Bir xəbər gördüm, şokolad fabriki “Bir damla qan qurtarılan bir can” adlı qanvermə aksiyası keçirib. Qan xəstəliyindən əziyyət çəkən uşaqlara və bədbəxt hadisələr nəticəsində xəsarət alanlara təmənnasız yardım etməkçün. Yaxşı təşəbbüsləri dəyərləndirmək lazımdır, fərqi yoxdur bu aksiyanı kim keçirir. Xüsusilə də qanla bağlı…
Bir müddət öncə mənə yaxın olan 18 yaşlı gənc dünyasını dəyişdi, qan xəstəliyindən. Hər ay qan vurulurdu. Damarlarında o qədər insanın qanını daşıyırdı ki… Ancaq olurdu ki, kritik anlarda bütün qohum-qardaş qan sorağına düşürdü, qan qızıl qiymətinə olsa belə…
Nardaranda qan tökülməsi, 2 polis, 5 mülki şəxs itkisi xəbərini görəndə həmin o qan söhbətlərini xatırladım. Xəstəxanada rəngi avazımış uşaqları görəndə adamın ürəyi parçalanırdı. Son aylarda sıralarından üç nəfər dünyasını dəyişmişdi. O birilər də sanki “növbə”lərini gözləyirdilər, kədərli baxışları bunu deyirdi. Bu xəstələr yemək-içmək yox, qan möhtacıdılar…
Belə xəstələrimiz varkən, biz küçələrdə qan axıdırıq. Burada kimin haqlı, kimin haqsız olması barədə çox müzakirələr aparıla bilər. Amma yazılan və yazılmayan qanunlar var. Nardaran kəndi Azərbaycanın bir parçasıdır və burada yaşayanlar da Azərbaycan vətəndaşladır! Deməli, bu kənddə Azərbaycan qanunları işləməlidir. Yoxsa paytaxtın bir guşəsində tamam fərqli qaydaların tətbiqi, itaətsizlik yolverilməzdir!
Nardaran camaatının Azərbaycanın müstəqilliyində verdiyi töhfələr haqda çox danışılıb. Bu kənd ağsaqqalları ilə də məşhur olub. Elə isə nə baş verdi ki, qəfildən bu kənddə ağsaqqallıq funksiyasını kənardan gəlmiş radikal mövqeli birisi üzərinə götürdü, vəziyyət qan tökülməsinə qədər gəlib çıxdı?
Yaxşı ki, bazar günü camaat meydandan dağılmağa qərar verib, qarşıdurma yolu seçilməyib. Ancaq vəziyyətin bu həddə çatması da çox pis haldır. Bir kəndin barrikada qurması, meydana daş, dəmir parçalarının daşınması…bu, nə deməkdir? Biz kimi kimdən qoruyuruq?!
Ən təhlükəlisi bilirsiniz nədir? Nardarandakı uşaqların, yeniyetmələrin də bu prosesdə yer alması. Onlar uşaqdır, nə dediklərini hələ özləri dərk etmirlər. Amma polisə “kafir” deyirlərsə, meydana ağac və daşla gəlib döyüşəcəklərini söyləyirlərsə, bu, çox təhlükəli məsələdir. Bu düşüncəli uşaqlar böyüyəndə hansı qüvvələrin təsiri altına düşəcək, düşünmək belə qorxulu. Təkcə o balacaların valideynləri yox, elə Nardaran bələdiyyəsindən tutmuş, icra nümayəndəliyinə, təhsil şöbəsinə qədər hər bir qurumun təmsilçisində günah var.
Deyirlər ki, bu kənddə emissarlar işləyir, adamların beynini “yeyir”. Yaxşı, necə olur ki, xaricdən gəlib təbliğatla burdakı uşaqların belə beynini “yeyirlər”, amma buradakı müvafiq qurumlar illərdir öz təbliğatını aparmayıb? Niyə məhz bu gün aydın olur ki, Nardaran camaatının işığa olan borcu vurub kəllə-çarxa çıxıb? Təsəvvür edin, rəsmi məlumata görə, kəndin işığa 42 milyon 267 min, təbii qazsa görə isə 1 milyon 376 min manat borcu var.
Nə üçün cavabdeh qurum zaman-zaman borcun azaldılmasına çalışmayıb? Necə olur ki, Tovuzun erməni ilə üzbəüz Əlibəylisində yaşayan Qarabağ döyüşçüsü işıq pulunu qəpiyinə qədər ödəyir, amma Bakının mərkəzində illərin borcu yığılır? Bəlkə elektrik enerjisinin bu kəndə pulsuz verilməsi barədə dövlətlərarası razılaşma olub, xəbərimiz yoxdur? Əgər əhalinin imkanı yoxdursa, onların işlə təmin olunması üçün qərarlar verilməliydi. Yaxud başqa bir problem: niyə Nardaran kimi 10 minə qədər əhalisi olan Nardaranda indiyədək qaz problemi həllini tapmayıb? Onlara heç olmasa ümid vermək lazım idi bu illərdə.
Bəli, Nardaran problemini birdəfəlik həll etmək lazımdır, özü də top-tüfənglə yox. Kompleks təqdirlərə ehtiyac var. Təbii ki, dövlətə qarşı çıxanlar, qanunları tanımayıb başının üstündə ayrı ölkənin bayrağını daşımaq istəyənlər olarsa, onlarla özgə dildə danışmaq lazım gələcək. Lakin azacıq ehtiyatsızlıq fəlakətlərin miqyasını böyüdə bilər.
Azərbaycanı İraqa, Suriyaya döndərmək istəyənlərin mövcudluğu daha heç kəsdə şübhə doğurmur. Təhlükəsli ssenarilərin işə salınması üçün fürsət gözləyənlər də marıta yatıb. Bu gün havadan qan qoxusu gəlir, bu, çox qorxuludur. Qarşıdakı düşmənlə döyüşməyə nə var ki. Zatən Azərbaycan insanı illərdir Qarabağ uğrunda qanından, canından keçməyə hazır olduğunu deyir. Elə Nardaranda da. Bir də ki, uşaqlar var bir damla qana möhtacdır. Qan tökməyə susamayın, imkan düşəndə qan verin. İbadətin özüdür, savabdır.