Qohumluq və dostluq münasibətində olduğum bir neçə etiqadlı mömin var. Onlardan ikisi Yardımlı rayonunun Çayüzü kəndində, biri Şirvan şəhərində, biri Xaçmazın Seyidli kəndində, ikisi də Bakıda yaşayır. Əslində mömin tanışlarımız çoxdur, sadəcə, bu yuxarıda qeyd etdiklərim başqa cür insanlardır. Onları əsl möminlərin parlaq nümunəsi hesab edirəm.
Birincisi, qeyd etdiyim adamlar gerçəkdən də əməli-saleh, xeyirxah, halal adamlardır, mərdiməzarlıqla, kin-küdurətlə işləri olmaz.
İkincisi, onlar dindar olduqlarını, hər gün ibadətlərini, dini ayinləri icra etdiklərini reklam etməzlər, hər kəlməbaşı dindən, imandan danışmazlar. Sadəcə, adamla oturub söhbət etdikləri yerdə, namaz vaxtı gəlibsə, üzr istəyib ayağa qalxar, “bir azdan qayıdıram” deyib gedər, namaza getdiklərini deməz, qayıtdıqdan sonra “namazımı qıldım, gəldim” deməz, bunu təkəbbür hesab edərlər.
Üçüncüsü, bu möminlər öz övladlarını mütləq dindar olmağa sövq etmirlər, bu işi onların öz vicdanına buraxırlar, xanımlarının, qızlarının, gəlinlərinin örtünməsini şərt, yasaq halına gətirməyiblər.
Onlar spirtli içki içməyi heç kəsə tövsiyə etməzlər, amma içənləri də qınamaz, “günahdır” deyə təzyiq göstərməz, “öz işinizdir” deyərlər.
Yəni bu şəxslər dindarlığı, möminliyi sözün birbaşa mənasında hər kəsin şəxsi işi, şəxsi inancı hesab edirlər, dürüst olmağı imandan sayırlar.
Bu dövrdə bu cür mənəvi baxımdan kamil adamların olması gerçəkdən də böyük işdir.
Mən onlarla, xüsusilə də yaşı 80-i adlamış ağsaqqallarla dəfələrlə söhbət etmişəm, dünyaya, siyasətə, dövlətə münasibətlərini öyrənmişəm. Bu ağsaqqallar hələ sovet dövründən namazlarını qılıb, dini ayinlərini icra ediblər və bu fikirdədirlər ki, dövlət, hökumət nə qədər çalışsa belə əsl möminin ibadətinə mane ola bilməz. Biri deyir ki, mən evimdə oturub ibadətimi edir, namazımı qılır, orucumu tuturam, hökumət gəlib mənə nə edə, nə yasağı qoya bilər ki.
Ağsaqqal haqlıdır. Dünyanın ən qəddar hakimiyyəti belə insanın beyninə girib onun əqidəsinə, inancına təsir, təzyiq göstərə bilməz. Hakimiyyətlər yalnız kütləvi dini ritualları yasaqlaya bilər. Bir dindar o toplu ayinlərdə iştirak etməsə möminliyini itirmir, mövsümdən mövsümə dindar olan biri də bütün dini mərasimlərdə iştirak etsə də, dönüb əsl mömin olmur.
Barələrində bəhs etdiyim ağsaqqallar və onlardan çox gənc olan mömin dostlar əmindirlər ki, din və siyasət bir-birindən ayrı olmalıdır, dövlət işlərinə dini qatmaq olmaz.
Bu fikrə etiraz edənlər deyirlər ki, din elə siyasətin özüdür. Keçmişdə siyasi birliklərin, ictimai-siyasi fəaliyyətin olmadığı dönəmlərdə insanları bir araya toplamağın, idarə etməyin yeganə yolu din, məzhəb birgəliyi olub, ancaq müasir dövrdə buna ehtiyac yoxdur. Din yalnız ruhaniyyat, mənəviyyat məsələlərini əhatə etməlidir.
Xristian dünyası bu məsələni təxminən 200 il öncədən çözüb, dini dövlətdən, siyasəti dindən ayırıb və böyük uğurlar qazanıb. Həm bir zamanlar inkvizisiya edamları həyata keçirən və xalqın gözündə bədnam, qorxunc bir dərgaha çevrilən kilsənin reputasiyası zamanla yaxşılaşıb, həm də dövlət institutları inkişaf edərək, hakimiyyət qolları bir-birindən ayrılaraq cəmiyyəti daha effektiv idarə etməyə başlayıb.
Müsəlman dünyası isə hələ çabalayır, dövləti, cəmiyyəti necə effektiv idarə etməyin yollarını arayır və dönüb-dolaşıb dinin, daha dəqiqi, məzhəbçiliyin üzərinə qayıdır.
Hakimiyyət əldə etmək istəyən siyasi qruplar mütləq dini faktordan, məzhəb mənsubluğundan yararlanmağa çalışırlar. Onlar görürlər ki, ən asan yol budur, insanları hədislərlə, Allah xofu və mükafatı ilə bir araya gətirmək mümkündür. Ən pisi odur ki, onlar hakimiyyətə gəlmək üçün dini faktordan müvəqqəti (hakimiyyəti əldə edənə qədər) yararlanmaq fikrində deyillər, onu qazandıqdan sonra daha qorxunc bir sistem – şəriət idarəçiliyi yaratmaq niyyətindədirlər.
Min il əvvəl bəlkə də yeganə yol şəriət qayda-qanunlarıydı. Ancaq siyasət elminin, dövləti, cəmiyyəti idarə etməyə imkan verən fəlsəfi nəzəriyyələrin həyata effektiv tətbiq olunduğu, insanın bütün həyat və iş sferasına aid qanunların gündən-günə təkmilləşdirildiyi indiki dönəmdə şəriət qayda-qanunlarının tətbiqi mümkün deyil. Bu böyük faciələrə, məhrumiyyətlərə, kütləvi qanunsuzluğa, səfalətə yol açar.
Ona görə də teokratik rejim qurmaq üçün insanların dini inancından istifadə etmək yolverilməzdir. Dünyəvi dövlətlər bu tendensiyanın qarşısını qətiyyətlə almağa məcburdur. Çünki bu yolun gülüstana aparmadığını elmli adamların hamısı bilir.
Hansısa şübhəli və gizli qruplarda birləşərək səhərdən axşama qədər siyasət, hakimiyyət söhbət etmək, hansısa məqsədə çatmaq üçün qan-qadaya çağırmaq hələ əsl möminlik deyil və antibəşəri cinayətdir.
Bu cür çağırışların intensiv olduğu ölkələrin adını sayaq: Əfqanıstan, Pakistan, Suriya, İraq, Liviya, Yəmən, Əlcəzair…
Bu siyahıda olmasaq yaxşıdır .
Əgər dövlət strukturları bu sahədə gedən prosesləri vaxtında nəzarət altına götürməsəydilər, vəziyyət bundan qat-qat pis olar, məzhəb savaşı çıxardı. Ancaq indiki durum göstərir ki, bəzi dövlət orqanları, xüsusilə də millətin təhlükəsizliyinə cavabdeh olan qurum öz işinin öhdəsindən lazımınca gəlməyib, ölkəmizi qarışdıra biləcək təmayüllərin qarşısına yaxşı sədd çəkməyib.
Bu dövlətdə yaşaya-yaşaya onun süqutuna çalışmaq, başqa bir ölkənin ağzı ilə danışmaq, həlledici anlarda yadelli qüvvələrə qahmar çıxmaq təkcə milli xəyanət, mənəvi məsuliyyət deyil, həm də cinayət məsuliyyəti yaradır.