İllərdir ki, belədir, hakimiyyət müxalifətə qarşı necə barışmaz, güzəştsizdirsə, əsas müxalifət partiyaları da o cürdür.
Hakimiyyət müxalifəti yamanlamağa, sıxışdırmağa həmişə səbəb, bəhanə axtarıb tapırsa, müxalifət də elə edir, əlinə düşən hər fürsətdən yararlanmağa çalışır.
Hakimiyyət öz komandası daxilində müxaliflərlə əlaqəsi olan, müxalifətlə barışıq, konstruktiv dialoq təklif edən fərdləri necə satqın sayıb saraydan qovursa, müxalifət də iqtidara qarşı bir balaca yumşalanların belinə xəyanətkar damğası vurur.
Bir də “düşmənimin düşməni mənim dostumdur” prinsipinə dəqiq riayət var ki, illərdir iqtidar da, müxalifət də siyasi mübarizədə bundan istifadə edirlər.
Vaxt olub ki, bir yüksək mənsəbli iqtidar mənsubu qatı antimüxalifətçi çıxışları ilə seçilib, hər zaman asıb-kəsib, müxalifət liderlərinə nifrət püskürüb, amma gün gəiib, onun özünü ya şəxsi ambisiyasına, ya sədaqətsizliyinə, ya da nəyəsə görə saraydışı ediblər və adam bir müddətdən sonra müxalifətçi olub.
Bu durumda müxalifət sırf öz əlini gücləndirmək, iqtidar komandasına güc gəlmək üçün həmin asi eks-məmurla yaxınlaşmaq yolu tuturlar. Yeni durum yaranır. Eks-məmurun da onlara ehtiyacı var və həyat onları təbii müttəfiq edib. Fəqət asi məmur üzdə nə deməsindən asılı olmayaraq ürəyində onları “başdanxarab qaragüruh” sayır və müxaliflərin gücündən istifadə etmək istəyir.
Belə vəziyyətdə müxalifətə yaraşan o olardı ki, “vurulub” kənara atılmış, zədəli reputasiyası br az da bərbad olmuş eks-məmuru yaxın qoymasın, öz prinsipial mübarizəsini davam etdirsn. Ancaq elə olmur. Müxalifət də eks-məmurun maliyyə resurslarından, dostlar dairəsindən, regional elektoratından yararlanmağa çalışır.
Nəticədə gün gəlir, adı qulağna dəymiş, ətrafında tərəfdarlar korpusu görmüş sabiq vəzifəli ürəyindəkini dilinə gətirir, özünü situasiyanın lideri, ağası sayır və öz təbii müttəfiqlərini aşağılayır, “indiyəcən müxalifət olub neyləmisiz”, “xalqın başına gələn müsibətlərdə sizin böyük rolunuz var” ritorikasına başlayır.
Budur, yeni təbii müttəfiqlik meydanı açılıb. Mediada, sosial şəbəkələrdə ölkənin tanınmış ictimai-siyasi xadimləri Nardaranda baş verən hadisələrdə hakimiyyətə qarşı olanların tərəfini tutur, hökuməti qınayırlar, emosional açıqlamalar verirlər.
Məhz bu xüsusda soyuqqanlı olmaq, hissə qapılmamaq lazımdır. Baxmaq gərəkdir ki, tərəflərin çatmaq istədikləri hədəf nədir, kim nəyə nail olmaq istəyir, ortada hansı qazanlar qaynayır.
İqtidarı tənqid etmək asandır. Çünki yeritdiyi yanlış siyasətlərlə ölkədəki problemlərin şiddətlənməsinə yol açıb. Ancaq bu iqtidarın sovetdənqalma din siyasəti ideal olmasa da, hazırkı halda qətiyyətlidir.
Bir anlıq təsəvvür edək ki, hakimiyyət radikal dini sektalara qarşı yumşaq davranır, onlara geniş fəaliyyət imkanı verir. Nəticəsi nə olacaq? Heç nə, Yaxın Şərqin qan çağlayan çeşmələrndən biri də Azərbaycan olacaq.
Bəs hakimiyyət nədən onları, tutaq ki, casusluqda yox, qurama maddələrlə zərərsizləşdirmək istəyir?
Gerçəklik budur ki, Azərbaycan iqtidarı casus qruplarını ifşa edə bilsə də, onları sənədləşdirə, mühakimə edə bilmir. Çünki bu halda məhkəmə prosesində İranın, Rusiyanın ayrı-ayrı dövlət orqanlarının, eləcə də vəzifəli şəxslərinin adı keçməlidir. Bu halda Azərbaycan hakimiyyəti qüdrətli qonşu dövlətlərin açıq-gizli təzyiqlərinə tab gətirəcək gücdə deyil.
Hazırda müdafiə olunan “Müsəman birliyi” təşkilatı, onların havadarları isə nə demokratiya, nə də haqq-ədalət davası aparmırlar, onların məqsədi Azərbaycanı başqa bir ölkənin əyalətinə, ostanına çevirmək və burada teokratik rejim qurmaqdır.
Yəni bu aydın deyilmi, burada nəsə bir sirr varmı? Hər şey açıq şəkildə ortadadır.
Bu baxımdan bir zamanlar sovet-rus tankının önündə dayanaraq ölkənin müstəqiliyini bərpa edən hərəkatçılar ölkəni yenidən müstəmləkə (bu dəfə başqa bir ölkənin) etmək istəyənlərə qahmar çıxmamalıdırlar.
Meydanda iki pis vuruşursa, daha az pis olanın tərəfini tutmaq lazımdır. Bu da mübahisə predmetidirsə, əmələ, niyyətə baxmaq gərəkdir: pislərdən biri öz rəqiblərini Kürdəxanı həbsxanasında zərərsizləşdirirsə, o biri pis qalib gəldiyi halda düşmənlərini “kafir”, “Qərb agentləri” deyə dar ağacında zərərsizləşdirəcək.
Dar ağacına salam vermək zəmanəsi deyil, kürdəxanılardan çıxıb dünyəvi dövlətdə demokratiya bərqərar etmək lazımdır.