Fantastik xəbər idi: dünən günorta “Azəristilik” dövlət idarəsi ilə “Azəriqaz” dövlət idarəsi arasında danışıqlar uğurla nəticələnmişdir, yaxın vaxtlarda Bakı qazanxanalarına qaz veriləcəkdir! Görürsənmi? Sən də deyirsən hökumət işləmir. Suveren dövlət belə olar. Yoxsa Afrikanın bəzi ölkələrində ümumiyyətlə “otopleniya” yoxdur. Ağacda yaşayırlar. Banan yeyirlər. Lüt gəzirlər, bir qəpiklik mentalitetləri qalmayıb.
Ancaq çox ağır, üzücü, qanlı-qadalı proses oldu, gərək bunu mütləq yazaq. Noyabrın 15-də qızdırıcılar işə düşməli olsalar da, qaz idarəsi erməni kilsələrini qabağa salmışdı. Kimi minnətçi salırdılar, xeyri olmurdu. Energetika naziri Natiq müəllim deyirdi mənlik bir iş yoxdur. Qaz idarəsi deyirdi pulumuzu verin. İstilik idarəsi ATƏT-ə müraciət eləmişdi. Zakir müəllim deyirdi son nəfəsimizə qədər otaqları qızdıra bilərik, təki zəhmətkeşlər müraciət etsinlər. Baş nazir Artur müəllimi çətinliklə tapmışdılar, o isə demişdi: “Siz hardan bilirsiniz mənim baş nazir olduğumu? Düzünü deyin. Bunu sizə kim xəbər verib?” Mədəniyyət naziri bütün idarələrə göstəriş vermişdi ki, Şaxta babanın gəlişi münasibətilə Şən yolka tədbirlərini noyabrdan keçirməyə başlasınlar, uşaqlar yolkanın başına fırlanıb qızışsınlar.
Ümumiyyətlə, hər bir çətin görünən problemin əslində asan həll yolu var. «ASAN xidmət»i bu məqsədlə yaratmışıq. Ventili sağa burursan, qaz gedir istilikxanaya. Borc uydurma söhbət idi. Guya istilik idarəsi qaz idarəsindən kreditlə qaz almışdı? Kim kimədir ki? Bizdə hansısa xammalın, məhsulun hesabı-uçotu aparılırdısa, MTN generalı Çovdarov keçi fermasını hansı əsasla yaratmışdı? Çəpişləri debetə yazmışdı, yoxsa kreditə?
Deməli, bütün borc söhbətləri öncədən yalan idi. İstiliyi gec verdilər ki, uca millətimiz qarşıdan gələn neftsiz-qazsız soyuq illərə bir az hazırlaşsın. İmmunitet yaransın. Bir növ, hamını peyvənd elədilər, xəbərləri də olmadı. Əhsən, bu da dövlətçiliyin gücündən xəbər verir. Millət gərək başına hörülən corabın razmerini də bilməsin. Yoxsa bəziləri deyir: “corabdan iy gəlir”. Get tullan, adə. Bəyənmirsən, çıx get ölkəmizdən.
Söz asan həll üsullarından düşmüşkən, dünən internetdə oxuduğum bir maraqlı elmi araşdırmanı sizinlə bölüşmək istərdim. Demək, bir alim var, bu qardaş şokoladın fəvvarə vurarkən nədən ortaya doğru əyildiyini öyrənib. Başqa bir alim isə çaynikin lüləyindən çay tökəndə bir neçə su damcısının stəkana yox, çaynikin divarına axmasının, üstümüzü, masanı batırmasının elmi əsaslarını araşdırıb, riyazi düsturla isbat edib ki, çaynikin lüləsini sürtünmə əmsalı aşağı olan bəzi maddələrlə sürtsək, çay damcıları aşağı axmaz, hamısı stəkana düşər. Çox gözəl insandır. Böyük bir problemi həll etmişdir.
Gərək insanın özündə də saflıq, təmizlik olsun, o zaman insanı aldatmaq, seçkiləri saxtalaşdırmaq çətinləşir. Sovet vaxtı kommunist rejimin reklam elədiyi bir lotu vardı – Volf Messinq. Bu adam guya xalqın fikrini oxuya bilirdi. Halbuki adi fokusçu, sirk ustası idi. Sadəcə, SSRİ-yə sovet adamının hər şeyə qadir olması haqda mif lazım idi, o üzdən Messinq əfsanəsini xaricə yaxşı qiymətə satırdılar. Messinq zalda çıxış edərkən onun çoxlu köməkçisi adamların içində gizlənirmiş. Hansısa əşyanı bir adamın öz cibindən çıxarıb salonda başqa yerdə gizlətməsi zamanı da Messinqə həmin köməkçiləri işarə verirmiş. Müəyyən şərti işarələr, göz-qaşla və s. İnsanın cibində, xüsusən kasıb sovet insanının cibində neçə əşya ola bilərdi ki? Çox az sayda. Amma Messinq hər ehtimala qarşı cibdən çıxa biləcək 100-ə yaxın əşyanın “kodlaşdırma”sını edibmiş. Örnək üçün, gizli köməkçi sağ qaşını yuxarı qaldırsa, deməli, tamaşaçı dəsmal gizlədib. Messinq “dəsmal” deyirdi, insanlar da “pah, gör fikri necə oxudu” deyib mat qalırdılar. Messinqin şoular zamanı təsadüfi seçdiyi tamaşaçılar arasında isə bir qisim adamlar ola bilməzdi. Messinq buna qadağa qoymuşdu. Sizcə kimlər? Uşaqlar! Səbəb unikaldır: sən demə, uşaqların ciblərində ağıla gəlməyən min cür əşya ola bildiyi üçün Messinq bunu köməkçiləri ilə birgə öncədən işarələyə bilmirdi. Doğrudan da, uşağın cibindən siçan quyruğundan tutmuş armud cecəyinə qədər min cür şey çıxa bilərdi, gəl indi bunu “fikirdən oxu”…
Bunu yazmaqda elə bir xüsusi məqsədim yox idi, dedim uşaq kimi təmiz qəlbli olaq, bizi dolaya bilməsinlər.