşı heyəti var. Bunu bacara bilərlər. Yeri gəlmişkən, onlara da uğurlar arzulayıram.
– Son zamanlar heyətdə az-az görünürsən.
– Bu, baş məşqçisinin seçimidir. Bəzən mənə, yaxud da başqasına davamlı oynamaq şansı verir. Kimi fikrində tutursa, baş məşqçi onu da meydana buraxır. Burda mənim edə biləcəyim heç nə yoxdu.