Dünən Nardaranda polislə radikal islamçılar arasında ciddi toqquşma olub, qan tökülüb. 6 nəfərin öldüyü, çoxlu yaralı, həbs edilənlər haqda danışılır. Kənd camaatı bir söz, polis və prokurorluq başqa söz deyir. Neytral, obyektiv araşdırmanı ancaq azad KİV-lər, azad QHT-lər apara bilərdi. Buna isə imkan qalmayıb.
Yapistlər bu cəmiyyət institutlarını məhv ediblər. Vətəndaş cəmiyyəti institutları məhv ediləndə isə cürbəcür radikallar meydan sulamağa başlayır. Hər tərəfdən. İki mürtəce sistem toqquşursa, burda müşahidə edənlərə də bir xeyir yoxdur. Çünki müşahidə eləmək üçün məkan və zaman dardır. Zəhləm gedən, ancaq acı həqiqət olan şablonla desək, terrordan heç kim sığortalanmayıb.
Sizcə dünənki toqquşmanın 26 noyabra düşməsi sırf təsadüf idimi? Əlbəttə. Ancaq mən bunda da hansısa qanunauyğunluq görürəm, çünki 26 noyabr Azərbaycan tarixinin qara günlərindən biridir. Məhz 2005-ci ilin 26 noyabrında yapistlər “Qələbə” meydanına toplaşan siyasi müxalifəti vəhşicəsinə əzib keçmişdilər. Uşaq, qadın, qoca demədən hər kəsi ayaqlamışdılar. Həmin gün bizim siyasi sistem üçün həm də bir dönüş nöqtəsi idi. Yapistlər məhz 2005-ci ilin 26 noyabrında administrativ maşını tam döndərib təmiz avtoritarizm magistralına çıxdılar. Mesaj verdilər ki, daha demokrasi-filan oyunları bitmişdir, tərpənən vurulacaq, əziləcək. 10 ildir də marşruta əməl edirlər, heç xətdən çıxmadılar.
İndiki radikalların kökləri məhz elə günlərə gedib çıxır. O cür pis günlərdə əkilən toxumlar cücərir, biri Nardarandan çıxırsa, başqası Suriyaya uzanır. Üstünə də gəl təhsilsizliyi, savadsızlığı, cəhaləti, fiziki xəstəlikləri, işsizliyi və sairəni. Bu cür rütubətli rejimdə hamam böcəkləri, tarakanlar, qurdlar, bakteriyalar təbii ki, kef edəcəklər, günahsız insanlar da ara yerdə öləcək.
Misal üçün, maraqlansan görəcəksən Nardaranda bir dənə də normal məktəb yoxdur. (Guya hansı kəndimizdə var? – bu sualı da gözləyirəm, ancaq bunun izahı bir az uzundur. Niyə nardaranlılar başqa ərazilərdən fərqlənir, bunun ciddi sosial, psixoloji, dini, hətta genetik kökləri var). Bu kəndi parlamentdə bəlkə 20 ildir deputatxananın “lal-kar” üzvlərindən biri, hətta düymə basmağa da hərdən gedən Eldar Quliyev adlı tip təmsil edir. Necə deyərlər, ağsaqqalın kimdir, qabaqda gedən… Belə öncülü olan ərazidə qan axmasın neyləsin? Bu şəxs haçan qabağa durub Nardaranın problemi ilə maraqlandı? Niyə orda vaxtaşırı toqquşma olur, insanlar ölür, uşaqlar yetim qalır, ancaq sən öz dəyərsiz deputat dərinə cızıq düşməsindən qorxub ərazidə görünmürsən? Hələ utanmır, özü susmağına baxmayaraq qarağacı danışdırmaq istəyir, bu mövzuda şeir qayırır:
“Yağı düşmən sən görmüsən
Namərd sözü eşitmisən
Qətlləri sən görmüsən
Nə susmusan, qarağacım”.
Məzə üçün yazmıram, bu, Nardaranın deputatı Eldar əkənin “Eldar Allahyaroğlu” adıyla yazdığı cızmaqaralardan biridir. Hələ deputatxana həmkarı Novruzəli Aslanla birgə poeziya buketi, nəğmə çələngi də hörürlər – bu şeir yazır, Novruzəli müəllim isə musiqisini düzəldir. Sən Nardarandakı qətllərdən danışmayandan sonra, ağac niyə danışsın? Bu nə mövqedir?
Yeri gəlmişkən, srağagün Baş Prokurorluq nəhayət dilləndi, MTN işi ilə bağlı xeyli açıqlama verdi. 19 nəfər yüksək vəzifəli “çekist”i damlayıblar. Sadalanan cinayətlərin preyskurantı isə heyrətamizdir. Bunlar milli təhlükəsizlikdən başqa hər işlə məşğul olurmuş: qanunsuz həbslər, reket, torpaq alveri, mülkiyyətə və sağlamlığa qəsd…
Ancaq bir detal xüsusilə maraqlıdır. Düzdür, bunu deyəsən prokurorluq yox, media yayıb. Sən demə, MTN generalları hansısa biznesmeni, məmuru soymaq istəyəndə MTN izolyatorunda saxlanan köhnə poqonlu bandit, “qara polkovnik” Hacı Məmmədovdan yararlanırmış. Mexanizm analoqu olmayandır, eyni zamanda yekə-yekə danışılan dövlətçiliyin nə vəziyyətdə olduğunu göstərir. Uzatmayım: bunlar türmədə Hacı Məmmədova telefon verirmiş, Məmmədov həmin telefonla qurbana zəng edirmiş. Sonra isə MTN generalları qurbanın boğazına çökürmüş: “Sənin Hacı Məmmədovla danışdığın ortaya çıxıb, sən ondan nə zakaz almısan?” Və sairə. Adam qorxusundan hər şeyə razılaşırmış.
Ən tragikomiki isə budur: “çekistlər” Hacı Məmmədovdan baş bankir Elman Rüstəmova qarşı da yararlanmaq istəyəndə Məmmədov buna razı olmayıb. Hacı Məmmədovda dövlətçilik təfəkkürü bunlardan çox imiş. Fikirləşib heç olmasa manat sabit qalsın.