Əski Yeşilcam filmlərinə “nayır, nolamaz” deyə lağ eləmək həm Türkiyədə, həm də bizdə çoxdan kütləvilik qazanıb, amma o filmlərin içində elələri var ki… Çox həyati filmlər… pafossuz-filansız, hadisələr həyatda necə baş veribsə, eləcə də çəkiblər.
Ən maraqlısı odur ki, o filmlərə baxanda öz ölkəmizin bu gününü görə bilirsən. Titrlərə baxırsan ki, film 25-30 il öncə çəkilib, amma sanki bu gün çəkilib.
O gün, bayram tətili günlərində elə filmlərdən birini – “Ümid dünyası”nı verirdilər. Televizorun pultunun düyməsini sıxa-sıxa kanal-kanal gəzirdim ki, birdən qulağıma “Avstraliyaya getmək” sözü dəydi. Mən də yenicə Avropaya sığınmış mühacirlərimizdən birinin müsahibəsini oxumuşdum. Əlimi saxlayıb filmə baxdım.
Baş rolda Tarik Akanın oynadığı filmin qısa məzmunu belədir: mətbəədə işləyən cavan oğlandır, yetimdir, uçuq-sökük bir evdə kirayədə yaşayır, ölkədəki iqtisadi böhrandan, kasıbçılıqdan baş götürüb Avstraliyaya getmək istəyir. Bu məqsədlə o, yolpulu yığır, uzaq Avstraliyada ayda, ildə, beş ildə qazanacağı pulları, quracağı həyatı xəyal edir. Film boyu eyzən Avstraliyaya getməkdən söz gedir, qəzetdə çıxan elanları göstərilir, Avstraliyadan bəhs edən jurnallarda o ölkədə həyatın necə olduğundan bəhs olunur. Əvvəlcə Əhmədə Avstraliya həvəsində olduğuna görə lağ edən, “ondansa Almaniyaya get” deyən iş yoldaşı, baqqal və başqaları axırda Əhmədin işinin düzəldiyini, səfər üstdə olduğunu görərkən deyirlər ki, bizi də apar.
Görürsən ki, ayağı yer tutan ölkədən qaçmaq istəyir. Axırda Avstraliyaya əmək mühaciri aparan iri okean layneri də göstərirlər, minlərlə adam, ədəbi dildə desək, öz səadətini vətəndə yox, uzaq Avstraliyada tapmağa gedir.
İndi bizim camaat o gündədir. Siyasi motivlərlə təqib-təzyiqə məruz qalanlar heç, sırf dolanışıq, xoş gün görmək xatirinə cəlayi-vətən olanlar saya-hesaba gəlmir. Bu fikirdə olanlar, amma niyyətlərini müxtəlif səbəblərdən gerçəkləşdirə bilməyənlər iki (bəlkə də beş) o qədərdir. Getməyə yeri, pulu, həvəsi olmayan, əlacı kəsilmişlər də çoxdur.
Əmək mühacirlərimizin ənənəvi sığınacaq yeri olan Rusiyanın özünü tərk edən yerli camaat Çexiya, İsveç, Norveç və Hollandiyaya, Avropanın başqa ölkələrinə axışır. Suriyalılar, iraqlılar, benqallar, əfqanlar, pakistanlılar, tunislilər, liviyalılar da bir tərəfdən Avropanı ayaqaltı ediblər. Belə getsə, yazıq Avropa cırıq-cırıq olacaq.
Tərs kimi, indi əmək mühaciri qəbul edən ölkə də yoxdur. Görünür, Avstraliyanın da qastarbayter planı dolub artıq.
Ona görə də bir çox əmək mühacirləri siyasi mühacir olmağa məcburdurlar. Guya ki, qəddar hakimiyyət bunları incidir. O da ki hər adama qismət olan şey deyil. Çünki qəddar hökumət ona qarşı olanları incidir, onunla işi olmayanlarla işi yoxdur.
O gün bir mühacir qardaş müsahibə vermişdi, deyirdi ki, onun ölkəni tərk etməsinin səbəbi odur ki, orta məktəbdə oxuyan övladının qiymətini kəsiblər. Yəni uşağa “5″ yox, ”4″ veriblər, o da məcbur olub ki, bu haqq-ədalətsiz ölkəni tərk etsin. İndi Fransada yaşayır, Allah tərəfi, uşaq da artıq dərslərindən “5″ alır. Süpürgə pulu, fond pulu da yox, kefdir.
Əvvəllər yaxşıydı, dünya ümid dünyasıydı, indi ümidsizlik dünyanı bürüyüb. Bu gündən sabaha ümid yoxdur. İnsan oğlu zülmdən, kasıblıqdan baş götürüb qaçır, amma pənah apara biləcəkləri yerlər də gündən-günə azalır, daralır. Görün, iş nə yerdədir ki, az qala ölkə əhalisinin yarısının köçüb getmək istədiyi ölkəmizə də pənah gətirənlər var, onlar bilirlər ki, burda yel əsib, qoz tökülməyib, sadəcə, yazıqların əlacı yoxdur, öz ölkələrində eləcə səmum yeli var, musson yağışı var, despot var, amma qoz-filan yoxdur.
“Ümid dünyası” filmində isə Əhməd özü kimi yetim sevgilisini qoyub gedə bilmir, Avstraliyaya yola düşən laynerdən enir, səfəri təxirə salır. Kim bilir, o, sonralar bu hərəkətindən nə qədər peşman olub. Axı bizim kimi, qardaş Türkiyə də yetim saxlayan ölkə deyil.