“Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır”
(Azərbaycan ata sözü)
Türkiyə Rusiyanın hərbi uçağını sərhəd pozuntusuna görə vurub saldı. Dünən bununla bağlı azərbaycanlıların müzakirələrinə diqqətlə baxdım. Bəziləri deyirdi gərək bizim hökumət türkmənləri qorusun, Türkiyə ilə bir yerdə olsun. Rusiyaya nota verməliyik-filan.
Doğrusu, öz torpağını, ərazi bütövlüyünü 23 ildir qoruya bilməyən, üstəlik, bunun taleyini başqalarına həvalə edən dövlət Rusiyaya qarşı nə edə bilər, türkmənləri necə qoruya bilər, bu haqda düşünmək belə faydasızdır. Üstəlik, işğal edilən torpağımızı “tapşırdığımız” 3 dövlətdən biri elə Rusiyadırsa.
Məncə, Azərbaycan özünü bir məşhur lətifədəki kimi aparmalıdır. Bir nəfər gecə küçədə iki sərxoşa rast gəlir, sərxoşlar bıçaq çıxarıb bunun böyürlərinə dirəyirlər, deyirlər bizim mərcimiz var, gərək onu həll edəsən: “Bu göydəki Aydır, yoxsa Günəş?” Adam baxır durum xarabdır, Ay desə də vurulacaq, Günəş desə də, dərhal cavab verir: “Qardaşlar, mən buralı deyiləm, yoldan keçirəm, düzünü buralı olanlar bilər”. Biz gərək özümüzü belə aparaq. Sanki heç nə olmayıb.
Prinsipcə, elə bu cür də aparırıq. Mən məsləhət görsəm, görməsəm belədir. Rahatı budur. Rusiya özü Putinin səfeh siyasətinə uyub Əsədə dəstək adıyla bölgədə aktivləşdi, bəyəm bundan sadə ruslar xeyir gördülər? Əksinə, terrorla üz-üzə qaldılar, artıq rusların Orta Doğuda itirdiyi vətəndaş sayı 250-yə yaxınlaşır. Bir ata sözümüzdə deyilən kimi, iki dəvə əlləşəndə otluq xarab olar. Ən yaxşısı neytral qalmaqdır. Türkiyəyə, Rusiyaya, Suriyaya, İrana, İraqa, ABŞ-a, Avropaya, lazım gəlsə hətta İŞİD-mişidə də hörmətimizi bildirib başımızı qoruyaq. Balans siyasəti – bizdə bunun adı belədir.
Yeri gəlmişkən, dünən həmin balanslı siyasətin daxili hissəsinin tərənnümü deputatxanada yaşandı. Spikeri, onun müavinlərini təzədən öz kreslolarına təsdiqlədilər, dövlət büdcəsindən yeni spikerin ölçüsünə uyğun kreslo almaq lazım gəlmədi. Niyə də yenisi olsun? Guya təzə gələn Oqtay müəllimdən yaxşı spiker olacaq? Heç olmasa bu yeyib doyub, deyib gülüb, düymələyib, dürtmələyib, incələyib…
Biz dəyişiklik arzularının xalqları qana boyadığını görürük. Misal üçün, indi Suriyada başlanan qırğın elə dəyişiklik arzusundan yaranıb. İnsanlar 70 ilə yaxın sürən Əsəd sülaləsinin hakimiyyətindən bezmişdilər. İllərlə cəmiyyətdə yığılan problemlər birdən qaynadı, qapağı atdı, qazan çevrildi. Hamı yandı. Suriyalılar bir-birini qırırlar, ölkədən qaçırlar. Sən hansı ağılla belə bir ölkədə dəyişiklik istəyirsən? Təsəvvür elə, hamı “Allahu-əkbər” deyib o birinə güllə atır. Srağagün baxdım, hətta türkmənlər də belə deyirdilər. Bəşər Əsədin ətrafında sıx birləşmək əvəzinə gör nə istəyirlər. Bəlasını da çəkirlər.
Sözümün canı odur ki, bezmək lazım deyildi. Yenə başqa bir lətifədən sitat gətirsək, “uça bilmirsənsə, gərək hoppanıb düşməyəsən”. Ərəb hara, bahar hara? Heç coğrafi baxımdan da düz gəlmir, o qurşaqda yazın gəlişini, fəsillərin dəyişməsini çox cüzi hiss eləmək olur. İnqilabı qoy fransız eləsin, ukraynalı eləsin, gürcü eləsin… Ərəbin, azərbaycanlının, farsın, rusun inqilabı çox təhlükəli nəticələr verir. Bizim üçün ən yaxşı yol, yuxarıda yazdım, sakit oturub baxmaqdır. Hətta yatsaq daha yaxşı olar. Vəziyyət düzələndə qalxarıq.
Mən son vaxtlar belə qərara gəlmişəm ki, klassik yazıçılarımızın milləti oyanmağa səsləməsi çox yanlış addım olub. Ən çox da bu işlə Mirzə Cəlil məşğul olurdu. Görünür naxçıvanlı damarı tərpənibmiş. Rəhmətliyin oğlu, bərk qışqır-bağır saldın, biz də oyandıq, bunun dünyaya nə xeyri var? Bizim yatmağımız qat-qat xeyirlidir. Özü də müsbət haldır ki, ruslardan fərqli olaraq bizim yatmağımız üçün nəsə içməyimiz lazım deyil. Elə ayaq üstdə yatırıq.