Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Leyla Yunusa 7 il 6 ay şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Leyla Yunusla mühakimə olunmuş həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad edilib. Arif Yunus hazırda ev dustağıdır.
Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.