Ötən gecə Bakıda baş verən silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, hadisənin əsas iştirakçısı, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda polisdə onun qardaşının ifadəsi alınır.
M. Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakı Şəhər Prokurorluğundan sayta verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
***********
Lökbatandakı restoranda atəş açanlardan biri nazirliklərdən birinin şöbə müdirinin oğludur.
Bu barədə musavat.com-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Hələlik adı çəkilməyən məmur oğlu dostu ilə birlikdə restoranda istirahət edirmiş. Həmin vaxt restoranda başqa müştərilər ad günü mərasimi keçirirmiş. İki dostun ad günü iştirakçıları ilə mübahisəsi düşüb. Mübahisə zamanı dostlardan biri “Vinçester” markalı tüfəng, digəri isə “Makarov” markalı tapança çıxarıb və atəş açmağa başlayıblar.
Nəticədə 6 nəfər – Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev yaralanıb. Yaralıların hamısı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
*************
Bakıda atışma olub.
Musavat.com-un məlumatına görə, hadisə Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında baş verib.
Müştərilər arasında mübahisədən sonra baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, obyektə heç kim buraxılmır. Təfərrüatlar barədə məlumat verilmir.