Xasiyyətimdir, bir yerə gedib-gələndən sonra təəssüratlarımı, müşahidələrimi 5-6 yazıya sığışdırıram. Əslində hər səfərə dair, köhnə kişilərin sözü olmasın, bir kitab da bağlamaq olar, amma yaxşısı, məqalə yazmaqdır, 150 qramlıq səfər qeydləri kitabına maraq yoxdur.
Fəqət səfər təəssüratlarında elə məqamlar olur ki, onları hansısa ciddi yazıya salmaq olmur, gərək ayrıca yazasan. Stokholmda da elə məqamlar oldu.
Qəzetimizin keçmiş əməkdaşı Rahiblə şəhərin mərkəzində bir idman yarışına getməliydik, maşını saxlamağa yer axtarırdıq, amma sanasan, Bakının mərkəzindəydik, yer tapmırdıq, yaxın küçələri fırlana-fırlana qalmışdıq. Axırda bir küçənin lap qurtaracağında bir “Volvo”nun güclə pərçim ola biləcəyi bir yer tapdıq. Rahib avtomobilini həmin yerə soxmaq istəyəndə kənarda itiylə durmuş 35-40 yaşlı bir isveçli kişi ona nəsə dedi, belə anladım ki, “burda maşın saxlamaq olmaz” deyir. Rahib maşınından düşdü, irəli-geri baxdı. Bir də baxdım ki, həm yolun sağındakı, həm də solundakı həyətlərdə N qədər boş yer var, orda saxlamaq olar. Tapıntımı dilə gətirdim, əlimlə də boş yerləri göstərdim. İtgəzdirən kişi işarəmi anladı, yenə başını buladı və nəsə dedi, Rahib də ona “tak” deyib, mənə cavab verdi ki, o yerlər bu binada yaşayanlara məxsusdur, başqası orda maşın saxlaya bilməz, yoxsa yad maşını görən kimi dərhal polisə zəng vurub cərimələtdirərlər. “Bəs burda niyə saxlamırıq” deyə bayaq saxlamaq istədiyi yeri göstərdim. Məlum oldu ki, təxminən 20 santimetrimiz çatmır, maşının burnu lazım olan yerdən qabağa çıxır.
Xüləs, bir az da dolaşdıq, nisbətən uzaq küçələrdən birində maşınının ön şüşəsinin buzunu sıyıran bir adam görüb onun tezliklə çıxacağını təxmin etdik. Elə də oldu. İntəhası, bu zalım oğlu qırx camışı sağına gəlirmiş kimi o qədər arxayın, ləng-ləng hərəkət edirdi ki, arada maşından çıxıb “adə, bir az qıvraq ol də” deməyim gəlirdi.
Ordan qayıdıb zala çataçatda gördüm ki, bay, küçədəki maşınların cərgəsində səliqə ilə saxlanmış maşınların sonuncusunun ön şüşəsinə cərimə qəbzi yapışdırıblar. Şəklini çəkdim və Rahibdən soruşdum ki, bəs bunun günahı nədir. O, əliylə divardakı lövhəni göstərib dedi ki, bu maşın bu lövhənin tuşundan geridədir, saxlama qaydalarını pozub, ona görə cərimələnib.
Çox kədərləndim. Öz günümüzə görə. Bəs biz nə edək? Sürücülərimiz maşınlarını səkidə, yolun ortasında, başqalarının həyətində, blokun ağzında saxlayır, irad bildirəndə də adamla dalaşırlar.
Hərçənd yerində cərimələnmək məsələsi yaxşıdır. Stokholmda saxlama qaydasını pozan avtomobilləri evakuatora yükləyib aparmırlar, yerindəcə şappaşap cərimədən döşəyirlər. Biz zala girəndə fikir verdik ki, əllərində qəbz dəftərçəsi olan bir neçə parkinq işçisi bir ucdan vərləyib yaza-yaza, cərimə qəbzlərini avtomobillərə yapışdıra-yapışdıra gedirlər.
Daha bir maraqlı hadisə yolda oldu. Gedirik, görürəm, 80-lik yoldur, biz də saatda 80-lə gedirik, amma bizi ötüb keçən yoxdur. 100-lük yolda da elə oldu. Sürət həddi 50 olan dar bir yolda isə bir avtomobil önümüzdə saatda 30-la, xurma yeyirmiş kimi gedirdi. Biz də bir az tələsirdik. Deyirəm, siqnal ver, Rahib deyir, olmaz, burda belə qayda yoxdur. Deyirəm, onda işıq siqnalı ilə işarə elə, deyir, onun da faydası yoxdur, özünü ha lezvala, bildiyi kimi də sürəcək, bunlar belədir. Axıra qədər də elə getdi.
Bizdə o sürücünü saxlatdırıb döyərdilər, hətta o, məmur oğlunun qabağında elə şey eləsəydi, çənəsini qırardılar, maşınını arxadan vurub əzər, özünə düzəltdirərdilər, şüşəni endirib var-yoxuna söyərdilər, axır ki, onu elə-belə buraxmazdılar. Biz 140 ilə gedən avtomobilə arxadan çatıb “yol ver” mənasında işıq yandırıb-söndürən camaatıq, bizdə o hövsələ nə gəzir ki, düşək lafetin dalınca.
Bir də yolda işıqlı lövhə olan dirəklər gördüm. Maşının sürətindən asılı olaraq lövhədə sözlər yazılır. Qırmızı işıqla yazılan sözlərin mənası belədir ki, bir az yavaşla, bərk gəlirsən. Amma yaşıl işıqlarla “Tak” yazılır, yəni “sağ ol ki, yavaş sürürsən”.
İsveçdəki yol hərəkəti qaydaları bizdə olsa, hamımız, bütün sürücülər müflis olar. Bizdəki müvafiq durum, düşüncə İsveçdə olsa, hər il onlarda 1168 adam yol qəzasında ölər.