Las-Veqasda keçirilən “Miss Universe” (“Kainat gözəli”) yarışmasının qalibi Filippini təmsil edən Pia Alonzo Vurtçbax olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecəyə aparıcı Stiv Harvinin səhvi damğa vurub. O, əvvəl kolombiyalı Ariadna Qutierrez-Arevalonu qalib elan edib. Birinciliyini bayram edən yarışmaçı tacını taxaraq izləyiciləri salamlamağa gedib. Həmin an münsiflər aparıcıya səhv etdiyini deyiblər.
Harvi ikinci dəfə mikrofonu götürərək üzr istəyib, qalibi səhv elan etdiyini deyib. O, Pia Alonzonun birinci olduğunu dedikdən sonra tac Ariadnadan alınıb. Qız pərt olaraq göz yaşlarını saxlaya bilməyib. Camaatdan aparıcıya gələn etirazları görən “One direction”ın üzvü Harri Stayls ona dəstək olaraq insanları sakitləşməyə səsləyib.