Ayaz Mütəllibov mətbuata danışıb. İndisə hər kəs onun (s)özündən danışır. Ancaq keçmiş prezident “şimal küləyi”ndən qorunmaq, Qarabağı xilasetmə yollarından, ya vətəndaş həmrəyliyindən yox, siyasi xələfindən – Elçibəydən danışıb, həm də aşağılayaraq…
“Dünyasını dəyişən adam haqqında ya yaxşı danış, ya da heç danışma” məsəlinə də məhəl qoymadan… “Elçibəy isə primitiv millətçi idi” deyib. İddia edib ki, Elçibəy “Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin”. Hətta bu barədə arxivlərdə müraciətlərin olduğunu söyləyib.
Elçibəy hakimiyyətini bu illərdə sağına-soluna çox tənqid ediblər, səriştəsizlikdə, təcrübəsizlikdə, daha nələrdə ittiham ediblər, ancaq Kəlbəcəri verməkdə?!
Elçibəyi çox ittiham ediblər ki, o, Azərbaycanı birləşdirmək istəyirdi. Azərbaycanı bütöv görmək istəyən bir lider hansısa bir rayonun düşmən əlinə keçməsinə qol qoyardımı?! Buna baxmayaraq Bəy Kəlbəcərin işğalına görə 15 il qabaq xalqdan üzr də istədi. Ancaq səhv etmirəmsə, Mütəllibov nə 20 Yanvar, Xocalı faciələrinə görə üzrxahlıq etməyib. Hər halda hakimiyyətdə təmsil olunduğu, yaxud prezidentliyi dövründə baş verib bu hadisələr.
Əbülfəz bəyin silahdaşlarının, komandadaşlarının qəzəbi anlaşılandır. Ancaq görün, nə qədər absurd ittihamdır ki, hətta Rəsul Quliyev Amerikadan Mütəllibova etirazını bildirib, “bu ağsaqqal yaşında olan adamın Elçibəy kimi bir şəxsiyyətə belə ucuz, məntiqsiz böhtan atması bir daha onun mahiyyətini açdı”, deyib. Hansı ki, Ə.Elçibəyin R.Quliyevə münasibəti sərt olub, hətta “məni sənin pulların yıxdı” demişdi Əbülfəz bəy. Lakin əlahəzrət haqq var və kimsə ona qarşı çıxa bilməz, Rəsul Quliyev də sayğılı davranıb.
Yadımdadır, Elçibəy Bütöv Azərbaycan Birliyinin toplantısında deyirdi ki, bu mübarizə yolunda üç təhlükə var: ölüm, həbs, mühacirət. İkisini məqbul saysa da, üçüncüsünə “yox” deyirdi. Mütəllibov istefa verəndən sonra Rusiyanı seçdi. Elçibəysə qan tökülməsin deyə, Bakını tərk etsə də, öz kəndinə sığındı, xaricə getmədi. Belə bir adam torpağını sata bilməzdi…
Əslində Ayaz müəllimin Elçibəy haqqında bir xoş sözü onun özünə də hörmət gətirərdi. Bu gün ölkədə milli barışın olması üçün siyasi mədəniyyət nümunəsinə böyük ehtiyac var. Elçibəy hakimiyyəti ilə sərt münasibəti olan mərhum Heydər Əliyev vaxtilə bütün olanlara rəğmən Əbülfəz bəyin vida mərasiminə şəxsən qatılıb çox böyük insanlıq nümunəsi göstərmişdi. Gözlənilən o olardı ki, Ayaz Mütəllibov Bakıya dönəndən sonra Fəxri Xiyabanda dəfn edilmiş hər iki keçmiş prezidentin məzarını ziyarət edər və növbəti nümunəni nümayiş etdirərdi. “Mütəllibov nümunəsi” deyərdik, onda. Bu şansını qaçırdı təəssüf ki…
“Eks-prezidentlərin statusu haqqında” Qanunun qəbulu üçün ən çox çalışan, fəallıq göstərən, bu mövzunu gündəmdə saxlayanlar həm də keçmiş cəbhə hakimiyyətinin təmsilçiləri idi. Onlar uzun illər qanlı hadisələrə görə ittiham olunan, AzTV ekranından düşməyən Ayaz Mütəllibovun ölkəyə dönüşünə izn verilməsi, xüsusi statusunun olması üçün əllərindən gələni etdilər. Ancaq bunun əvəzində Mütəllibov Elçibəyə həqarət etdi.
Milli Məclisin ötən iclasında millət vəkili Fazil Mustafa demişdi ki, ölkə prezidenti İlham Əliyevin bəlkə də ən böyük addımlarından biri eks-prezidentlərin statusu haqqında qanunu imzalaması idi. Sitat: “Azərbaycanın eks-prezidenti Mütəllibova kiminsə münasibəti müsbət olmaya bilər. Amma təsəvvür edin ki, Azərbaycan prezidenti olmuş bir şəxs xaricdə dünyasını dəyişəydi, bu, Azərbaycan üçün hansı imic yaradardı?”.
Mütəllibov yəqin ki, bu fikirləri oxuyub. Ancaq keçmiş prezident Elçibəyi təhqir etməklə çoxlarını özünə qarşı çevirdi, həmçinin Fazil Mustafanı. Elçibəy iqtidarında təmsil olunmuş Fazil Mustafa bu dəfə deyib ki, Mütəllibov bir ay ərzində dediklərini sübuta yetirməsə, onun adının qarşısına “Vətən xaini” ifadəsindən başlamış digər sərt ifadələrı qədər çox sözlər əlavə edəcək. Ona bu sonluq lazım idimi? Əslində ağsaqqallıq edən, strateji mərkəzlərə məsləhətlər verən vaxtıydı, nəinki qaşınmayan yerdən qan çıxardan…
Və sonda: Hacı Əbdüllə iki il əvvəlki müsahibəmi xatırladım. Demişdi ki, Mütəllibov prezidentliyə namizəd olsa belə, onu dəstəkləməz. “Səbəbi nədir” sualına illərin Mütəllibovçusu belə cavab veermişdi: “Vaxtilə dəstəkləyib nəticəsini görmüşük…”
Görəsən, keçmiş prezident özü bilirmi ki, Hacı Əbdül ondan niyə üz döndərib?