Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Elvin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, Elvin Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sabunçu rayonu, Yeni Yaşayış massivində baş verib. Elvin Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Abdullayevi qətlə yetirib.
İlkin məlumata görə, qətlə yetirilən H.Abdullayev nişanlısıgilə gedibmiş. O, gələcək qayınatasından nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı E.Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bıçaqla bacısının nişanlısına ürək nahiyəsindən zərbə endirib. H.Abdullayev aldığı xəsarətdən dünyasını dəyişib.
Polisə könüllü təslim olan E.Cavadov bacısının nişanlısının tez-tez onların evinə gəldiyi üçün vurduğunu deyib.