Sizcə, hansı daha böyük qəbahətdir: yalan (daha dəqiqi, təsdiqlənməyən) informasiya yaymaq, yoxsa təsdiqlənmiş doğru informasiyaları yazmamaq? Əlbəttə, bilə-bilə dezinformasiya yaymaq böyük qəbahətdir. Həqiqətin ağzına daş basıldığını görüb də susmaq isə hamısından yekə qəbih işdir.
Tutaq ki, bir sayt filan nazirin işdən çıxarıldığını, yaxud çıxarılacağını yazır. Nə olsun? Nə böyük işdir! O vəzifə ona dədəsindən qalıb? Əvvəl-axır onsuz da çıxaracaqlar da. Yoxsa bunu yazanda adam həyəcanlanır, əmək qabiliyyəti, faydalılıq əmsalı azalır? Azalırsa, cəhənnəmə azalsın, gora azalsın.
Əslində nazirlər, komitə sədrləri, digər yüksək vəzifəli şəxslər hər gün işə başlayanda beyinlərinin bir küncündə saxlamalıdırlar ki, yaxşı işləməsələr bir gün onları işdən çıxara bilərlər, pis işləsələr, daha pis olar, tutub basarlar içəri.
“Göyərçin oğrusu tutuldu” başlığıyla xəbər vermək, əlbəttə, asandır, bunu polis də təsdiqləyir, prokurorluq da. Hətta mətbuat xidmətləri öz saytlarına müvafiq informasiya da yerləşdirirlər. Amma baxaq görək, Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzeti ölkəmizdən Gürcüstana keçirilmiş 3 ton (lap olsun 2 ton 850 litr) maye heroinin tutulmasından yazdımı?
Yazmadı. Niyə yazmadı? Axı o, yalan informasiya deyildi, həqiqət idi, Gürcüstanda bütün KİV orqanları bu barədə yazır, danışır, göstərirdi, bizdə isə 3-5 qəzet, sayt yazdı, yerdə qalanları susdu.
Yəni belə çıxır ki, beş-altı göyərçinin oğurlanması, sonra sağ-salamat yiyəsinə qaytarılması 3 ton narkotik maddənin tranzitindən daha vacib məsələdir.
Hərçənd o 3 ton heroin yüz minlərlə narkomanın quş mısalı “uçması”na bəs edər. Beş-altı göyərçin sadəcə havada pərvazlanır, dövrə vurur, sonra yiyəsinin hininə qayıdırsa, heroinlə “uçanlar” yerə düşmür, ya dörd divarın içinə düşür, ya da torpağın altına.
Amma sən narkotik biznesini idarə edənlərdən, hətta bu boyda bəşəri problemdən ümumi şəkildə də yaza bilmirsən, ona görə ki, baronları tanıyırsan və bilirsən ki, yazsan, onlar inciyə, sonra da səni incidə bilərlər. Salamatı televiziya verilişlərini cəmiyyətin zövqünü korlamaqda, saytları yalan informasiya yaymaqda günahlandırıb tənqid etməkdir.
Budur, camaat 40 gündür “MTN işi”dən danışır, işdən qovulanların, bu işlə bağlı tutulanların, istintaqa cəlb edilənlərin sayı-hesabı yoxdur. Ancaq bəzi dövlət strukturları, eləcə də onlara mirzəlik edənlər hesab edirlər ki, bu boyda haqq-hesaba baxmayaraq, media bundan yazmamalıdır.
Niyə, əmoğlu? Nədi, yoxsa şübhələnirsən ki, bu cür yazılar pis ictimai rəy-zad yarada bilər?
Sən kefini sür e, əmoğlu, sən yaxşı oğlansan, yalan informasiya yaymırsan. Amma elə saytlar var ki, gündə yüz xəbərin ürəyini üzürlər, əllərinə nə düşdü, yazırlar, pis nə gördülər, eşitdilər, yazıb-yayırlar. Hər şeyi qara görürlər.
Sənin işin yaxşıdır, oxucuların səndən doğrunu yazmağı tələb etmirlər, demirlər, filan şey filan oldu, sənin qəzetində niyə yoxdur. Amma bizi keçəl edirlər. Elə olur ki, eyni mövzuda dalbadal yeddi dəfə yazırıq, oxucu səkkizinci xəbəri görməyəndə istənilən bir yazımızın altına şərh yazır ki, nə oldu, dəən, satıldınız, bu gün niyə filan məsələdən yazmamısınız.
Camaat bəzən bizdə hətta yalan informasiya da istəyir, əziz həmkar. Xalq istəyir ki, yalan da olsa, düz də olsa, “Nazir tutuldu, evindən milyonlar tapıldı” başlıqlı yazılar çox olsun. Bu, onun arzusudur, nə edək. Hər kəsin nəsə arzulamaq və o arzusunu həyata keçirmək haqqı var. Qoy hökumət xalqın bu arzusunu yerinə yetirsin, biz də yazaq, yalançı çıxmayaq.
Əmin edirəm ki, istənilən yüksək vəzifə yiyəsini tərpədib ortalığa çəkmək kifayətdir ki, “yeddi villası tapıldı”, “Bahali maşınlardan ibarət qarajı aşkarlandı”, “Xarici bank hesablarında milyonları varmış” kimi arzu-xəbərlər doğrular.
Bu baxımdan “yalan informasiya yaymaq” söhbəti boş şeydir, biz hələ doğruların dörddə birini yazıb çatdıra bilmirik. “Çatdıra bilmirik” ifadəsinin içində o da var – dövlət təminatı məsələsi…