Hazırda Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə keçirilən BMT-nin iqlim dəyişikliyi üzrə sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi anı gözləyir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Anadolu” agentliyinin məlumatına görə, Ərdoğanın ümidlərinə rəğmən onun Putinlə görüşü hələlik baş tutmayıb. Ərdoğan bildirib ki, Putin onun görüş barədə xahişinə hələ cavab verməyib.
Xatırladaq ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər noyabrın 24-də bu ölkənin hava sərhədini pozan Rusiyanın Su-24 bombardmançısının Türkiyənin F-16 qırıcısı tərəfindən vurulmasından sonra gərginləşib. Moskvadan Ankaranın ünvanına sərt bəyanatlar səslənib. İki ölkə arasındakı iqtisadi-ticari əlaqələr demək olar ki, tam kəsilib. Putin isə hətta Ərdoğanın telefon zənginə cavab verməkdən imtina edib.